Məhkəmə Elvin Kərimova 8 günlük həbs cəzası verib

Tbilisi Şəhər Məhkəməsi Elvin Kərimova 8 günlük inzibati həbs cəzası verib.


O, 3-4 dekabr gecəsi Tbilisidə keçirilən etiraz aksiyası zamanı zorakı şəkildə saxlanılıb və döyülüb.

Elvin Kərimovun vəkili Ayhan Həsənlinin sözlərinə görə, məhkəmə prosesi ədalətsiz keçib:

"Bu prosesdə biz anlamadıq ki, hakim digər tərəfin vəkili idi, yoxsa neçə tərəf var idi. Şahidlərə sual vermək
üçün hər birimizə cəmi 5 dəqiqə vaxt ayrıldı. 5 dəqiqədə iki sual belə verib çatdıra bilmirdik. Elvinin saxlanılması ilə tərtib olunan protokol arasında təxminən 3 saatlıq fərq var idi. Lakin bu 3 saat ərzində Elvinin harada olduğunu və nə etdiyini açıqlaya bilmədilər. Niyə məhz 3 saatdan sonra protokol hazırlandı? Heç bir suala cavabları yox idi. Təkcə polislər onu deyirdi ki, Elvin aqressiv və hər hansı qrupla bir yerdə idi",
-
Ayhan Həsənli. 

Vəkilin sözlərinə görə, Elvin Kərimov təxminən 10 xüsusi təyinatlı tərəfindən döyülüb, mobil telefonu və avtomobilinin açarları əlindən alınıb. Saxlanılma zamanı xüsusi təyinatlılar ona bildiriblər ki, hüquqlarını Azərbaycan prezidenti İlham Əliyevdən tələb etsin.

Artıq 8 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantika kursunu dəyişməsi ilə əlaqədar bütün Gürcüstanda etiraz aksiyaları keçirilir.

Rustavelidə Parlament binası qarşısında təhlükəsizlik qüvvələrinin nümayəndələri aksiya iştirakçılarını vəhşicəsinə dağıdıblar. Yayılan görüntülərdə bir qrup təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarını necə döydüyü görünür. Etirazçıların daha çox üzünə zərbələr endirilir, onlar həbs olunarkən fiziki və şifahi təhqirlərə məruz qaldıqlarını iddia edirlər. Hazırda yüzlərlə vətəndaş silahlı qüvvələr tərəfindən həbs edilib və xəsarət alıb. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının nümayəndələri jurnalistlərə də hücum edirlər.Aksiyanı işıqlandıran onlarla jurnalist xəsarət alıb.



 

Print Email
FaceBook Twitter Google