Avropayönlü mitinqlərdə iştirak edən vətəndaşlar Facebook sosial
şəbəkəsində yazır ki, naməlum şəxslər mobil telefonları ilə onlara
zəng edib hədələyirlər.
Son 11 gün ərzində və ondan əvvəl Tbilisidə aksiyaların təşkilində
iştirak edən ən fəal qruplardan biri olan “Saxla”nın
təsisçilərindən biri İlia Qlonti yazır ki, ona telefon nömrəsinə
təhdidlər barədə zəng gəlib.
"Mənim SİM kartım həyat yoldaşımın telefonundadır və
indi məlum olur ki, ona zəng edib, evə mənim sümüklərimi
gətirəcəklərini deyiblər", - Qlonti yazıb.
Aksiyaların fəal iştirakçılarından biri, “Dəyişiklik
Koalisiyası”nın üzvü Vano Qomuraşvili söyüşlə və döyülməklə
hədələnib.
“Zəng edib soruşdular ki, hardasan, oğlan? Sonra məni
təhqir etməyə başladılar və dedilər ki, məni mütləq tapıb
döyəcəklər. İkinci nömrədən də mənə zəng etdilər. Oradan da
təhqiramiz sözlər gəldi”, - Vano Qomuraşvili
AzadlıqRadiosuna bildirib.
Xarici telefon nömrələri “Mtavari”nin jurnalisti Eka Kvesitadzenin
telefonuna da zəng edib. O, naməlum şəxslərin telefonlarına cavab
verməyib.
Bu, naməlum şəxslərin Avropayönlü mitinq iştirakçılarına zəng
edərək hədələmələri birinci dəfə deyil. Bu, 2024-cü ilin mayında da
minlərlə insanın küçədə “Agentlər haqqında qanun”un qəbuluna etiraz
etdiyi zaman baş vermişdi.
Daha sonra Fərdi Məlumatların Mühafizəsi Xidməti işi araşdırmağa
başlayıb və araşdırılması üçün prokurorluğa göndərilib.
Prokurorluğun nə tapdığı hələ məlum deyil.
O zaman müxalifət və vətəndaş sektoru bu təhdidlərə görə iqtidarı
günahlandırırdı, çünki onlar hesab edirdilər ki, dövlət
qurumlarında saxlanılan şəxsi məlumatlar olmasaydı, şəxsi
məlumatlar başqa şəxslərin istifadəsinə verilə bilməzdi.