Marneuli və Qızılhacılıda yeni su təchizatı şəbəkəsi sınaqdan keçiriləcəyinə görə, suyun istifadəsindən çəkinin - ƏHALİNİN NƏZƏRİNƏ
25 yanvarda Marneuli şəhərində və Qızılhacılı kəndində içməli su təchizatının yeni şəbəkəsi sınaqdan keçiriləcək. Bu barədə yerli özünüidarəetmə məlumat yayıb və əhalini 24 saat ərzində suyu içmək üçün istifadə etməməyə çağırıb.

“25 yanvarda, Marneuli şəhərində və Qızılhacılı kəndində, içməli su infrastruktur layihəsi çərçivəsində, yeni şəbəkənin sınağı və suyun buraxılması həyata keçiriləcək. Suyun keyfiyyətinin sabitləşdirilməsi və təhlükəsizlik
standartlarının tam təmin olunması üçün xahiş edirik 25 yanvar səhər saat 11:00-dan etibarən 24 saat ərzində içməli su istifadəsindən çəkinəsiniz,”
– Marneuli meriyasının məlumatında bildirilir.

Qeyd edək ki, Marneulidə su təchizatı sisteminin dəyişdirilməsi ilə bağlı müzakirələr hələ 2018-ci ildə başlayıb. Dörd il əvvəl Marneuli bələdiyyəsinin təxminən 35,200 sakininə içməli suyun 24 saat ərzində fasiləsiz təmin olunacağı vəd edilmişdi. Layihənin icrasına Marneuli şəhərində və kəndlərdə 2019-cu ildə start verilib. Bu müddətdə yollar qazılıb, borular çəkilib, infrastruktur zədələnib, amortizasiya olunmuş yollar səbəbindən ictimai nəqliyyat və yerli sakinlərin avtomobilləri sıradan çıxıb.

Layihəni “Akelik Group” şirkəti 2021-ci ilin mart ayına qədər başa çatdırmalı idi, lakin şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Bu səbəbdən, dəyəri 55,940,022 dollar olan layihə dayandırılıb. “Akelik Group” əməkhaqqı borcunu da ödəyə bilməyib, buna görə şirkətə qarşı məhkəmə prosesləri başlanılıb və nəticədə şirkət 9 işçiyə əməkhaqqı borcunu ödəməyə məcbur edilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google