Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Mərkəzi
Kriminal Polis Departamentinin əməkdaşları Banqkokda İnterpoldan
daxil olmuş məktub əsasında insan alveri maddəsi ilə (Cinayət
Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi) araşdırmalara
başlayıblar.
Söhbət Tayland mətbuatında yayılan, Gürcüstanda insan alveri
sxeminin fəaliyyət göstərdiyi məlumatlardan gedir - qurbanlar
qanuni surroqat analıq vədi ilə ölkəyə gətirilir və hər ay zorla
onlardan yumurta hüceyrəsi
əldə olunmasına cəlb edilirdilər.
Xarici KİV-in məlumatına görə, Pavena Uşaq və Qadın Fondu keçirdiyi
mətbuat konfransında 100-ə yaxın Taylandlı qadının öz iradəsi
əleyhinə bu sxemə cəlb edildiyini bildirib.
Mediada Tayland Kral Polisinin Xarici Əlaqələr Şöbəsinin
müdaxiləsindən sonra 3 qadının Taylanda qayıtdığı bildirilir.
“İstintaq başlayan kimi hüquq-mühafizə orqanlarının
əməkdaşları tərəfindən bütün zəruri istintaq hərəkətləri, o
cümlədən məhkəmə-tibbi ekspertizalar təyin edilməsi və müxtəlif
yerlərdə axtarışlar aparılıb. 70-ə yaxın əcnəbi vətəndaşla sorğu
keçirilib, lakin onlardan 3 Tailand qadınından başqa heç birinin
şikayəti olmayıb. Müsahibə edilən 3 Taylandlı qadın izah etdi ki,
onlar artıq surroqat olmaq və yaşadıqları ünvanda qalmaq
istəmirlər. Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları hər
üç qadını insan alveri qurbanlarının sığınacağına təhvil veriblər
və müvafiq hüquqi prosedurlar başa çatdıqdan sonra onlar ölkəni
tərk ediblər", - DİN-in məlumatında deyilir.
Agentliyin məlumatına görə, polis həmçinin surroqat analıq
məqsədilə Gürcüstana Tailand vətəndaşlarını gətirmiş 4 xarici
vətəndaşı dindirib və onların mobil telefonlarını sübut kimi
götürüb və onlardan məlumat tələb olunub.
Qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir.