Kremlin mətbuat katibi Dmitri Peskov fevralın 7-də keçridiyi
brifinqdə Aktau
yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı açıqlama
verib.
O, Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı danışmağı
planlaşdırmadığını bildirib.
25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus
sərnişin təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən
Qazaxıstanın Aktau hava limanı yaxınlığında məcburi eniş edərkən
qəzaya uğrayıb. Qəza nəticəsində
38 nəfər həlak olub, 29 nəfər
yaralanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin “Azərbaycan Hava Yolları” QSC-nin
“Embraer-190” təyyarəsinin qəzasının təhqiqatı ilə bağlı ilkin
hesabatında deyilir ki, 2024-cü il dekabrın 25-də Rusiyanın Qroznı
aerodromuna iki uğursuz eniş cəhdindən sonra ekipaj Bakıya qayıtmaq
qərarına gəlib.
“Sonra, qara qutudan alınan qeydlərə əsasən, səs bumu qeydə
alınıb. Avtopilotun və avtomatik tənzimləyicinin söndürülməsi üçün
səsli siqnal işə salınıb. Geri qayıtma prosesi zamanı təyyarənin
ilkin idarəetmə sistemləri itirilib. 3-cü hidravlik sistemdə təzyiq
0-a düşüb. 3-cü hidravlik sistemdə mayenin səviyyəsi 0%-ə düşüb.
İdarəetmə səthləri sıfır vəziyyətində sabitlənib və uçuşun sonuna
qədər bu vəziyyətdə qalıb. Təyyarə meydançasının trim sisteminin
nasazlığı qeydə alınıb”.
Hesabatda bildirilir ki, komissiya təyyarənin konstruksiyalarına
dəyən zərərin ətraflı ekspertizasını davam etdirir.
"Sağ qalan fraqmentlərə ilkin baxış zamanı gövdənin quyruq
hissəsində, şaquli stabilizatorda və stabilizatorda, liftdə və
sükanda müxtəlif ölçülü və formalı çoxlu və açıq olmayan zədələr
aşkar edilib. Analoji zədələr təyyarənin sol mühərrikində və sol
qanadında da aşkar edilib", sənəddə qeyd edilir.
Bununla yanaşı “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı
Agentliyinin məlumatında deyilir ki, “Azərbaycan Hava Yolları”
QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin iştirakı ilə baş vermiş
aviasiya qəzasının təhqiqatına dair Qazaxıstan Nəqliyyat Nazirliyi
tərəfindən dərc edilmiş ilkin hesabat ilkin xarakter daşıyır və
insidentin səbəbləri ilə bağlı heç bir nəticəni ehtiva
etmir”.
Agentlik bildirir ki, komissiyanın işi davam etdiriləcək və baş
verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq.
“Rosaviasiya” eyni zamanda təyyarənin “xarici təsirlər nəticəsində
zədələnməsini” təsdiq edib.
“Lakin hesabatda Qazaxıstan tərəfinin təyyarədə olan yad obyektləri
müəyyən etdiyi əks olunmur, halbuki Rusiyanın indiyədək belə bir
imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib.
Əvvəllər Aktau aerodromunu müstəqil seçərək alternativ eniş
aerodromunu seçən ekipaj olduğu barədə məlumat yayılmışdı. Rusiya
dispetçerləri tərəfindən təklif edilən alternativ hava limanları
Mahaçqala və Mineralnıye Vodı, bu aerodromların təyyarələri qəbul
etməyə texniki hazırlığına baxmayaraq ekipaj istifadə etməyib”,
açqılamada qeyd edilir.
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə AZAL-a
məxsus sərnişin hava gəmisinin uçuşa başladıqda və Qroznıya qədər
olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olduğunu
bildirir.
“Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa
yararlılıqla əlaqədar məlumatlar FDR (Flight Data Recorder - uçuş
məlumatları qeydiyyatçısı) vasitəsilə öz təsdiqini tapıb. Hava
gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı
texniki problem olmadan çalışıb”.
Nazirlik bildirir ki, hava gəmisi Rusiya hava məkanında, o cümlədən
Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən
GPS siqnallarının itməsi halı ilə üzləşib.
“Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı
üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan
Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul edilməsindən
sonra Qroznı üzərində CVR-də (Cockpit Voice Recorder-kabina
diktofonu) 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı
qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması
nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra
3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21
saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə
sıradan çıxıb”, məlumatda qeyd edilir.
Məlumatda deyilir ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib
keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə
video qeydiyyata alınıb.
“Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində,
xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol
qanadda və sol mühərrikdə aşkar olunub. Hava gəmisinin füzelyajında
aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində
formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava
gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində
məlumat təqdim edilməyib”.
Daha sonra 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri
itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı
barədə Qroznıya məlumat verir.
“Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı
bir məlumat qeyd olunmayıb”, nazirlik qeyd edir.
Xatırladaq ki, Azərbaycan mediası, həmçinin Euronews və Reuters
Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə
səbəb olması barədə materiallar dərc edib.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin
Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak
olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə
sağalmasını arzulayıb.
Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya
ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi
kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq
itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə
idarəolunmaz hala salınıb.
Bundan başqa, Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr
istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya
verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də,
digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ
rəsmi açıqlama yoxdur.
Müstəqil ekspertlərin dediyinə görə, Azərbaycan sərnişin
təyyarəsinin Rusiya ərazisində bu ölkənin hərbi qüvvələrinə məxusus
raket qurğusundan vurulması barədə məlumatları rəsmi Moskva etiraf
etmək istəmir.
Bütün bu səbəblərdən hazırda Azərbaycan və Rusiya arasında
diplomatik gərginlik davam edir. Hər iki ölkənin səfirləri Xarici
İşlər Nazirliyinə dəvət edilib. Bu ölkələrin hökumətlərinə yaxın
medialarda bir-birinə qarşı tənqidlər yer alan məqalələr dərc
edilir. Azərbaycan mediasında qeyd edilir, sərnişin təyyarəsinin
Rusiya ərazisində bu ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri
tərəfindən vurulması etiraf edilməsə beynəlxalq məhkəməyə müraciət
ediləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415