Azərbaycan Ermənistandan təzminat tələb edir
Fevralın 12-də Azərbaycan Haaqadakı Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Konvensiya (Bern Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına görə, "Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə, dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti
və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib".


XİN bildirir ki, 2023-cü il yanvarın 18-də Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana bildiriş göndərib: "15 sentyabr 2023-cü il tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək 12 aprel 2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib".

Açıqlamaya görə, Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhvinə görə bu ölkədən tam təzminat tələb edir.

Hələlik, iddiaya Ermənistan tərəfinin münasibəti açıqlanmır.

Son illər iki ölkə arasında həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə ayrılıqda və həm də birbaşa danışıqlar aparılsa da, sülh sazişi imzalanmayıb. Əsas mübahisəli bir neçə məsələnin razılaşdırılmadığı, onlardan da birinin bir-birlərinə qarşı beynəlxalq səviyyədə iddiaların qaldırılmaması olduğu bildirilir.

Xatırlatma
Ötən əsrin 80-ci illərində yenidən alovlanan Qarabağ münaqişəsi sonradan Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 16 illik atəşkəsdən sonra, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Azərbaycanla Ermənistan arasında hazırda sülh danışıqları davam edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google