Avropa Parlamentinin Qətnaməsi: Biz “Gürcü Arzusu” hökumətini tanımırıq, Zurabişvili qanuni prezidentdir
Avropa Parlamenti Bidzina İvanişvilinin hökumətini de-fakto və özünü elan edən, onu tanımayan, Salome Zurabişvilini legitim prezident hesab edən qətnamə qəbul edib.

Bundan əlavə, qətnamə İvanişvili rejimini siyasi məhbusları azad etməyə, etiraz aksiyaları zamanı zorakılıq hallarını araşdırmağa və yeni seçkilər təyin etməyə çağırır.

Qətnamədə həmçinin Avropa İttifaqı və onun üzv dövlətləri Bidzina İvanişviliyə və onun ətrafına, habelə Gürcüstanda demokratik geri çəkilmələrə görə məsuliyyət daşıyanlara, həm hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həm də hakimlərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Səsverməyə çıxarılan mətn Yaşıllar/Avropa Azad Alyansı (Verts/ALE), Avropa Xalq Partiyası (EPP), Sosialistlər və Demokratların Mütərəqqi Alyansı (S&D), Yeni Avropa və Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) tərəfindən irəli sürülən qətnamələrə əsaslanırdı.

Birgə mətndə ifrat sağçı Suveren Millətlər Avropası (ESN) qətnaməsinin bölmələri yer almayıb. Parlament üzvlərinin əksəriyyəti öz nümayəndəsi Hans Neuhoffun düzəlişlərini də dəstəkləməyib. Həm ESN qətnaməsinin mətnində, həm də onlara edilən düzəlişlərdə “Gürcü arzusu”nu dəstəkləyən mesajlar var idi. ENS Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının rəhbərliyi altında yaradılıb. Hans Neuhoff özü AfD-nin üzvüdür.

Qəbul edilmiş qətnamə mətnində vurğulanır ki, 26 oktyabr 2024-cü il seçkilərindən sonra
Gürcüstanda demokratik tənəzzül “kəskin sürətlənib”. Həmçinin qeyd olunur ki, Parlament seçkiləri beynəlxalq demokratik standartlara cavab vermədi və Gürcüstanın ATƏT qarşısında öhdəlikləri yerinə yetirilmədi, “demokratik norma və ədalətli seçki standartları” pozuldu, “nəticədə “Parlament” və müvafiq olaraq “Prezident” hər hansı demokratik legitimlikdən məhrum edildi”.

Qətnamədə Bidzina İvanişvilinin parlamentini “de-fakto parlament” adlandırılır. Həmçinin qeyd olunur ki, İrakli Kobaxidzenin 2024-cü il noyabrın 28-də Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər təxirə salmaq barədə açıqlaması ölkənin Avro-Atlantik istəklərini alt-üst edib.

Mətndə noyabrın 28-dən polisin etiraz iştirakçılarına qarşı qeyri-insani rəftarından, jurnalistlərə qarşı zorakılıqdan bəhs edilir. Polisin heç bir şəxsiyyət nişanının olmadığı vurğulanır. 2025-ci il yanvarın 14-də “Gürcü arzusu”nun nümayəndələrinin müxalifət lideri Qiorqi Qaxaria və jurnalist Zviad Koridzeyə hücumu hadisəsi də müzakirə olunur. Yanvarın 14-də müxalifət xadimləri Nika Melia və Qiqi Uqulavanın saxlanması faktları ilə yanaşı, yanvarın 12-də Elene Xoştarianın Batumidə saxlanması faktı da qeyd edilir.
Nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi ilə yanaşı, “özünü təyin edən hakimiyyət orqanlarının yeni qəddar qanunlar tətbiq etdiyi” vurğulanır.
  1. "Gürcü Arzusu"nun "hakimiyyətini" pisləyir və onlara dinc nümayişçilərə, siyasi rəqiblərə və media nümayəndələrinə qarşı zorakı repressiyalara dərhal son qoymağa çağırır; vurğulayır ki, Gürcüstanın özünü təyin edən hakimiyyəti hazırda fundamental azadlıqları, əsas insan hüquqlarını və ölkənin beynəlxalq öhdəliklərini pozur, nəticədə isə siyasi sinifin və vətəndaş cəmiyyətinin onilliklər ərzində həyata keçirdiyi demokratik islahatların əsaslarını sarsıdır; Gürcüstanı Gürcü Arzusunun qeyri-legitim rejimi tərəfindən ələ keçirilmiş ölkə hesab edir;
  2. Gürcü Arzunun hakimiyyətə gəlişindən sonra ölkənin Avropa İttifaqına inteqrasiyadan və NATO-ya üzvlük yolundan yayındığını dərin narahatlıqla qeyd edir; bildirir ki, hazırkı demokratik geriləmə və anti-demokratik qanunların qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesini faktiki olaraq dayandırıb;
  3. Gürcü xalqının legitim Avropa arzularını və onların firavan, demokratik ölkədə yaşamaq istəyini qətiyyətlə dəstəklədiyini bir daha bəyan edir;
  4. 2024-cü ilin saxtalaşdırılmış seçkilərindən sonra hakimiyyətə gəlmiş Gürcü Arzusunun özünü təyin edən hökumətini tanımır; bu seçkilərin nə azad, nə də ədalətli keçdiyini, demokratik normaların və standartların pozulduğunu və Gürcü xalqının iradəsini əks etdirmədiyini vurğulayır;
  5. Seçki saxtakarlığının miqyasının seçki prosesinin bütövlüyünü pozduğunu, nəticələrin legitimliyini şübhə altına aldığını və istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə yeni hakimiyyətə ictimai inamı sarsıtdığını qeyd edir;
  6. Beynəlxalq birlik üçün çağırışlar:
  7. Avropa İttifaqına, onun üzv ölkələrinə, milli parlamentlərə və parlamentlərarası institutlara çağırış edir ki, Gürcü Arzusunun təkpartiyalı parlamentini və onların təyin etdiyi prezidentin legitimliyini tanımasınlar;
  8. Beynəlxalq ictimaiyyəti Gürcüstanın özünü təyin edən hakimiyyətinə qarşı boykota qoşulmağa çağırır;
  9. Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və Gürcü xalqının təmsilçisi kimi tanımağa davam edir; onun ölkəni sülh yolu ilə demokratik və Avropa yoluna qaytarmaq üçün göstərdiyi səyləri qiymətləndirir;
  10. Avropa Şurasının prezidentinə çağırış edir ki, Salome Zurabişvilini Avropa Şurasının növbəti iclasına və Avropa Siyasi Cəmiyyətinin sammitinə Gürcüstanın təmsilçisi kimi dəvət etsin;
  11. Gürcüstandakı hazırkı siyasi-konstitusiya böhranının yeganə həll yolunun yeni parlament seçkiləri olduğunu vurğulayır; növbəti bir neçə ay ərzində müstəqil və qərəzsiz seçki administrasiyasının nəzarəti altında, beynəlxalq müşahidəçilərin iştirakı ilə azad, ədalətli və şəffaf yeni seçkilərin keçirilməsini tələb edir;
  12. Avropa İttifaqının üzv ölkələrini və yüksək vəzifəli rəsmilərini çağırır ki, yeni seçkilərin təyin edilməsini qəti şəkildə tələb etsinlər və istənilən gələcək əməkdaşlığı yalnız yeni parlament seçkilərinin tarixinin təyin edilməsi və onun azad və ədalətli keçirilməsini təmin edəcək mexanizmlərin yaradılması ilə şərtləndirsinlər;
  13. Bidzina İvanişvili, onun ailə üzvləri və şirkətlərinə qarşı dərhal və məqsədyönlü fərdi sanksiyalar tətbiq edilməsini və onun Avropa İttifaqındakı bütün aktivlərinin dondurulmasını tələb edir, çünki o, Gürcüstandakı siyasi proseslərin pisləşməsinə, demokratik geriləməyə və ölkənin Avro-Atlantik inteqrasiyasına qarşı hərəkətlərə görə məsuliyyət daşıyır;
  14. Fransa hökumətini Bidzina İvanişvilidən Fəxri Legion Ordeninin geri alınmasına və ona fərdi sanksiyalar tətbiq edilməsinə çağırır;
  15. Estoniya, Latviya, Litva və Çexiyanın artıq qəbul etdiyi ikitərəfli sanksiyaları, eləcə də ABŞ və Böyük Britaniya tərəfindən tətbiq olunan sanksiyaları alqışlayır;
  16. Demokratik geriləməyə, seçki saxtakarlığına, insan haqlarının pozulmasına və siyasi aktivistlərin təqibinə görə Gürcüstan rəsmilərinə və siyasi liderlərinə qarşı fərdi sanksiyalar tətbiq edilməsini tələb edir, bunların arasında İrakli Kobaxidze, Şalva Papuaşvili, Vaxdanq Qomelauri, Tbilisinin meri və Gürcü Arzusunun baş katibi Kaxa Kaladze və partiyanın sədri İrakli Qaribaşvili də var;
  17. Gürcüstan Konstitusiya Məhkəməsinin siyasi motivlərlə qərarlar qəbul edən hakimlərinə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə və rejimə açıq və ya gizli dəstək verən media sahiblərinə qarşı da sanksiyalar tətbiq edilməsini tələb edir;
  18. Bidzina İvanişvilinin köməkçilər şəbəkəsinə, elita çevrəsinə, korrupsiyalaşmış maliyyə operatorlarına, təbliğatçılara və repressiv dövlət aparatını dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq edilməsini tələb edir, o cümlədən Ekaterine Xvedelidze, Uta İvanişvili, Beruka İvanişvili, Qvança İvanişvili, Uça Mamatsaşvili, Natia Turnava və digərlərinə;
  19. Avropa İttifaqına Gürcüstana münasibətdə həyata keçirilən siyasətin tam nəzərdən keçirilməsinə çağırır, çünki hazırkı demokratik geriləmə mövcud siyasətin yenilənməsini zəruri edir;
  20. Avropa Komissiyasını və Avropa Şurasını Gürcüstanın viza rejiminin dayandırılmasını nəzərdən keçirməyə çağırır, əgər müəyyən edilsə ki, ölkədə demokratik idarəçilik və azadlıqlara dair Avropa standartları pozulur;
  21. Gürcüstan hökumətinə qarşı sərt iqtisadi və maliyyə məhdudiyyətlərinin tətbiqini tələb edir, o cümlədən hökumətə verilən bütün Avropa fondlarının dayandırılmasını və gələcək investisiya layihələrinin dondurulmasını;
  22. Beynəlxalq ictimaiyyəti Gürcüstandakı insan haqları pozuntularına və müstəqil jurnalistlərin həbslərinə qarşı açıq mövqe tutmağa çağırır;
  23. Gürcü Arzusunun parlamentdə 49 müxalifət deputatının mandatlarını ləğv etməsini pisləyir və bunu ölkədə siyasi plüralizmə qarşı açıq hücum kimi qiymətləndirir;
  24. Gürcüstanda avtoritar idarəçiliyin möhkəmləndiyini və ölkənin Belarus modeli üzrə hərəkət edə biləcəyini vurğulayır;
  25. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin humanitar əsaslarla dərhal azad edilməsini tələb edir və vurğulayır ki, onun həyatı və sağlamlığı üçün tam məsuliyyət hazırkı rejimin üzərindədir.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google