Fevralın 12-də Azərbaycan Haaqadakı Daimi Arbitraj Məhkəməsinin
mənzil-qərargahında
1979-cu il tarixli
"Avropanın canlı təbiətinin və təbii
mühitinin qorunması haqqında" Konvensiya (Bern
Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia
sənədini təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına görə,
"Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın
ətraf mühiti məhv etməsinə, dünyanın ən zəngin biomüxtəliflik
ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə
dair dəhşətli sübutlar aşkar edib".
XİN bildirir ki, 2023-cü il yanvarın 18-də Azərbaycan sözügedən
dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün
Ermənistana bildiriş göndərib:
"15 sentyabr 2023-cü il
tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək 12 aprel
2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan
arasında ilk prosedur iclası keçirilib".
Açıqlamaya görə, Azərbaycan Ermənistan tərəfindən yaşayış
yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhvinə görə bu
ölkədən tam təzminat tələb edir.
Hələlik, iddiaya Ermənistan tərəfinin münasibəti açıqlanmır.
Son illər iki ölkə arasında həm Avropa İttifaqının, həm Rusiyanın
vasitəçiliyi ilə ayrılıqda və həm də birbaşa danışıqlar aparılsa
da, sülh sazişi imzalanmayıb. Əsas mübahisəli bir neçə məsələnin
razılaşdırılmadığı, onlardan da birinin bir-birlərinə qarşı
beynəlxalq səviyyədə iddiaların qaldırılmaması olduğu
bildirilir.
Bəs Azərbaycanın bu iddiası iki ölkə arasında sülh danışıqlarına
necə təsir edəcək?
"Sülh danışıqlarına
birbaşa dəxili yoxdur"
Politoloq Rauf Mirqədirov bunun ciddi təsir daşıdığını düşünmür.
"Ümumiyyətlə, təzminatların tələbi ilə bağlı bunu çox
normal proses hesab edirəm. Amma onların hazırlanmasının, təqdim
olunmasının sülh danışıqlarına birbaşa dəxili yoxdur. Sülh
danışıqlarında onsuzda təzminatlar məsələsi müzakirə
olunur", - o, AzadlıqRadiosuna bildirib.
Bununla belə, R.Mirqədirov düşünür ki, dövlət səviyyəsində bu cür
iddiaların sülh çərçivəsində həlli mümkündür:
"Ya
tərəflər deyirlər ki, "qoy bunu beynəlxalq məhkəmələr
müəyyənləşdirsin", ya da deyirlər ki, "biz qarşılıqlı iddialardan
imtina edirik". Amma biz hazır olmalıyıq və bu sahədə də
işləməliyik".
O hesab edir ki, konkret Qarabağın dağlıq hissəsində yaşamış
ermənilər Azərbaycan hökumətinə qarşı təzminatla bağlı iddia irəli
sürə bilər.
Eyni zamanda, politoloq Qarabağdan köçkün düşmüş azərbaycanlılarla
bağlı problemlərə diqqət çəkir:
"Ermənistan tərəfi
çalışacaq ki, bu təzminatları ödəməkdən imtina etsin. O əsasla ki,
"biz cavabdeh deyildik" və s. Hər şeyi dünya tərəfindən tanınmamış
və indi mövcud olmayan bir separatçı rejimin üstünə atacaqlar. Bu
cəhdlər həmişə olub Ermənistan tərəfindən, bunun hüquqi bazası
hazırlanmalıdır".
"Bu məsələnin sülh
danışıqlarının elementinə çevrilməsi
qeyri-realdır"
Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc da
düşünür ki, müharibələrin tarixində belə nümunələr yüzlərlədir:
"Bütün bunlar bizim ixtiramız və uydurmamız deyil.
Beynəlxalq hüquq tələb edir ki, ilk növbədə bunun
qiymətləndirilməsi aparılsın".
Deputatın deməsinə görə, Azərbaycan son beş ildə bu yöndə çox ciddi
işlər aparıb:
"Bunun təminatı yönündə atılacaq addımlar
qarşıdakı dövrdə sistemli olacaq. Yalnız bir iddianın qaldırılması
ilə iş bitmir".
Deputat hesab edir ki, şübhəsiz, Ermənistan beynəlxalq məhkəmələrdə
qarşılıqlı iddiaların ortadan qalxmasına çalışacaq:
"Bunlar yaxşı başa düşürlər ki, hər halda, biz
Ermənistan ərazisinə gedib orada yüz milyardlarla dolar dəyərində
ziyanlar vurmamışıq ki, qarşılıqlı iddiaların ölçüsü adekvat olsun.
Yoxdur burada belə hal".
Z.Orucun fikrincə, təzminat məsələlərinin sülh danışıqlarının bir
elementinə çevrilməsi qeyri-realdır:
"Bu iddia dövlətin
üzərinə qoyulur və onun ödənmə mexanizmləri də müxtəlif formalarda
ola bilər... Amma bunu sülh prosesi ilə bu və ya digər formada
əlaqələndirməklə sanki bizə sülhü keçmiş tarixi cinayətlərini
silmək üçün satmış olurlar. Bu, çox bahalı layihə
olardı".
"Vaxtın uzadılmasını tələb
edə bilərdi"
"Azərbaycan hüquqi mübahisələri sülh prosesinə maneə
kimi göstərir". Bunu isə beynəlxalq hüquq üzrə
mütəxəssis, vəkil, Ermənistanda saxlanılan şəxslərin maraqlarını
Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən Siranuş Sahakyan
deyib.
O düşünür ki, siyasi proseslər məhkəmələrdə vaxtın uzadılması üçün
ən yaxşı əsas deyil.
"Nəzəri cəhətdən Azərbaycan
tribunala müraciət edərək bəzi əsaslar göstərib vaxtın uzadılmasını
tələb edə bilərdi...".
Onun qənaətinə görə, belə hallarda Azərbaycan qeyri-proporsional
yük daşıyardı:
"Digər bir ehtimal isə budur ki,
Azərbaycan əsas iddiasını müəyyən olunmuş vaxt çərçivəsində təqdim
etməyəcək. Bu, daha çox siyasi ritorika ilə uyğun gələrdi, çünki
Azərbaycan mübahisələrin hüquqi platformalar xaricində həll
olunmasını istədiyini bildirərək təzyiq
göstərib".
O, Azərbaycanın siyasəti ilə bağlı təxminlərini belə dilə gətirir:
"Bir tərəfdən, Azərbaycan Ermənistanı hüquqi iddialar
irəli sürməkdə günahlandırır, hüquqi mübahisələri sülh prosesinə
maneə kimi göstərir. Digər tərəfdən, Ermənistana qarşı öz hüquqi
hərəkətlərini davam edir".
Xatırlatma
Ötən əsrin 80-ci illərində yenidən alovlanan Qarabağ münaqişəsi
sonradan Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara
səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal
edilib. 16 illik atəşkəsdən sonra, 2020-ci ildə 44 günlük müharibə
nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə
nəzarətini bərpa edib.
2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror
tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi
dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının
şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan
Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox
liderləri saxlanaraq Bakıya gətirilib.
Azərbaycanla Ermənistan arasında hazırda sülh danışıqları davam
edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415