HƏMAS (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi
tanınır) İsraillə atəşkəs razılaşmasına sadiq qaldığını
və girov mübadiləsini həyata keçirməyə davam edəcəyini
bildirib.
HƏMAS daha əvvəl İsrailin atəşkəs razılaşmasını pozduğunu iddia
edərək Qəzzada olan israilli girovların azad olunmasını
qeyri-müəyyən zamana təxirə salacağını bildirmişdi
Təşkilat fevralın 13-də yaydığı bəyanatında bildirib ki,
razılaşmanın pozulmasını istəmir, lakin İsrailin baş naziri
Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın onlara qarşı
"təhlükə və hədə" dilini rədd edir.
"HƏMAS razılaşmanın imzalandığı şəkildə, o cümlədən
girov mübadiləsinin müəyyən edilmiş vaxt cədvəlinə uyğun olaraq
həyata keçirilməsinə dair öhdəliyini bir daha
təsdiqləyir", - bəyanatda vurğulanır.
Bu gün, fevralın 13-də Qəzza zolağına gedən İsrail Baş
Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Ronen Bar isə deyib ki,
HƏMAS ilə girov mübadiləsi iflasa uğrasa, İsrail qüvvələri
eskalasiyaya hazırdır.
11 fevral
Tramp: HƏMAS israilli
girovları azad etməzsə, 'cəhənnəm qopacaq'
ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS (ABŞ və Avropa
İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır) şənbə günü -
fevralın 15-i günorta saatlarına qədər Qəzzada saxladığı qalan
israilli girovlar qaytarmasa, Qəzza atəşkəsi ləğv edilməlidir.
ABŞ prezidentinin bu açıqlaması HƏMAS-ın girovların azad edilməsini
gecikdirəcəyi ilə bağlı açıqlmasından bir neçə saat sonra gəlib.
Belə ki, HƏMAS-ın nümayəndəsi Əbu Übeydə İsraili yanvarın
ortalarında bağlanmış müvəqqəti atəşkəs razılaşmasını pozmaqda
ittiham edib. HƏMAS sözçüsünə görə, son üç həftə ərzində mülki
şəxslərin Qəzza zolağının şimalına buraxılmasında gecikmələr və
onların atəşə tutulması, Qəzzaya humanitar yardımın çatdırılmasında
yubanmalar qeydə alınıb. O deyib ki, bütün bunlarla əlaqədar olaraq
HƏMAS girovların azad edilməsini qeyri-müəyyən müddətə təxirə
salacaq. Qrup həmçinin İsraildən razılaşmanın pozulmasına görə
"təzminat" tələb edib.
Ağ evdə jurnalistlərin suallarını cavablayan prezident Tramp
HƏMAS-ın ötən həftə buraxdığı israilli girovların sağlamlıq
durumundan və qrupun növbəti günlərdə daha çox israilli girovu azad
etməyəcəyi ilə bağlı açıqlamasından narazılığını bildirib:
"Mən deyərdim ki, girovlar şənbə günü saat 12-yə qədər
qaytarılmalıdır, bu, uyğun vaxtdır. Onlar tək-tək yox, iki-bir,
üç-dörd və iki şəklində yox, hamısı qaytarılmalıdır. Əgər
qaytarılmasalar, mən deyərdim ki, razılaşmanı ləğv edin, qoy
cəhənnəm qopsun".
"Düşünürəm ki, girovların çoxu artıq
ölüb", - o, sözlərinə əlavə edib.
6 fevral
BMT baş katibi Trampa
Qəzzaya görə xəbərdarlıq edib
"Reuters" xəbər verir ki, BMT baş katibi Antonio Quterreş ABŞ
prezidenti Donald Trampı Qəzzada "etnik təmizləmə" planından
çəkinməyə çağırıb. Bu, prezident Trampın fevralın 4-də İsrail baş
naziri Netanyahu ilə Ağ evdə keçirdiyi birgə mətbuat konfransı
zamanı səsləndirdiyi fikirlərin ardınca gəlib. Tramp qəzzalıların
köçürülməsini və Qəzzaya ABŞ-nin nəzarət etməsini təklif edib.
"Həll yolları axtararkən problemi daha da
ağırlaşdırmamalıyıq. Beynəlxalq hüququn əsaslarına sadiq qalmaq çox
vacibdir. Hər hansı bir etnik təmizləmə formasından qaçmaq
vacibdir", – Quterreş BMT komitəsinin iclasında
bildirib.
"Biz "iki dövlətli" həlli təsdiq
etməliyik", – o əlavə edib.
Quterreş çıxışında bildirib ki, dayanıqlı sülh "iki dövlətli" həllə
doğru əhəmiyyətli, geri dönüşü olmayan və qalıcı irəliləyiş tələb
edir. O deyib ki, bu sülh yolu işğalın sona çatmasını və müstəqil
Fələstin dövlətinin yaradılmasını, Qəzzanın isə bu dövlətin
ayrılmaz bir hissəsi kimi qəbul olunmasını təmin etməlidir.
BMT iki dövlətin - İsrail və Fələstinin təhlükəsiz və tanınmış
sərhədlər daxilində yan-yana yaşamasını dəstəkləyir.
5 fevral
Tramp fələstinlilərin
Qəzzadan getmələrini və ABŞ-nin ora nəzarətini təklif
edir
ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş
naziri
Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza
zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb. Prezident Trampın
sözlərinə görə, bu təklif fələstinlilərin ərazidən çıxarılmasını və
Birləşmiş Ştatların bölgəni nəzarətə götürərək onu iqtisadi
baxımdan inkişaf etdirib müxtəlif millətlərin sülh şəraitində
yaşaya biləcəyi "mükəmməl" bir məkana çevirməsini nəzərdə
tutur.
Trampın dediyinə görə, bu plan fələstinlilərin digər ölkələrə
köçürülməsindən sonra həyata keçiriləcək. O, İsrail və HƏMAS (ABŞ,
Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır) arasında
bir ildən çox davam edən müharibədən sonra Qəzzada dağılmış
binaların yaratdığı vəziyyəti "cəhənnəm çuxuru" adlandırıb.
O, belə radikal bir addımın vacib olduğunu vurğulayaraq
fələstinlilər və israillilər arasında onilliklərdir sürən
münaqişəni həll etməyə yönəlmiş əvvəlki təşəbbüslərin nəticə
vermədiyini bildirib.
D.Trampın Qəzza zolağı ilə bağlı təklifi ABŞ-nin bölgəyə nəzarəti
ələ almasını nəzərdə tutur və bu, İsrail-Fələstin münaqişəsinin
həlli üçün uzun illər Vaşinqtonun dəstəklədiyi "iki dövlətli" həll
siyasətini kökündən dəyişə bilər.
"Əgər lazım gələrsə, biz bunu edəcəyik. Həmin əraziyə
nəzarəti ələ alacaq, onu inkişaf etdirəcək, minlərlə yeni iş yeri
yaradacağıq və bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir yer
olacaq", - Tramp deyib.
Prezident fələstinlilərin hansı ölkələrə köçürüləcəyinə dair
təfərrüat verməyib, lakin onları digər ölkələrə "daimi" köçürməyi
dəstəkləyəcəyini bildirib.
Mətbuat konfransında qabaq o, İordaniya, Misir və digər ərəb
ölkələrini qəzzalıları qəbul etməyə çağırıb. HƏMAS isə qətiyyətlə
Qəzzada qalmaq istədiyini bəyan edib.
Netanyahu isə bildirib ki, Tramp Qəzza zolağı üçün fərqli bir
gələcək görür, o bu ərazinin İsrail xalqı üçün çoxsaylı "sınaqlar
və çətinliklər" mənbəyi olduğunu qeyd edib.
"O, fərqli bir ideya irəli sürür. Bu, tarixi dəyişdirə biləcək bir
şeydir və, həqiqətən, bu yolu izləməyə dəyər", -
İsrail hökumət başçısı deyib.
"Klassik Tramp: Ən
ekstremal yolu seçir"
HƏMAS-ın yüksəkvəzifəli rəsmisi Sami Əbu Zühri daha əvvəl Trampın
qəzzalıların bölgəni tərk etməsi ilə bağlı çağırışlarını pisləyib
və bunu onların torpaqlarından "sürgün edilməsi" adlandırıb.
Demokratiyaların Müdafiəsi Fondunun rəhbəri Mark Dubovits Trampın
bu ideyanı ərəb ölkələrinin fələstinliləri qəbul etməyi rədd
etməsindən sonra təzyiqi artırmaq məqsədilə irəli sürə biləcəyini
deyib.
"İndi o, təzyiqi artırır: Əgər onları qəbul
etmirsinizsə, biz onları özümüz çıxaracaq və Qəzzaya nəzarət
edəcəyik. Klassik Tramp: Ən ekstremal yolu seçir, əvvəlcə məqbul
olmayanı birdən-birə məqbul bir ortaq nöqtə kimi
göstərir", - Dubovits X sosial şəbəkəsində
bildirib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi verdiyi bəyanatda
müstəqil Fələstin dövləti qurulması çağırışının "qətiyyətli, sabit
və dəyişməz" bir mövqe olduğunu bildirib. Vurğulanıb ki, Səudiyyə
Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman şərqi Qüdsün
Fələstin dövlətinin paytaxtı olmaqla müstəqil Fələstin dövləti
qurulması istiqamətində iş aparmağa davam edəcək.
Tramp Qəzza atəşkəsi, girovların azad edilməsi və İsrail ilə
Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinin bərpası
məsələlərini müzakirə etmək üçün İsrail baş naziri Netanyahunu Ağ
evə dəvət edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415