Bolnisi rayonunun Tsurtavi kəndini (keçmiş adı Kolagir) sakinlər
hələ də köhnə və qeyri-rəsmi adı ilə tanıyır.
Rəsmi məlumatlara görə, kəndin əhalisi 2 116
nəfərdir.
Yerli sakinlərin sözlərinə görə,
kəndin 95%-ni
azərbaycanlılar təşkil edir.
Bundan bir neçə həftə əvvəl
"Aktual.ge" saytında
məlumat yayıldı ki, kəndin sakinləri Bolnisi rayonun Kolagir
(Tsurtavi) kəndinin məscid üçün aldıqları torpaq sahəsinə
toplaşıblar və
bir neçə il əvvəl onlara verilmiş
məscid
tikintisi ilə bağlı şifahi vədin yerinə yetirilməsini tələb
ediblər.
Kənd əhalisinin istəyi
məscidin tikintisi üçün ayrılmış
torpaq sahəsinin rəsmi qeydiyyata alınmasıdır.
Qeyd edək ki,
dini obyektlər sonradan Gürcüstan dövlətinin
nəzarətində olan Dini Məsələlər üzrə Dövlət Agentliyinin himayəsinə
verilir.
Lakin məscidin tikintisi adətən
yerli əhalinin öz vəsaiti
və iştirakı ilə həyata keçirilir.
Məscid tikintisi niyə
gecikir?
Kolagir kəndinin sakinləri bildirirlər ki, illərdir, məscid
tikintisi üçün müraciət edirlər, lakin rəsmi icazə verilmir.
Kolagir sakini 30 yaşlı Nürəddin Nəbiyev "Marneuli" radiosu ilə
söhbəti zamanı bildirdi ki, aidiyyəti orqanlar onların müraciətinə
cavab vermir.
"Məktəbdə oxuyanda eşidirdim ki, məscidin tikintisi ilə
bağlı kəndimizin əhalisi tərəfindən dəfələrlə müraciətlər olunub.
Böyüklərimizdən həmişə eşidirik ki, deyirlər – sizin kənddə məscid
tikmək olmaz. Sizin kənddə monastır var, kilsə var, heç vaxt məscid
olmayıb. Ona görə də bizə icazə vermirlər. Bizə onu səbəb olaraq
göstərirlər. Özümüz də araşdırıb, öyrənmişik ki, Konstitusiyada
belə bir şey yoxdur. Bununla bağlı dəfələrlə Gürcüstan Müsəlmanları
İdarəsinə və meriyaya belə müraciət olunub. Bizim kəndin kökündə
məscidin olmamasını səbəb göstərirlər. Başqa heç bir səbəb
göstərmirlər."
Aksiyadan sonra təhdidlər
başladı
Nürəddin Nəbiyev bildirir ki, aksiyadan sonra ona anonim
nömrələrdən hədələyici zənglər gəlməyə başlayıb və ailəsi ilə
birlikdə təhlükə altındadır.
"Hətta məni medianı çağırdığıma görə təhdid edirlər.
Axundlar da məni təhdid edir, qaldı ki, hakimiyyət. 5 gündür ki,
Bolnisidən təhdid dolu zənglər alıram. Məni ailəmlə təhdid edirlər.
Mənim özüm ölümdən belə qorxmuram, amma məni ailəmlə təhdid
edirlər. Bu hansı qayda qanunda, Konstitusiyada var. Bizim kəndin
axundu molla Məhəmməd, Faiq Nəbiyevin tələbəsi deyir – niyə tələb
edirsən. Sən bu işə qarışma. Mənə deyirlər ki, sən namaz
qılırsanmı, nəyinə lazımdır. Bu nə deməkdir ki, mən namaz qılan
deyiləm deyə istəmirəm ki, kəndimizdə məscid olsun? Bəlkə
kəndimizdə məscid yoxdur deyə mən utanıram namaz qılmağa. Bəlkə
özüm üçün deyil, gələcək nəslimiz üçün istəyirəm. Ola bilməzmi? Bu
mənim haqqım deyilmi? Təhdid edirlər ki, sizin kəndinizdə dini
təbliğ edənlər var. Sən onların işinə başını soxma. Sən kimsən ki,
bu işə qarışırsan. Mənə təzyiqlər çoxdur. Səbəbini anlaya bilmirəm.
Mənim heç bir səlahiyyətim yoxdur. Mən sadə bir vətəndaşam. Belə
olmaz axı. Təhdidlə bağı heç kimə müraciət edə bilmirəm. Çünki
polis belə işimə baxmır. Yəni məni öldürüb küçəyə atsalar belə,
polis mənim işimə baxmaz. Amma mən təhdidi gizli nömrədən alıram.
Məscidin tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsi kəndimizin
əhalisi tərəfindən pul yığılaraq alınıb. Amma o torpaq molla
Məhəmmədin adınadır", – Nurəddin Nəbiyev dedi.
Seçkiöncəsi vədlər yerinə
yetirilmədi
Nəbiyev onu da bildirir ki, 13 fevral tarixində "kəndə dəstək
proqramı" çərçivəsində kənddə görüş keçirilib. Həmin görüşdə məscid
məsələsini də gündəliyə gətiriblər.
"Onlar(meriya nümayəndələri) bizə dedilər ki, meriyadan
kim deyib ki, məscidin tikintisinə icazə yoxdur. Biz də dedik ki,
neçə dəfə müraciət olunub. 20 ildir ki, bu işin arxasındayıq.
Dedilər ki, sizə kim deyib ixtiyar yoxdur. Artıq 5-6 ildir ki,
Konstitusiyada var ki, dini azlıqlara belə bir şeylər ziddir.
Həyatı boyu ola bilməz. Gürcüstan demokratik respublikadır. Burda
hər kəsin dini azadlığı var. Belə açıqlama verdilər. Biz də dedik
ki, əgər varsa, bu günə qədər heç bir yazılı şəkildə cavab
verilmədi ki, doğrudan da gedin başlayın, tikin. Onda da dedilər
ki, indi göz önünə gətirəcəyik, baxacağıq. Yəni bu məsələ ilə
aksiyadan sonra maraqlanmağa başladılar. Aksiyadan qabaq heç
soruşan da yox idi. Bundan sonra maraqlanıb, bizə cavab verəcəklər.
Gördülər, xalq çoxdur, doğrudan da xalq istəyir. Bir də ki,
gələnlər yeni nümayəndələr idi. Köhnələr deyildi. David
Şerazadişvili deyildi. Yeni kadrlar idi", – Nurəddin
Nəbiyev dedi.
Bəs rəsmilər bununla bağlı
nə deyirlər:
Gürcüstan Müsəlmanları İdarəsinin keçmiş şeyxi, Hacı Ramin İgidov
bildirir ki, onun rəhbərlik etdiyi dövrdə Kolagir kəndində məscid
tikintisi üçün razılıq əldə edilib.

"Mənim məsuliyyətdə olduğum müddətdə də Bolnisinin
Kolagir kəndində məscidin olmaması və ibadət yerinə ehtiyac olması
haqqında müraciət olmuşdu. Biz Dmanisinin Qarabulaq kəndində məscid
üçün müraciət etdiyimiz zaman eyni zamanda Bolnisinin Kolagir kəndi
üçün də icazə istədik. Bu haqda Dmanisi və Bolnisi bələdiyyələrində
dəfələrlə görüşüb, yazılı müraciət də etdik. Nəhayət neçə ay sonra
2023-cü ilin son aylarında biz razılıq əldə edə bildik. Bizə Dini
Məsələlər üzrə Dövlət Agentliyindən və aidiyyəti qurumlardan
məlumat verildi ki, yeni ildə – yəni 2024-cü ilin əvvəllərində
məscidin tikilişinə artıq başlaya biləcəyik. Mən məsuliyyətdən
ayrıldığım zaman bu məsələ haqda yeni şeyx Hacı Faiq Nəbiyevə, şura
üzvlərinə və yerli inanclı gənclərə məlumat vermişdim. Hal-hazırda
Dmanisinin Qarabulaq kəndində icazə əldə olunaraq tikinti başlasa
da eşitdim ki, Kolagirdə gecikmə var. Mən hal-hazırda bunun səbəbi
və bələdiyyənin cavabı haqda xəbərdar deyiləm. Bu haqda Gürcüstan
Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyevdən ətraflı məlumat
ala bilərsiz", – Ramin İgidov bildirir.
Məsələyə aydınlıq gətirmək üçün Gürcüstan Müsəlmanları İdarəsinin
hazırkı şeyxi Hacı Faiq Nəbiyev ilə əlaqə saxladıq. O, bildirdi ki,
məsələ ilə bağlı məlumatları var və məscidin tikintisi üçün icazə
gözlənilir.
"O barədə bir az gözləyin. İcazəsi yekunlaşır. Dəqiq
bilmirik, nə vaxt yekunlaşacaq. Yaxın günlərdə məlum olacaq. Biz bu
barədə çalışırıq. İnşallah icazə ilə bağlı yaxşı şey gözləyirik.
Siz də bir az səbir edərdiniz, sonu və nəticələrini gözləyək.
İnşallah yaxşı cavablar olar. Biz vətəndaşlarla demək olar ki, hər
gün çalışırıq. Onların istəyinə görə istəyirik ki, icazəsi alınsın.
O yanlış məlumatdır ki, məscidin tikintisi ilə bağlı icazəsi var.
Rəsmi şəkildə heç bir yerdən icazəsi yoxdur. Amma icazəni almaq
üçün biz çalışırıq. İnşallah yaxın zamanda həll olunacaq. Əhali
narahat olmasın. Biz əhali ilə əlaqə saxlayırıq. Bizim bu işlə
bağlı çalışmalarmızı onlar da bilirlər. İnşallah yaxşı
olacaq", – deyə Hacı Faiq Nəbiyev bildirdi.
Beş ay keçib, amma məscid
tikintisi başlamayıb
Kolagir kəndinin əhalisi əsasən müsəlmanlardan ibarətdir. Onlara
Parlament seçkiləri zamanı məscid tikiləcəyi vəd edilib.
Xatırlatma:
Qeyd edək ki, belə bir təcrübə Marneuli bələdiyyəsində də baş
verib. Belə ki, Axlılələ kəndində yeni məscidin tikintisi zamanı
Marneuli meriyası tərəfindən işlər dəfələrlə dayandırılmış və bir
neçə dəfə cərimə yazılmışdı.
Məsələ ilə bağlı “Marneuli” radiosu Bolnisi meriyasına müraciət
edib. Onlardan cavab aldıqdan sonra xəbər yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415