Kənd həkimlərinin bir hissəsi ailə təbabəti üzrə hazırlıq
keçməyib və sertifikatlaşdırılmayıb,
lakin 2015-ci illə müqayisədə vəziyyət yaxşılaşıb. Bu barədə “Kənd
həkimi” dövlət proqramının idarə edilməsinin səmərəliliyini
qiymətləndirən audit hesabatında qeyd olunub.
Audit hesabatına əsasən, ilkin araşdırma zamanı kənd həkimlərinin
cəmi 60%-nin ailə həkimi sertifikatı olduğu müəyyən edilib.
Digərləri isə dar ixtisaslı həkimlər idi. 2024-cü ilin
birinci
rübünə olan məlumata görə, 1282 kənd həkimindən 1038-i (81%) ailə
təbabəti üzrə sertifikata malikdir. Lakin analizlər göstərir ki, bu
göstərici regionlar arasında fərqlənir.
Audit kəndlərdə kifayət qədər ixtisaslı həkimlərin təmin olunması
üçün araşdırma və monitorinq əsasında həkimlərin peşəkar inkişafı
üçün minimal tələblərin dəqiq müəyyənləşdirilməsini tövsiyə
edir.
Son on ildə kənd həkimlərinin maaşı artırılsa da, hələ də ölkə üzrə
orta əməkhaqqı (2004.9 lari) ilə müqayisədə aşağıdır.
2014-cü ildə bir kənd həkiminin aylıq maaşı 650 lari, tibb
bacısının isə 455 lari təşkil edirdi. Hazırda bu məbləğ artaraq
həkimlər üçün 1262.50 lariyə, tibb bacıları üçün isə 1018.75 lariyə
çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyasət sənədinə əsasən, kənd
səhiyyə işçilərini saxlamaq və birincili tibbi xidmətin
əlçatanlığını artırmaq üçün əlavə maliyyə stimulları tələb olunur.
Bunun üçün informasiya sistemləri inkişaf etdirilməli və birincili
tibbi xidmət müəssisələrində pasiyentlərin məlumatları toplanaraq
təhlil edilməlidir.
İlkin audit zamanı tibb işçilərinin maaşı sabit idi və həkimlərin
motivasiyasını artırmağa yönəlmirdi. Hazırda Gürcüstanda birincili
səhiyyə islahatı aparılır və bu çərçivədə həkimlərin əməkhaqqı
sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılır. İslahatın məqsədi
nəticəyə əsaslanan maaş sistemini tətbiq etməkdir.
İslahatın yol xəritəsinə əsasən, nəticəyə əsaslanan maliyyələşdirmə
sistemi 2022-ci ildən tədricən həyata keçirilməli idi. 2023-cü
ildən kənd həkimləri və tibb bacıları üçün prioritet səhiyyə
problemlərinin idarə olunmasına görə əlavə maliyyələşdirmə nəzərdə
tutulurdu.
Lakin audit hesabatına görə, bu planlar 2024-cü ilə qədər tam icra
olunmayıb.