Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası (GGHA) "Gürcü Arzusu"
tərəfindən qəbul edilmiş inzibati hüquqpozmalar
məcəlləsinə edilən dəyişiklikləri təhlil edib. Bu dəyişikliklərə
əsasən, polis yalnız öz fərziyyəsinə əsaslanaraq vətəndaşı
preventiv olaraq həbs edə bilər.
2024-cü il dekabrın 13-də "Gürcü Arzusu" İnzibati Hüquqpozmalar
Məcəlləsinə dəyişiklik edərək, 244-cü maddənin birinci hissəsinə
şəxsin preventiv həbs olunması imkanını əlavə edib.
Bu təhlilin məqsədi
aşağıdakı suallara cavab tapmaqdır:
- Bu dəyişiklik Avropa İnsan Haqları Konvensiyasına nə dərəcədə
uyğundur?
- Bu dəyişiklik hansı təhlükələr yaradır?
- Konkret hüquqpozma törədilmədən vətəndaşın həbsi
mümkündürmü?
Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsinə əsasən, hər kəs
azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kəsin
azadlığı yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla
bilər. Bu hallara, məsələn, hüquq-mühafizə orqanlarının icazəsi ilə
və əsaslı şübhələr olduqda şəxsin həbs edilməsi, cinayət törətmənin
qarşısını almaq və ya cinayətdən sonra qaçma ehtimalının qarşısını
almaq daxildir.
GGHA bildirir ki, Gürcüstanın İnzibati Hüquqpozmalar Məcəlləsinin
244-cü maddəsi polisi yalnız inzibati hüquqpozmanın qarşısını almaq
məqsədilə deyil, gələcəkdə baş verə biləcək qanun pozuntularının da
qarşısını almaq üçün preventiv həbs hüququ ilə təmin edir.
Təşkilatın qiymətləndirməsinə görə, preventiv həbsin hüquqi
əsaslarının məhdudlaşdırılmadan genişləndirilməsi bir sıra kompleks
hüquqi problemlər yaradır və bu məsələlər nə qanunvericilik, nə də
məhkəmə təcrübəsində həll olunub.
GGHA hesab edir ki, Gürcüstanın İnzibati Hüquqpozmalar Məcəlləsinin
244-cü maddəsi Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin
1-ci bəndinin "c" yarımbəndinə uyğun gəlmir. Çünki preventiv həbs
üçün hüquqi əsas olaraq yalnız dərhal baş verəcək hüquqpozmanın
qarşısının alınması nəzərdə tutulmur.
"Eyni zamanda, polis preventiv həbsdən əvvəl şəxsin
hansı konkret inzibati hüquqpozmanı törətməyə hazırlaşdığını, nə
vaxt və harada baş verəcəyini və kimin bu hüquqpozmanın qurbanı
olacağını sübut etməyə borclu deyil. Gürcüstanın İnzibati
Hüquqpozmalar Məcəlləsinin 244-cü maddəsi və digər qanunvericilik
aktları preventiv həbs məsələsini hüquqi cəhətdən tənzimləmək üçün
bu cür tələblər irəli sürmür", – deyə GGHA
bildirir.
Bundan əlavə, təşkilat bu qanun dəyişikliklərinin şəffaflıq
problemi yaratdığını vurğulayır. Belə ki, vətəndaşların necə və nə
vaxt preventiv həbsə məruz qala biləcəyi ilə bağlı hüquqi aydınlıq
yoxdur. İnsanların təkcə hüquqpozma törətmək niyyətini bildirməsi
belə həbs üçün əsas ola bilərmi, yoxsa həqiqi hərəkətlər etməyə
cəhd göstərməlidirlər? Bu suallar açıq qalır.
Bundan başqa, aydın deyil ki, polis yalnız son bir il ərzində
inzibati hüquqpozma törətmiş şəxsləri preventiv olaraq həbs edə
bilər, yoxsa həyatında bir dəfə də olsun inzibati hüquqpozma
törətmiş hər kəsi həbs etmək səlahiyyətinə malikdir.
Preventiv həbs yalnız dərhal baş verəcək hüquqpozmanın qarşısını
almaq üçün tətbiq olunmur. Polis şəxsin hansı konkret qanun
pozuntusunun qarşısını almaq məqsədilə həbs edildiyini izah etməyə
borclu deyil.
Bundan əlavə, preventiv həbs halında inzibati həbsin ümumi
müddətləri tətbiq olunur – bu, 24 saatdan 48 saata qədər davam edə
bilər. Halbuki məhkəmə nəzarəti olmadan preventiv həbs yalnız bir
neçə saat ərzində başa çatmalı, dərhal baş verə biləcək təhlükə
aradan qaldırıldıqdan sonra şəxs azad edilməlidir.
Qanunvericilik preventiv həbsin yalnız "son çarə" (ultima ratio)
kimi istifadə olunmasını nəzərdə tutsa da, GGHA praktiki olaraq bu
prinsipin tam şəkildə qorunmasının vacib olduğunu vurğulayır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415