Tbilisi meriyasında əməkdaşların işdən çıxarılması davam
edir.
Daha 3 əməkdaş işdən azad olunması ilə bağlı məlumat
yayımlayıb.
İşdən çıxarılanlardan biri Caba Karelidir. O, Tbilisi meriyasının
İqtisadi İnkişaf Şəhər Xidmətində Biznesin İnkişafı və
İnnovasiyaların Dəstəklənməsi Şöbəsində ikinci kateqoriyalı baş
mütəxəssis vəzifəsində çalışırdı.
Caba Kareli meriyadan çıxarılmasını cəza kimi qiymətləndirir, çünki
o, Konstitusiyanın qorunmasını tələb edən müraciətə imza
atan
dövlət qulluqçularından biri idi. Onun sözlərinə görə, yeganə gəlir
mənbəyi əməkhaqqı olub.
"Bu gün rəsmi olaraq mənə bildirildi ki, Tbilisi
meriyasında elan olunan cəza xarakterli islahatlar nəticəsində
işdən çıxarılmışam. Dövlət qulluqçusunun Konstitusiyanın
qorunmasına çağırış etdiyi üçün cəzalandırılması bir faciədir. Bu,
tamamilə ədalətsizdir və bu dövlətə yaraşmır. Mən, Caba Kareli, bir
an belə, dövlət qulluğundakı fəaliyyətimə görə peşman deyiləm. Mən
dövlət qulluqçusu kimi andımı o zaman da şərəflə yerinə yetirirdim
ki, siz ölkədə rus qanunlarını tətbiq edirdiniz, o zaman da ki,
Avropa seçimini rədd edərək öz qəbul etdiyiniz Konstitusiyanı
pozur, vətəninizə xəyanət edirdiniz. Mən isə andıma sadiq qalmağa
davam edəcəyəm. Çünki sizin bu və digər bütün cəza xarakterli
qərarlarınız qeyri-qanuni, qeyri-legitim və müvəqqətidir! Azad
Gürcüstan və bu ölkənin Avropa gələcəyi uğrunda mübarizəni sona
qədər aparacağımıza söz veririk!" – deyə Caba Kareli
"Facebook"da yazıb.
İşdən çıxarılan digər əməkdaş Tamta Kaçaxidze də "Facebook"da
etiraz edib:
"İnsanları bu sözlərə görə işdən azad edirsiniz –
"Gürcüstanın gələcəyi Avropadadır"! Mənə bu gün işdən azad olunma
əmri təqdim edildi. Bütün bu müddət ərzində heç kim heç nə bilmirdi
və mən təsadüfən bir az əvvəl öyrəndim ki, ştatımı ləğv edirlər.
Təsəvvür edin, bunu bilməsəydim, necə olardı?! Sadəcə işə gəlib,
qəfil xəbər alırsan ki, artıq burada işləmirsən…
Ürəkaçan deyil ki, "Gürcü Arzusu" hakimiyyətə gəlsin deyə sərf
etdiyim bütün enerji və daşıdığım ümidlər bir anda yox oldu. Bizim
vaxtilə mübarizə apardığımız insanlar və rejim indi adını dəyişsə
də, mahiyyətcə eynidir və indi bizə qarşı mübarizə aparır.
Sadəcə bilməlisiniz ki, işdən çıxarılan bu insanların arxasında
ailələri, azyaşlı övladları və yaşlı valideynləri dayanır. Bəziləri
ailədə yeganə qazanc gətirən şəxsdir və siz onları sadəcə
‘Gürcüstanın gələcəyi Avropadadır’ dedikləri üçün işdən
çıxarırsınız! Bu insanlara nə etməyi düşünürsünüz? Qoy acından
ölsünlər? Bu sizi sevindirir? Əgər sizin tərəfdarlarınıza da bu
sevinc gətirirsə, onda görün nə hala salmısınız
vətəndaşlarınızı!" – deyə Tamta Kaçaxidze yazıb.
O bildirib ki, işini itirmək heç nədir, əsas təhlükə ölkənin
gələcəyini itirməkdir və buna görə də susmayacaq.
"Siz bilmirsiniz ki, arxanda həqiqət duranda nə hiss
edirsən. Sizin sıralarınızda artıq elə bir insan qalmayıb ki,
dövlətə cavabdeh olan bir vəzifədə işləsin və bu hissi yaşasın.
Bizim üçün bu mübarizə yeni deyil! Sistem
dağılmalıdır!" – deyə o vurğulayıb.
Tbilisi meriyasından Salome Maçarashvili də işdən azad edilib. O
bildirib ki, Konstitusiyanı və dövlətçiliyi qorumaq hər bir dövlət
qulluqçusunun və vətəndaşın borcudur.
"Mənim meriya ilə 18 illik əməkdaşlığım da başa çatdı…
Bütün bu illər ərzində birgə çalışdığım dəyərli dövlət
qulluqçularına təşəkkür edirəm… Mən fəxr edirəm ki, peşəkar və
məsuliyyətli komanda ilə birlikdə olmuşam!" – deyə o
"Facebook"da qeyd edib.
2024-cü ilin dekabr ayının sonlarından bu günə qədər bir çox dövlət
qurumundan bir çox dövlət qulluqçusu qəfil işdən çıxarılıb. Onlar
bu prosesi ölkədə gedən siyasi proseslərlə əlaqələndirirlər.
Dövlət qulluqçularının siyasi motivlə işdən çıxarılmasını
asanlaşdıran qanunvericilik dəyişiklikləri "Gürcü Arzusu"
tərəfindən 2024-cü ilin sonunda cəmi 2 gün ərzində qəbul
edilib.
Həmin dəyişikliklərə 2024-cü il dekabrın 29-da, elə prezidentin
inauqurasiya günü, Mixeil Kavelaşvili tərəfindən imza atılıb.