Tbilisi meriyasında daha 3 əməkdaş işdən azad edilib

Tbilisi meriyasında əməkdaşların işdən çıxarılması davam edir.


Daha 3 əməkdaş işdən azad olunması ilə bağlı məlumat yayımlayıb.

İşdən çıxarılanlardan biri Caba Karelidir. O, Tbilisi meriyasının İqtisadi İnkişaf Şəhər Xidmətində Biznesin İnkişafı və İnnovasiyaların Dəstəklənməsi Şöbəsində ikinci kateqoriyalı baş mütəxəssis vəzifəsində çalışırdı.

Caba Kareli meriyadan çıxarılmasını cəza kimi qiymətləndirir, çünki o, Konstitusiyanın qorunmasını tələb edən müraciətə imza
atan dövlət qulluqçularından biri idi. Onun sözlərinə görə, yeganə gəlir mənbəyi əməkhaqqı olub.

"Bu gün rəsmi olaraq mənə bildirildi ki, Tbilisi meriyasında elan olunan cəza xarakterli islahatlar nəticəsində işdən çıxarılmışam. Dövlət qulluqçusunun Konstitusiyanın qorunmasına çağırış etdiyi üçün cəzalandırılması bir faciədir. Bu, tamamilə ədalətsizdir və bu dövlətə yaraşmır. Mən, Caba Kareli, bir an belə, dövlət qulluğundakı fəaliyyətimə görə peşman deyiləm. Mən dövlət qulluqçusu kimi andımı o zaman da şərəflə yerinə yetirirdim ki, siz ölkədə rus qanunlarını tətbiq edirdiniz, o zaman da ki, Avropa seçimini rədd edərək öz qəbul etdiyiniz Konstitusiyanı pozur, vətəninizə xəyanət edirdiniz. Mən isə andıma sadiq qalmağa davam edəcəyəm. Çünki sizin bu və digər bütün cəza xarakterli qərarlarınız qeyri-qanuni, qeyri-legitim və müvəqqətidir! Azad Gürcüstan və bu ölkənin Avropa gələcəyi uğrunda mübarizəni sona qədər aparacağımıza söz veririk!" – deyə Caba Kareli "Facebook"da yazıb.

İşdən çıxarılan digər əməkdaş Tamta Kaçaxidze də "Facebook"da etiraz edib:

"İnsanları bu sözlərə görə işdən azad edirsiniz – "Gürcüstanın gələcəyi Avropadadır"! Mənə bu gün işdən azad olunma əmri təqdim edildi. Bütün bu müddət ərzində heç kim heç nə bilmirdi və mən təsadüfən bir az əvvəl öyrəndim ki, ştatımı ləğv edirlər. Təsəvvür edin, bunu bilməsəydim, necə olardı?! Sadəcə işə gəlib, qəfil xəbər alırsan ki, artıq burada işləmirsən…
Ürəkaçan deyil ki, "Gürcü Arzusu" hakimiyyətə gəlsin deyə sərf etdiyim bütün enerji və daşıdığım ümidlər bir anda yox oldu. Bizim vaxtilə mübarizə apardığımız insanlar və rejim indi adını dəyişsə də, mahiyyətcə eynidir və indi bizə qarşı mübarizə aparır.
Sadəcə bilməlisiniz ki, işdən çıxarılan bu insanların arxasında ailələri, azyaşlı övladları və yaşlı valideynləri dayanır. Bəziləri ailədə yeganə qazanc gətirən şəxsdir və siz onları sadəcə ‘Gürcüstanın gələcəyi Avropadadır’ dedikləri üçün işdən çıxarırsınız! Bu insanlara nə etməyi düşünürsünüz? Qoy acından ölsünlər? Bu sizi sevindirir? Əgər sizin tərəfdarlarınıza da bu sevinc gətirirsə, onda görün nə hala salmısınız vətəndaşlarınızı!"
– deyə Tamta Kaçaxidze yazıb.

O bildirib ki, işini itirmək heç nədir, əsas təhlükə ölkənin gələcəyini itirməkdir və buna görə də susmayacaq.

"Siz bilmirsiniz ki, arxanda həqiqət duranda nə hiss edirsən. Sizin sıralarınızda artıq elə bir insan qalmayıb ki, dövlətə cavabdeh olan bir vəzifədə işləsin və bu hissi yaşasın. Bizim üçün bu mübarizə yeni deyil! Sistem dağılmalıdır!" – deyə o vurğulayıb.

Tbilisi meriyasından Salome Maçarashvili də işdən azad edilib. O bildirib ki, Konstitusiyanı və dövlətçiliyi qorumaq hər bir dövlət qulluqçusunun və vətəndaşın borcudur.

"Mənim meriya ilə 18 illik əməkdaşlığım da başa çatdı… Bütün bu illər ərzində birgə çalışdığım dəyərli dövlət qulluqçularına təşəkkür edirəm… Mən fəxr edirəm ki, peşəkar və məsuliyyətli komanda ilə birlikdə olmuşam!" – deyə o "Facebook"da qeyd edib.


2024-cü ilin dekabr ayının sonlarından bu günə qədər bir çox dövlət qurumundan bir çox dövlət qulluqçusu qəfil işdən çıxarılıb. Onlar bu prosesi ölkədə gedən siyasi proseslərlə əlaqələndirirlər.

Dövlət qulluqçularının siyasi motivlə işdən çıxarılmasını asanlaşdıran qanunvericilik dəyişiklikləri "Gürcü Arzusu" tərəfindən 2024-cü ilin sonunda cəmi 2 gün ərzində qəbul edilib.

Həmin dəyişikliklərə 2024-cü il dekabrın 29-da, elə prezidentin inauqurasiya günü, Mixeil Kavelaşvili tərəfindən imza atılıb.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google