Bakı-Tbilisi-Bakı dəmir yolu reysləri ilə bağlı qərar hələ qəbul
edilməyib.
Bu barədə Azərbaycan Dəmir Yollarının sərnişin daşınması
departamentinin rəhbəri Azər Fərəcov açıqlama verib, bunu isə
"Trend" agentliyi yayımlayıb.
"Reyslərin açılması ilə bağlı məlumatımız yoxdur.
Gürcüstan tərəfi bununla bağlı açıqlama verib və bu barədə
məlumatları biz də gözləyirik," - deyə Fərəcov
bildirib. "Trend" xatırladır ki, Tbilisi-Bakı istiqamətində
dəmir
yolu reyslərinin bərpası ilə bağlı açıqlama Gürcüstanın baş naziri
İrakli Kobaxidze tərəfindən Dubayda etdiyi səfərdə verilmişdi. Onun
sözlərinə görə, Gürcüstan bu məsələyə dair Azərbaycanla danışıqlar
aparır.
Həmçinin, fevralın ortalarında Azərbaycan mətbuatı bir neçə mənbəyə
istinadən yazırdı ki, Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin
qatarlarının hərəkəti aprel ayında bərpa oluna bilər. Mənbənin
məlumatına görə, bu məsələyə dair Azərbaycan və Gürcüstanın müvafiq
qurumları arasında razılaşma artıq əldə olunub.
O zaman "1news.az"a Azərbaycan Dəmir Yolları mətbuat xidmətindən
bildirildi ki,
"karantin rejimi səbəbindən ölkənin quru
sərhədləri bağlanıb və quru yolu ilə beynəlxalq sərnişin daşımaları
dayandırılıb. Bu səbəbdən dəmir yolu ilə beynəlxalq sərnişin
daşımaları həyata keçirilmir."
Bununla belə, qurum əlavə edib ki, hökumətlər arasında razılaşma
əldə edildikdə Azərbaycan Dəmir Yolları sərnişin daşımalarının
bərpası üçün hazırlıq işlərinə başlamağa hazırdır.