AzadlıqRadiosu USAGM-i məhkəməyə verir
Azad Avropa/Azadlıq Radioları (RFE/RL) martın 18-də ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verdiyini açıqlayıb. Məqsəd radioya federal qrantın kəsilməsini bloklamaqdır.

İddiada deyilir ki, Konqresin AzadlıqRadiosu üçün nəzərdə tutduğu vəsaitin verilməməsi federal qanunların və ABŞ Konstitusiyasının pozulmasıdır. Konstitusiya Konqresə federal xərclər üzərində müstəsna səlahiyyət tanıyır.

İddia Kolumbiya Dairəsi üzrə ABŞ Dairə Məhkəməsində qaldırılıb.

"Məkanı Amerikanın düşmənlərinin propaqandası və senzurasına güzəştə getməyin vaxtı deyil", – AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib.

"İnanırıq ki, qanun bizim tərəfimizdədir, dünyadakı despotlar bizim sonumuzu vaxtından qabaq bayram edirlər", – o, sözlərinə əlavə edib.

Morales USAGM-in rəhbəri vəzifəsini icra edir, Leyk isə onun baş müşaviridir.

Bu arada Avropa İttifaqı (Aİ) siyasətçiləri AzadlıqRadiosuna mümkün dəstəyi müzakirə edirlər.

Çexiyanın Avropa məsələləri
üzrə naziri Martin Dvorjak Brüsseldə jurnalistlərə deyib ki, bu təşəbbüsə dəstək veriblər, amma blok cəld hərəkətə keçməlidir, çünki "bu qurumun ölümünə imkan vermək böyük səhv olardı".

Dvorjak bildirib ki, təşəbbüs Ümumi İşlər Şurasında açıqlanandan sonra onlara daha çox ölkə qoşulacaq. O, məsələnin bir neçə həftəyə həll olunmasının vacibliyini vurğulayıb.

Çexiya Respublikasının təşəbbüsü ilə blokun xarici işlər nazirləri martın 17-də məsələni müzakirə ediblər.

Ötən həftəsonu prezident Donald Tramp administrasiyası Konqresin təsdiqlədiyi maliyyəni kəsib və bundan sonra AzadlıqRadiosunun gələcəyi qeyri-müəyyən qalıb.

Aİ ölkələrinin dəstəyi
Dvorjak onların təşəbbüsünü dəstəkləyən ölkələrin adlarını açıqlamayıb. Amma diplomatik mənbələrin AzadlıqRadiosuna dediyinə görə, onların sırasında Almaniya, Avstriya, İsveç, Niderland, Belçika, Sloveniya, Polşa, Çexiya, üç Baltik ölkəsi yer alıb.

"Azad Avropa/Azadlıq Radiolarının üzləşdiyi maliyyə problemləri Rusiya və Belarusdan İrana, Əfqanıstanadək azad mətbuatın susdurulduğu regionlarda müstəqil jurnalistikaya ciddi risk yaradır", – Belçikanın xarici işlər naziri Maksim Prevo X postunda yazıb.

"AzadlıqRadiosu itərsə, boşluğu dezinformasiya, propaqanda dolduracaq. Bu, demokratiyaya zərbə vurmaq istəyənlər üçün birbaşa qələbə demək olacaq... Avropa buna imkan verə bilməz", – o əlavə edib.

Çexiya Respublikasının xarici işlər naziri Yan Lipavski martın 17-də xarici işlər nazirlərinin görüşündən sonra deyib ki, ölkəsinin təşəbbüsünə Aİ-nin digər üzvlərinin "müəyyən" marağını hiss edib və "bu məsələ ilə ciddi məşğul olmaq bizim üzərimizə düşür".

Lipavskinin polşalı həmkarı Radek Sikorski də AzadlıqRadiosuna dəstəyini ifadə edib. O, atasının Soyuq müharibə vaxtı bu radioya və "Amerikanın Səsi"nə qulaq asdığını xatırladıb.

Tramp martın 14-də yeddi federal agentlik, o cümlədən AzadlıqRadiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də böyük ixtisarlarla bağlı fərman imzalayıb.

Fərmanın dərcindən bir neçə saat sonra USAGM-in adından göndərilmiş məktubda Konqresin AzadlıqRadiosuna ayırdığı qrantın kəsildiyi bildirilib.

USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu informasiya 361 milyon izləyiciyə ötürülür.

2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə tutulub.

AzadlıqRadiosu üçün bu il 153 milyon dollara yaxın büdcə istənilib.

AzadlıqRadiosu 23 ölkədə, 27 dildə yayımlanır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google