Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinin üç
ildən çox davam etməsindən sonra Ağ ev
və Kreml martın 18-də müharibənin dayandırılmasına yönəlmiş
razılaşmanı elan edib.
Razılaşmanın detalları Donald Tramp və Vladimir Putin arasında
təxminən iki saat davam edən telefon danışığından sonra açıqlanıb.
Bu, Trampın prezidentliyi dövründə ikinci belə zəng olmaqla yanaşı,
indiyə qədər ən mühüm danışıq hesab
oluna bilər.
Ağ evin güclü təzyiqi altında olan Ukrayna Vaşinqtonun döyüşlərin
30 gün müddətinə dayandırılması təklifinə razılıq vermişdi, lakin
şərt olaraq Rusiyanın da eyni addım atmasını tələb edirdi.
Bəs Moskva dəqiq olaraq
nəyə razılıq verdi?
"Mənim əsas qənaətim odur ki, Moskva Tramp ilə tamamilə
rahatdır, ancaq bunun hər kəsin müzakirə etdiyi səbəblərdən başqa
səbəbi var", - keçmiş rusiyalı diplomat Nikolay Sokov
AzadlıqRadiosuna deyib.
"Moskva Trampla sövdələşmə edə bilərkən, Avropa öz
mövqeyinin haqlı olduğunu və sövdələşmə olmadan qəbul edilməsində
israr edir", - o izah edib.
Hərbi əməliyyatlara gəldikdə isə, elan olunan razılaşmanın döyüş
meydanına heç bir təsiri yoxdur. Son vaxtlara qədər 1100
kilometrlik cəbhə xətti boyunca Rusiyanın Ukrayna müdafiəsini
tədricən zəiflətməsi davam edirdi.
Ukrayna qoşunları cəbhə xəttində təzyiqi azaltmaq və gələcək sülh
danışıqlarında sövdələşmə üçün istifadə məqsədilə təxminən yeddi ay
əvvəl ələ keçirdiyi Rusiyanın Kursk bölgəsindən geri çəkilir.
Martın 18-də açıqlanan razılaşmada önə çıxan əsas məqam enerji
infrastrukturu ilə bağlıdır.
2022-ci ilin noyabrından bəri Rusiya Ukraynanın enerji şəbəkəsini -
elektrik stansiyaları, ötürücü xətlər, transformatorlar,
transformator yarımstansiyaları hədəf alır. Bu, Ukraynanın mülki
əhalisini yormaq, qorxutmaq məqsədilə tətbiq edilən bir
strategiyadır və bəzən bu strategiyanı Rusiya işğal müharibəsinin
keçmiş baş komandiri, "General Armaqeddon" ləqəbli şəxsə aid
edirlər.
Mülki infrastruktura hücum da müharibə cinayəti hesab edilir və
Beynəlxalq Cinayət Məhkəməsi buna görə Rusiyanın iki yüksəkrütbəli
hərbi zabitinə qarşı ittiham irəli sürüb.
Bu hücumlar qarşısında Ukrayna işıq və istiliyi təmin etməkdə
çətinliklərlə üzləşsə də, yerli imkanlar və Qərbin genişmiqyaslı
dəstəyi ilə vəziyyətdən çıxmağı bacarıb. Eyni zamanda, Ukrayna
yerli dronların və hətta qanadlı raketlərin istehsalını artırıb,
bunlar getdikcə daha çox Rusiyanın enerji infrastrukturunu - neft
emalı zavodları, boru kəmərləri və hərbi obyektləri hədəf almaq
üçün istifadə edilir.
Əvvəllər yalnız quru əməliyyatlarını əhatə etməyən atəşkəsə
dəstəyini ifadə etmiş prezident Zelenski Helsinkidə keçirilən
mətbuat konfransında yeni razılaşmaya ehtiyatlı münasibət
bildirib.
"Biz həmişə enerji hədəflərini, eləcə də dənizdəki hədəfləri, qida
istehsalı və nəqliyyat hədəflərini vurmamaq fikrini
dəstəkləmişik", - o, Kreml-Ağ ev telefon danışığı
elan edildikdən sonra deyib.
"İndi bu razılaşmanın təfərrüatlarının nə olduğunu başa düşməliyik.
Biz bunu bilmirik. Bu, atəşkəsə doğru bir addım ola
bilər", - Zelenski bildirib.
"Addım-addım. Lakin qalanı reallığın statistikasıdır:
döyüş meydanında deyil, hər yerdən yağan yüzlərlə dron və raketlər
var", - o əlavə edib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə
heyətlərinin görüşündən sonra atəşkəs üçün zəmin elan edilib. İki
gün sonra Putin təklifə "bəli, amma" cavabı verib.
"Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün
ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı
şəkildə çəkinmək təklifi irəli sürüb", - martın 18-də
Kremlin yaydığı məlumatda bildirilib.
"Təşəbbüsə müsbət
cavab verən Vladimir Putin dərhal Rusiya hərbçilərinə müvafiq əmri
verib".
Enerji obyektlərinin hədəfə alınmasının məhdud şəkildə
dayandırılması Kiyev üçün qələbədir.
"Bununla belə, bu, Moskva üçün daha çox qələbə ilə
nəticələnə bilər", - Sokov AzadlıqRadiosuna
bildirib.
"Rusiya 30 gün ərzində silah istehsal edəcək və lazım
gələrsə, irimiqyaslı zərbələri bərpa edə biləcək. Ancaq Ukrayna
müxtəlif hesablamalara görə, üçdə biri ilə yarısı arasında itirdiyi
enerji infrastrukturuna dəyən ziyanı tam bərpa edə
bilməyəcək", - o deyib.
Söylənməmiş qalan
məqamlar
Danışıqlarda –azı Kreml və Ağ ev tərəfindən yayılan ictimaiyyətə
açıq məlumatlarda – Ukraynanın Zaporojye Atom Elektrik
Stansiyasının (AES) adı çəkilməyib. Bu, Avropa regionunun ən böyük
AES-idir. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff daha əvvəl
telefon danışığında AES-lə bağlı məsələnin müzakirə oluna
biləcəyini qeyd etmişdi.
Həmçinin, Vaşinqtonun Ukraynaya məxsus Krım yarımadasının Rusiya
tərəfindən ilhaqını tanıması məsələsi də bəyanatlarda qeyd
olunmayıb, halbuki, bu məsələ də bir ehtimal olaraq ortaya
atılmışdı.
Danışıqlarda Ukraynanın NATO-ya daxil olmaq ambisiyalarına da
istinad edilmədiyi görünür. Moskva şiddətlə Kiyevin bu istəyinə
qarşıdır və hətta 2022-ci ilin fevralında başlatdığı müharibəni
bununla əsaslandırır.
Ağ ev tərəfindən verilən bəyanatda bildirilib ki, danışıqlarda daha
geniş geosiyasi məsələlərə də toxunulub – bu, Moskvanın seçdiyi
mövqeyə işarədir. Yəni, Moskva Vaşinqtonla hər hansı razılaşmanın
Ukraynadan kənar məsələləri də əhatə edən daha geniş bir razılaşma
olmasını vurğulamaq istəyir.
Bu, Putinin təkrarladığı bir mövzudur. Putinin münaqişə ilə bağlı
istifadə etdiyi "köklü səbəblər" ifadəsi Kremlin Soyuq müharibə
sonrası beynəlxalq nizamdan ümumi narazılığını göstərmək üçün
istifadə etdiyi bir termindir.
"Liderlər sülhə doğru hərəkətin enerji və infrastruktur
atəşkəsi ilə başlanması, Qara dənizdə atəşkəsin əldə olunması, tam
atəşkəs və davamlı sülh istiqamətində texniki müzakirələrin
aparılması barədə razılığa gəldilər", - Ağ Ev
bildirib.
"Onlar həmçinin strateji silahların yayılmasının
dayandırılmasının vacibliyini müzakirə etdilər və bunun geniş
tətbiqi üçün digər ölkələrlə də əlaqə
saxlayacaqlar".
"İki lider İranın heç vaxt İsraili məhv edəcək mövqedə
olmaması fikrini də bölüşdü".
Bəyanatlardakı ifadələr arasında incə fərqin əhəmiyyətli
olub-olmaması da aydın deyil. Belə ki, Kreml yaydığı bəyanatda
"enerji infrastrukturu", Ağ ev isə "enerji və infrastruktur"
ifadələrini işlədib.
Strateji silahların - nüvə və ya digərlərinin yayılmasının
önlənməsi əvvəllər Vaşinqton və Moskvanın ortaq hədəfi olub. Ancaq,
etimadsızlıq və siyasi şübhələr bu məsələ ilə bağlı səylərə də
təsir edib.
Dünyada ən böyük nüvə arsenalına sahib bu iki ölkə aralarındakı
silahlara nəzarət müqaviləsinə tabedir, ancaq bu müqavilə gələn il
başa çatacaq və onun yenisi ilə əvəzlənməsi barədə heç bir
danışıqlar başlanmayıb.
Nəhayət, danışıqların əhatəsini genişləndirmək Kremlin beynəlxalq
qaydalar üzərində daha geniş dəyişiklik aparmaqla bağlı istəklərinə
uyğundur. Bu Moskvanın, Sovet İttifaqı dövründə olduğu kimi, ABŞ
tərəfindən bərabərhüquqlu olaraq qəbul edilmə arzusuna uyğun
gəlir.
Yazı AzadlıqRadiosunun baş beynəlxalq müxbiri Mayk Ekkel
tərəfindən hazırlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415