ABŞ-nin dəstəklədiyi qüvvələr 2019-cu ildə İslam Dövləti (İŞİD)
qruplaşmasının məhv edildiyini elan etdilər.
Lakin son illərdə baş verən hücumlar göstərdi ki, bu, İraq və
Suriyada əraziləri nəzarətdə saxlayan kvazidövlətin sonu olsa da,
onun yaratdığı təhlükənin yox olması demək deyil.
Bu ekstremist qrup dözümlülük nümayiş etdirir və dünyanın digər
nöqtələrində yenidən güclənir, onun əməliyyat imkanları da
inkişaf
edir.
2024-cü ilin yanvarından bəri İŞİD İran və Rusiyadan tutmuş,
Almaniya və ABŞ-yə qədər dünyanın müxtəlif yerlərində bir sıra
genişmiqyaslı hücumların məsuliyyətini öz üzərinə götürüb.
"İŞİD qlobal təhlükəsizlik üçün davamlı bir təhdid
olaraq qalır və dünyanın ən ölümcül terror
təşkilatıdır", – Vaşinqtonda yerləşən "Shtuni
Consulting" şirkətinin rəhbəri və təhlükəsizlik üzrə mütəxəssis
Adrian Ştuni AzadlıqRadiosuna bildirib.
"İndi təşkilat, əsasən, müstəqil fəaliyyət göstərən
regional filiallardan - qollardan ibarət dinamik bir şəbəkəyə
əsaslanır", – o, əlavə edib.
İŞİD-in hazırkı vəziyyəti
necədir?
Analitiklər deyir ki, İŞİD-in vizyonu və istəkləri dəyişməyib,
lakin 2019-cu ildəki ərazi məğlubiyyətindən sonra ekstremist qrup
struktur və əməliyyatlarla bağlı radikal dəyişikliklər keçirib.
Son illərdə bütün dünyada, xüsusən də ekstremizmlə mübarizə aparmaq
imkanının az olduğu regionlarda İŞİD-in çoxşaxəli qolları meydana
çıxıb.
Nyu-Yorkda yerləşən "Soufan Group" konsaltinq şirkətinin siyasət və
araşdırmalar üzrə direktoru Kolin Klark bildirib ki, İŞİD artıq elə
bir qrup halına gəlib ki, onun tərkib hissələrinin cəmi bütövlükdə
qrupun özündən daha böyükdür.
"İŞİD indi kvazidövlət olduğu vaxtdakından daha çətin
bir hədəf ola bilər, çünki mərkəzləşdirilməmiş bir təşkilat olaraq
onu izləmək çətinləşir. Kvazidövlət olaraq fəaliyyət göstərərkən o,
böyük bir hədəf idi", – Klark AzadlıqRadiosuna
bildirib.
İŞİD və onun törəmələri ötən il dünyada ölümcül hücumlarla öz
mövcudluqlarını hiss etdirib.
2024-cü ilin yanvarında İranın cənubunda Kirman şəhərində törədilən
iki intihar hücumunda 100-ə yaxın insan öldürülüb.
İki ay sonra dörd hücumçu Moskva yaxınlığındakı "Crocus City"
konsert zalını hədəf alıb, kütləvi atışma, bıçaqlanma və törədilən
yanğında 145 nəfər öldürülüb.
Avqustda Somalinin paytaxtı Moqadişoda intihar hücumu nəticəsində
ən azı 20 nəfər öldürülüb.
Bir neçə gün sonra, bir İŞİD üzvü Almaniyanın Zolinqen şəhərində
festivalda bir neçə nəfəri bıçaqlayıb, üç nəfər öldürülüb.
Qrupun təsir dairəsi ABŞ-a qədər uzanır. Yanvarın 1-də İŞİD-dən
ilhamlanan hücumçu Yeni Orleanda Yeni il bayramını qeyd edən
izdihamının üzərinə yük maşını sürüb, 14 nəfəri öldürüb, onlarla
insanı yaralayıb. Hücum edən şəxs - Texasdan olan ABŞ ordusunun
keçmiş veteranı Şəmsud Din Cabbar polis tərəfindən öldürülüb.
A.Ştuni deyir ki, bu hücumlar yalnız İŞİD-in terror zorakılığının
davam edən cazibəsini deyil, həm də təşkilatın dayanıqlığını,
uyğunlaşma qabiliyyətini və qlobal əhatə dairəsini nümayiş
etdirir.
Londonda yerləşən "Dragonfly" qlobal təhlükəsizlik kəşfiyyatı
konsaltinq şirkətinin məlumatlarına görə, İŞİD və onun törəmələri
son üç il ərzində ildə orta hesabla 600-ə yaxın hücum həyata
keçirib. Konsaltinq şirkətinin "TerrorismTracker" məlumat bazasına
görə, bu, əvvəlki üç il ərzində hər il orta hesabla törədilən 770
insidentdən az olsa da, hücumlar daha ölümcül olub: bir hücumda
itkilərin sayı orta hesabla 40 faiz artıb.
"Bu məlumatlar mütləq İŞİD-in dirçəldiyinə dəlalət etməsə də, onun
dayanıqlığını göstərir", - "Dragonfly"dan
AzadlıqRadiosuna bildirilib.
İŞİD yaraqlıları harada fəaldır və onlar terror təşkilatına necə
qoşulurlar?
İŞİD ona bağlı qruplaşmalar vasitəsilə Afrika, Asiya və Yaxın
Şərqdəki müəyyən qaynar nöqtələrdə güclü mövcudluğa və əlaqələnməyə
malikdir.
Terror təşkilatının ən fəal qollarından biri kimi meydana çıxan
"İslam Dövləti-Xorasan Vilayəti" qrupudur və bu qrup Əfqanıstandan
kənara çıxaraq əməliyyatlarını genişləndirib. "Xorasan Vilayəti"
Mərkəzi Asiya ölkələrindən, xüsusilə Tacikistan və Özbəkistandan
üzvlər cəlb edir.
Bu arada, Somali İŞİD-in Afrikada genişlənməsi üçün mühüm bir
mərkəzə çevrilib. Qrup Somalinin qeyri-sabitliyindən istifadə
edərək burada möhkəmlənmə nöqtələri və şəbəkələr qurur, həmçinin
Efiopiya, Sudan və Tanzaniyadan döyüşçüləri cəlb edir. Terror
təşkilatı amharca, svahili kimi müxtəlif dillərdə ideoloji təsirini
genişləndirir.
Qrup həmçinin Sahel bölgəsində də sürətlə böyüyür, buradakı "İslam
Dövləti-Qərbi Afrika" qrupu Çad gölü hövzəsindəki ən dominant
terror təşkilatlarından biri olaraq qalır.
Terror təşkilatına üzvlərin cəlbi prosesi həm də onlayn şəkildə
həyata keçirilir.
"Rəqəmsal məkanda İŞİD öz ideologiyasını yaymaq, radikallaşdırmaq,
yeni üzvləri cəlb etmək, vəsait toplamaq və hücumlar təşkil etmək
üçün sosial media platformalarından və şifrəli mesajlaşma
vasitələrindən çox effektiv şəkildə istifadə etməyə davam
edir", - Ştuni bildirib.
O, son zamanlar Avropada İŞİD-dən ilhamlanan hücumlara diqqət
çəkərək bunların üç narahatedici meyara işarə etdiyini vurğulayıb:
radikallaşma, əsasən, internetdə baş verir, sürətlə baş verir və
getdikcə daha çox yetkinlik yaşına çatmayanları və gəncləri cəlb
edir.
"Onlayn məkan çox diqqət tələb edir, xüsusən də hərbi əməliyyatlar
bir növ azaldıldığı üçün... qlobal terrorizmə qarşı müharibə ilə
müqayisədə", – "Terrorizmə qarşı Texnologiya" təşkilatının baş
analitiklərindən biri Lukas Uebber AzadlıqRadiosuna bildirib.
İŞİD öz əməliyyatlarını
haradan maliyyələşdirir?
İŞİD diversifikasiya edilmiş gəlir mənbələri və inkişaf edən
taktikalar vasitəsilə maliyyə dayanıqlığını qoruyur.
ABŞ Maliyyə Departamentinin ötənilki hesabatlarına görə,
rəhbərlikdə itkilərə baxmayaraq, İŞİD-in İraq və Suriyadakı əsas
qrupu 10 milyon ilə 20 milyon dollar arasında ehtiyat saxlayır,
əlavə olaraq regional qolları isə fidiyə üçün adam qaçırmaq, qəsb,
vergilər və quldurluqla maliyyə əldə edirlər.
İŞİD-in pik dövründə (özünü "xilafət" kimi təqdim etdiyi vaxtlar)
qrup İraq və Suriyada geniş əraziləri nəzarətində saxlayırdı və
neft satışları onun əsas gəlir mənbəyi idi. Lakin indi İŞİD gəlir
əldə etmək üçün cinayət fəaliyyətlərinə və yerli istismara
arxalanır.
İŞİD-in Afrikadakı törəmələri isə, məsələn, "İslam Dövləti-Somali"
bizneslərdən və maliyyə sistemlərindən milyonlarla dollar xərac
alır.
Terror təşkilatının Asiyadakı qolu IŞİDKP-nin maliyyə şəbəkəsi onun
Yaxın Şərqdəki əsas təşkilatçılarının həbsləri və ya öldürülməsi
ilə zərər çəkib. Bununla belə, terror qrupu "Crocus City" konsert
zalına hücum da daxil olmaqla, xarici terror əməliyyatları
maliyyələşdirmək üçün virtual aktivlərə keçməklə özünü bərpa edə
bilib.
Qlobal əlaqələnmə hələdə kritik əhəmiyyət daşıyır, çünki İŞİD
ehtiyatları və ianələri köçürmək üçün getdikcə daha çox
kriptovalyutadan istifadə edir. Qrupun maliyyə dayanıqlılığı
maliyyə nəzarətindən yayınmaq və qlobal şəbəkələri davam
etdirməkdən asılıdır.
Terrorla mübarizə səyləri
necə gedir?
Terrorizmin qlobal əhatə dairəsi terrorizmə qarşı mübarizədə
çoxtərəfli əməkdaşlığı vacib edir. Bu, dövlətlərdən kəşfiyyat
məlumatlarının mübadiləsini, strategiyaların uyğunlaşdırılmasını və
ekstremist fəaliyyətlərə daha çox həssas olan regionlarda
təhlükəsizlik imkanlarının gücləndirilməsini tələb edir.
Əgər bunların hər hansı biri zəifləyərsə, ekstremist qruplar,
məsələn, İŞİD inkişaf üçün yollar tapır. Buna misal olaraq ABŞ-nin
çəkilməsindən sonra Əfqanıstandakı vəziyyəti və Fransanın Afrika
bölgəsindən mərhələli çıxışı sonrası Sahel bölgəsindəki vəziyyəti
göstərmək olar.
Fransız qüvvələrinin çəkilməsi Sahel bölgəsində regional
ittifaqların dəyişməsinə də səbəb olub.
"Son hərbi çevrilişlərdən sonra Burkina-Faso, Niger və
Malidə qurulan hərbi xuntalar Rusiyaya üz tutaraq terrorla mübarizə
səylərindəki boşluğu doldurmağa çalışıblar, bu da regionda
Rusiyanın mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb",
- A.Ştuni deyib.
İraq, Suriya və Somalidəki İŞİD hədəflərinə son zərbələr göstərir
ki, ABŞ regional tərəfdaşları ilə birgə qlobal antiterror səylərinə
hələ də rəhbərlik edir.
Bu ay ABŞ-nin rəhbərlik etdiyi koalisiya İraq qüvvələrinə "Əbu
Xədicə" kimi tanınan Abdullah Maki Musleh əl-Rifaini öldürməyə
kömək edib. İraq hökuməti tərəfindən "İraq və dünyanın ən təhlükəli
terrorçularından biri" xarakterizə edilən Əbu Xədicə İŞİD-in İraq
və Suriyadakı lideri idi.
Lakin Vaşinqtonda prioritetlərin dəyişməsinin ekstremizmə qarşı
qlobal mübarizəyə mane ola biləcəyi ilə bağlı narahatlıq artıb,
çünki
"ABŞ-nin diqqətini daxilə yönəltdiyi və qlobal
səhnədəki rolunu yenidən qiymətləndirdiyi aydındır",
- deyə təhlükəsizlik eksperti Ştuni xəbərdarlıq edib.
ABŞ ordusunun Mərkəzi Komandanlığının rəhbəri general Maykl
E.Kurilla Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik
Qüvvələri tərəfindən qorunan obyektlərdə saxlanılan minlərlə İŞİD
döyüşçüsünü "həbsdə olan (İŞİD) ordusu" adlandırıb. Amerikalı
general onların böyük bir qisminin qaçacağı təqdirdə bölgə və daha
geniş ərazilər üçün təhlükələr yaradacağı barədə xəbərdarlıq
edib.
Yanvar ayında Suriyaya səfər edən general Kurilla deyib ki, ABŞ
ordusu
"bizim missiyamıza, xalqımıza, (İŞİD-in) davamlı
məğlubiyyətinə və regionda və onun hüdudlarından kənarda sabitliyə
sadiqdir".
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş tədqiqatçısı Dvora
Marqolin AzadlıqRadiosuna verdiyi açıqlamada İŞİD-in Suriyada
"gözləmə oyununu oynadığını" bildirib.
"O (İŞİD), yeni Suriyanın qeyri-müəyyənliyindən
istifadə edərək, sabitliyi pozmağa və öz gündəmini təsdiqləməyə
ümid edir", - Marqolin qeyd edib.
"Soufan Group"un siyasət və araşdırmalar üzrə direktoru Klark isə
bildirib ki, ABŞ-nin 2021-ci ildə Əfqanıstandan çəkilməsindən sonra
İŞİD-ə qarşı mübarizədə "böyük kəşfiyyat boşluğu" yaranıb.
"Bu, ABŞ-ni siqnal kəşfiyyatına güvənməyə məcbur edib
və Əfqanıstanda insan kəşfiyyatı çox məhduddur," –
deyə o bildirib.
Klark İŞİD-i
"bu gün yeddi il əvvəlki, xilafət dövründən
fərqli bir təşkilat" olduğunu deyib və əlavə edib ki,
"İŞİD indi diqqət çəkmək üçün xarici əməliyyatlar və
hücumlardan daha çox asılıdır."
"Onlar strategiyalarını şüurlu şəkildə dəyişərək Qərbdə
yüksək profilli hücumlar həyata keçirməyə yönəldiblər. Onlar
planlaşdırmalarında aqressiv və amansız olublar, Avropada və ya
ABŞ-da möhtəşəm bir hücum həyata keçirməyə
qərarlıdırlar", - o əlavə edib.
Yazı AzadlıqRadiosunun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı
Kian Şərifi tərəfindən hazırlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415