ABŞ Kolumbiya Dairə Məhkəməsi Azad Avropa/Azadlıq Radiolarının
(RFERL) ABŞ Qlobal Media Agentliyinə (USAGM) qarşı müvəqqəti qadağa
əmri (TRO) haqda vəsatətini təmin edib.
Məhkəmə qərara alıb ki, yaxın həftələrdə iddiaya mahiyyəti üzrə
baxılana qədər agentlik AzadlıqRadiosunun fəaliyyətini dayandırmağa
yönəlik addımlardan çəkinməlidir.
"USAGM rəhbərliyi bir cümlə ilə və faktiki olaraq heç
bir əsaslandırmadan AzadlıqRadiosunu fəaliyyətini dayandırmağa
məcbur edə bilməz, hətta prezident buna göstəriş versə
belə", - hakim Roys Lambert 10-səhifəlik qərarında
vurğulayıb.
USAGM AzadlıqRadiosunun
qrantının bir hissəsini ödəməyə razılaşır
ABŞ-nin Qlobal Media Agentliyi (USAGM) Konqresin Azad
Avropa/Azadlıq Radioları üçün təsdiqlədiyi maliyyənin bir hissəsini
ödəməyə razılaşıb. Bu, Vaşinqtonda keçirilən məhkəmədən öncə bəlli
olub. Radio agentliyi onun federal maliyyəsini kəsmək cəhdinə görə
məhkəməyə verib.
Bu o deməkdir ki, AzadlıqRadiosu martın 1-dən 14-dək olan dövr üçün
7.46 milyon dolları alacaq. USAGM-in məhkəməyə təqdim etdiyi
məktubda pulun martın 26-dək ayrılacağı, AzadlıqRadiosunun vəsaiti
ayın sonunadək alacağı deyilir.
"Ümid edirik, Konqresin AzadlıqRadiosuna ayırdığı iki həftəlik
maliyyənin dərhal ödənməsi məhkəmə daha böyük iş üzrə qərar
verənədək işığımızı sönməyə qoymayacaq", – AzadlıqRadiosunun
prezidenti Stiven Kapus bəyanatında deyib.
"Qanunun tərəfimizdə olmasından əminik, çünki ABŞ
Konstitusiyası Konqresə xəzinə üzərində eksklüziv səlahiyyət
tanıyır. Konqresin bu maliyyə ilinin qalanı üçün AzadlıqRadiosuna
ayırdığı maliyyənin verilməməsi qanunsuzdur", – o,
sözlərinə əlavə edib.
ABŞ məhkəməsi
AzadlıqRadiosunun USAGM-ə qarşı iddialarına
baxır
Martın 24-də Vaşinqton məhkəməsi maliyyələşdirmənin dayandırılması
ilə bağlı AzadlıqRadiosunun ABŞ Qlobal Media Agentliyinə (USAGM)
qarşı ilk iddiasına baxıb.
Kolumbiya Dairə Məhkəməsi hər iki tərəfin bu iş üzrə arqumentlərini
dinləyib.
İddia ABŞ Konqresində təsdiqlənmiş qrantdan məhrum olunduğuna görə
AzadlıqRadiosunu "düzəlməz" zərərdən qurtarmaq məqsədi güdür.
AzadlıqRadiosu USAGM-dən martın 1-dən martın 15-dək olan dövrü
əhatə edən 7.5 milyon dolların ödənilməsini tələb edir. Martın
15-də AzadlıqRadiosunun Konqresin 2025-ci il üçün təsdiq etdiyi
qrantdan maliyyələşdirilməsinin dayandırıldığı elan olunub.
İddiada deyilir ki, Konqresin AzadlıqRadiosuna ayırdığı vəsaitlərə
çıxışın məhdudlaşdırılması federal qanunları və Amerika
parlamentinə federal xərclər üzərində ən yüksək səlahiyyət verən
ABŞ Konstitusiyasını pozur.
Məhkəmədən yayım korporasiyasına dəyən ziyanı məhdudlaşdırmaq üçün
mart vəsaitlərinin ödənilməsi ilə bağlı USAGM-ə qarşı müvəqqəti
qadağa əmri (TRO) çıxarması xahiş olunur.
AzadlıqRadiosu sentyabrın 30-da başa çatacaq 2025-ci büdcə ili üçün
Konqresin ona ayırdığı qrant vəsaitlərinin qalan hissəsini almaq
üçün digər hüquqi tədbirlər də görür. Qalan məbləğlə bağlı
müvəqqəti qadağa əmri üçün ilkin dinləmələr aprelin ortalarına
təyin edilib.
USAGM öz ərizəsində bildirib ki, Kolumbiya Dairə Məhkəməsi işə
baxılması üçün uyğun yer deyil və Konqres USAGM-ə "qrant alanlara
nəzarət etmək üçün geniş səlahiyyətlər verib.
"Bu məhkəmənin iddiaçının USAGM-in qərarını ləğv
tələbini təmin etmək səlahiyyəti olsaydı belə, bu, ictimai
maraqlara cavab verməzdi ", - sənəddə vurğulanır.
19 mart
AzadlıqRadiosu USAGM-i
məhkəməyə verir
Azad Avropa/Azadlıq Radioları (RFE/RL) martın 18-də ABŞ Qlobal
Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk
və Viktor Moralesi məhkəməyə verdiyini açıqlayıb. Məqsəd radioya
federal qrantın kəsilməsini bloklamaqdır.
İddiada deyilir ki, Konqresin AzadlıqRadiosu üçün nəzərdə tutduğu
vəsaitin verilməməsi federal qanunların və ABŞ Konstitusiyasının
pozulmasıdır. Konstitusiya Konqresə federal xərclər üzərində
müstəsna səlahiyyət tanıyır.
İddia Kolumbiya Dairəsi üzrə ABŞ Dairə Məhkəməsində qaldırılıb.
"Məkanı Amerikanın düşmənlərinin propaqandası və
senzurasına güzəştə getməyin vaxtı deyil", –
AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib.
"İnanırıq ki, qanun bizim tərəfimizdədir, dünyadakı
despotlar bizim sonumuzu vaxtından qabaq bayram
edirlər", – o, sözlərinə əlavə edib.
Morales USAGM-in rəhbəri vəzifəsini icra edir, Leyk isə onun baş
müşaviridir.
Bu arada Avropa İttifaqı (Aİ) siyasətçiləri AzadlıqRadiosuna mümkün
dəstəyi müzakirə edirlər.
Çexiyanın Avropa məsələləri üzrə naziri Martin Dvorjak Brüsseldə
jurnalistlərə deyib ki, bu təşəbbüsə dəstək veriblər, amma blok
cəld hərəkətə keçməlidir, çünki "bu qurumun ölümünə imkan vermək
böyük səhv olardı".
Dvorjak bildirib ki, təşəbbüs Ümumi İşlər Şurasında açıqlanandan
sonra onlara daha çox ölkə qoşulacaq. O, məsələnin bir neçə həftəyə
həll olunmasının vacibliyini vurğulayıb.
Çexiya Respublikasının təşəbbüsü ilə blokun xarici işlər nazirləri
martın 17-də məsələni müzakirə ediblər.
Ötən həftəsonu prezident Donald Tramp administrasiyası Konqresin
təsdiqlədiyi maliyyəni kəsib və bundan sonra AzadlıqRadiosunun
gələcəyi qeyri-müəyyən qalıb.
Aİ ölkələrinin
dəstəyi
Dvorjak onların təşəbbüsünü dəstəkləyən ölkələrin adlarını
açıqlamayıb. Amma diplomatik mənbələrin AzadlıqRadiosuna dediyinə
görə, onların sırasında Almaniya, Avstriya, İsveç, Niderland,
Belçika, Sloveniya, Polşa, Çexiya, üç Baltik ölkəsi yer alıb.
"Azad Avropa/Azadlıq Radiolarının üzləşdiyi maliyyə
problemləri Rusiya və Belarusdan İrana, Əfqanıstanadək azad
mətbuatın susdurulduğu regionlarda müstəqil jurnalistikaya ciddi
risk yaradır", – Belçikanın xarici işlər naziri
Maksim Prevo X postunda yazıb.
"AzadlıqRadiosu itərsə, boşluğu dezinformasiya,
propaqanda dolduracaq. Bu, demokratiyaya zərbə vurmaq istəyənlər
üçün birbaşa qələbə demək olacaq... Avropa buna imkan verə
bilməz", – o əlavə edib.
Çexiya Respublikasının xarici işlər naziri Yan Lipavski martın
17-də xarici işlər nazirlərinin görüşündən sonra deyib ki,
ölkəsinin təşəbbüsünə Aİ-nin digər üzvlərinin "müəyyən" marağını
hiss edib və "bu məsələ ilə ciddi məşğul olmaq bizim üzərimizə
düşür".
Lipavskinin polşalı həmkarı Radek Sikorski də AzadlıqRadiosuna
dəstəyini ifadə edib. O, atasının Soyuq müharibə vaxtı bu radioya
və "Amerikanın Səsi"nə qulaq asdığını xatırladıb.
Tramp martın 14-də yeddi federal agentlik, o cümlədən
AzadlıqRadiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də
böyük ixtisarlarla bağlı fərman imzalayıb.
Fərmanın dərcindən bir neçə saat sonra USAGM-in adından göndərilmiş
məktubda Konqresin AzadlıqRadiosuna ayırdığı qrantın kəsildiyi
bildirilib.
USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu
informasiya 361 milyon izləyiciyə ötürülür.
2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə
tutulub.
AzadlıqRadiosu üçün bu il 153 milyon dollara yaxın büdcə
istənilib.
AzadlıqRadiosu 23 ölkədə, 27 dildə yayımlanır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415