Simonyan sülh prosesinin dalana dirəndiyini düşünmür
09:54 / 26.03.2025
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki,
Yerevanın sülh sazişini imzalamağa hazır olması Azərbaycan üçün
gözlənilməz olub.
"Mən prosesin dalana dirəndiyini
düşünmürəm", - Simonyan martın 24-də jurnalistlərə
deyib.
Onun sözlərinə görə, ola bilsin, Azərbaycan Ermənistanın heç bir
təklifi qəbul etməyəcəyinə inanıb və buna görə də Yerevanın
hazırlığına təəccüblənib: "Bəlkə də, buna görə belə
reaksiya verdilər".
"Məqsədimiz söhbəti sonsuza qədər sürdürmək yox, real
nəticə əldə etməkdir", - Simonyan əlavə edib.
24 mart Lavrov dörd gündə ikinci
dəfə Mirzoyanla danışdı: Sülh sazişi...
Moskva Yerevan və Bakı arasında sülh müqaviləsinin mətninin
razılaşdırılmasında irəliləyişi yüksək qiymətləndirir. Bunu Rusiya
xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla
telefon danışığında bildirib.
Rusiya tərəfinin məlumatına görə, söhbət bu gün, martın 24-də baş
tutub. Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli, regional
və qlobal gündəliyin aktual məsələlərini müzakirə ediblər,
qarşıdakı dövlətlərarası təmasların qrafiki və məzmununa
toxunublar.
Bu, Lavrovla Mirzoyan arasında son dörd gündə ikinci telefon
danışığıdır.
18 mart Harada, nə zaman? -
Yerevan Bakını sülh sazişi ilə bağlı məsləhətləşmələrə
çağırır
Sülh sazişinin mətninin və danışıqların yekunlaşdırılması çox vacib
addımdır, Ermənistan Azərbaycanı sazişin imzalanması tarixini və
yerini müəyyənləşdirmək üçün məsləhətləşmələrə çağırır. Bu barədə
Ermənistan Baş naziri ofisinin martın 18-də yaydığı bəyanatda
deyilir.
Bəyanat Azərbaycan Müdafiə Nazirliyinin son günlər Ermənistanla
sərhəddə bu ölkənin silahlı qüvvələri tərəfindən atəşkəsin
pozulması iddialarına cavab olaraq verilib. Martın 16-dan 18-dək
Azərbaycan atəşkəs pozuntusu barədə altı məlumat yayıb. Hər dəfə
Ermənistanın Müdafiə Nazirliyi məlumatları təkzib edib.
Ermənistan hökuməti xatırladır ki, atəşkəs pozuntusu hallarını,
yaxud bu haqda məlumatları araşdırmaq üçün birgə
Ermənistan-Azərbaycan mexanizmi yaradılması təklif olunub. Bu
təklifi Ermənistan baş nazirin ofisi 2024-cü il iyunun 22-də verib,
Azərbaycanın ona bugünədək müsbət reaksiya vermədiyi
bildirilir.
Hökumət Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmağa hansısa
səbəbi olmadığını bildirir.
Yerevanla Bakı martın 13-də sülh sazişi mətni ilə bağlı danışıqlar
prosesinin yekunlaşması barədə açıqlama veriblər. Bir sıra ölkələr,
o cümlədən Avropa İttifaqı bunu alqışlayıb, "sülhə doğru
həlledici addım" adlandırıb.
Azərbaycan XİN Ermənistan
Baş nazirinin ofisinə cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Baş nazirinin
ofisinin bəyanatını qəbul etmədiyini açıqlayıb.
"Atəş açılması hallarına, Ermənistan tərəfinin də
xəbərdar olduğu videoçəkilişlərdə görünən açıq təxribatlara son
qoyulması sabitlik üçün zəruri şərtdir", - XİN
vurğulayıb.
"Ermənistan hökuməti... sülh gündəmini rəhbər tutursa, o zaman
sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil
olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə
necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi", -
nazirlik əlavə edir.
14 mart Mirzoyan: 'Heç bir sülh
müqaviləsi bütün suallara bir anda cavab verə
bilməz'
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh
sazişi layihəsinin yekunlaşmasını "mühüm mərhələ" kimi
qiymətləndirib. Mirzoyan bu barədə martın 14-də Ermənistan
parlamentinin komitə iclasında danışıb. O bildirib ki, sənəd
layihəsinin yekun mətnində hər iki ölkə arasında əlaqələrin
normallaşması ilə bağlı müzakirələrin davamı üçün mexanizmlər
nəzərdə tutulub: "Ümumiyyətlə, tarixdən bilirik ki, heç
bir sülh müqaviləsi bütün mümkün suallara bir anda cavab verə
bilməz. Sehrli çubuqla iki ölkəni və ya xalqı dərhal barışdıra
bilməz... Təbii ki, çox həssas məsələlər də daxil, daha sonra
müzakirə və həll edilməli məsələlər var".
Mirzoyanın sözlərinə görə, razılaşdırılmış mətndə qaçqınların
qaytarılması və "dəhliz" ilə bağlı heç bir müddəa yoxdur:
"Ümumiyyətlə, saziş layihəsinin mətnində blokadanın
götürülməsi mexanizmləri haqqında heç nə yoxdur".
Rəsmi Bakı daha əvvəl Azərbaycanın əsas hissəsini Naxçıvanla
birləşdirməli olan quru yolun – Ermənistanın Sünik bölgəsindən
keçməli olan "Zəngəzur dəhlizi"nin açılmasını tələb edib. Rəsmi
Yerevan "dəhliz" termininə qarşı çıxır, təkidlə bildirir ki, hər
iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində
yurisdiksiyanı saxlamalıdır.
Nazir Mirzoyan habelə bildirib ki, sülh sazişinin mətnində hər
hansı birtərəfli şərtlər və ya iki ölkənin konstitusiyaları ilə
bağlı bənd yoxdur.
"Ümumilikdə, sazişin mətnində birtərəfli qaydalar
yoxdur. Həmçinin, konstitusiyalarla bağlı heç bir tənzimləmə
yoxdur", - o deyib.
Azərbaycan rəsmiləri dəfələrlə bəyan edib ki, Ermənistanın
konstitusiyasında ölkələrinə qarşı ərazi iddiası var və buna görə
də o dəyişdirilməlidir.
Mirzoyan sülh sazişi imzalanarsa, Avropa İttifaqının Ermənistandakı
Monitorinq Missiyasının taleyinə də toxunub. Bildirib ki, Yerevan
Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasından
sonra Monitorinq Missiyası ilə əməkdaşlığa dair "məqbul və
qarşılıqlı faydalı" həll yolunu Brüssel ilə müzakirə edəcək.
ABŞ:
'Münaqişə səhifəsini çevirmək üçün bir fürsətdir'
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında "tarixi" sülh
müqaviləsi üzrə danışıqların başa çatmasını
alqışlayır.
"Bu, hər iki ölkə üçün prezident Trampın daha dinc
dünya vizyonuna uyğun olaraq, çoxillik münaqişə səhifəsini çevirmək
fürsətidir. İndi sülh öhdəliyi götürmək, sazişi imzalamaq və
ratifikasiya etmək, Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq
dövrü açmaq vaxtıdır", - ABŞ dövlət katibi Marko
Rubionun bəyanatında bildirilir.
37 ildən sonra razılıq -
Əliyevlə Paşinyan bu il sülh müqaviləsini
imzalayacaq? "Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi
yekunlaşıb". Bunu martın 13-də Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan
Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
"Sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar
prosesi yekunlaşıb. Son iki açıq maddə qalmışdı, yaxınlarda
Ermənistan tərəfi həmin iki maddə üzrə Azərbaycanın təkliflərini
qəbul etdiyini bizə əlaqə kanallar vasitəsilə çatdırıb. Ona görə
mətn üzrə işlərin yekulaşdırıldığını qeyd edə bilərik. Növbəti
addım olaraq... Ermənistan konstitusiyasında və digər normativ
hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair
qalan iddiaların konstitusiyaya dəyişikliklər edilməsi yoluyla
aradan qaldırılması baş tutmalıdır. Bu, sazişin imzalanması üçün
labüd ilkin şərtdir", - C.Bayramov deyib.
Razılaşdırılmayan məsələlərin sərhəddə üçüncü tərəfin silahlı
qüvvələrinin saxlanmaması və beynəlxalq məhkəmə iddialarının geri
çəkilməsi ilə bağlı olduğu deyilirdi.
+++
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişi
layihəsinin mətni üzrə işin yekunlaşdığını və daha əvvəl
razılaşdırılmamış iki bənd üzrə razılığın əldə olunduğunu
təsdiqləyib.
Qurumun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki,
Azərbaycan XİN-ə diplomatik kanallarla birgə bəyanat verməyi təklif
edib. Ermənistan XİN əlavə edib ki, "rəsmi Bakı
birtərəfli bəyanat verməyi üstün tutub".
Yerevan sazişin imzalanmasının tarixi və yeri ilə bağlı Azərbaycan
Respublikası ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu
bildirir.
"Sirr
yoxdur"
Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda jurnalistlərə
deyib ki, sülh sazişi layihəsi "məqbul kompromis variant" sayılır,
ölkəsi sazişin nə zaman və harada imzalanmasını müzakirə etməyə
hazırdır.
"Həmin mətndə cəmiyyətdən saxladığımız sirr yoxdur, o,
maddə-maddə dərc olunub. Düşünmürəm ki, cəmiyyət onun məğzi ilə
tanış deyil", – Paşinyan deyib.
O vurğulayıb ki, saziş imzalanandan sonra Ermənistan Azərbaycanla
sərhəd boyunca xarici qüvvələr yerləşdirməyəcək.
"Ehtimal sıfıra
bərabərdir"
Siyasi şərhçi Rauf Mirqədirov hesab edir ki, hətta tərəflər sülh
sazişi imzalamaq üçün razılığa gəlsələr belə, bunun yaxın vaxtda
gerçəkləşməsi mümkün deyil: "Tam tutumlu hər hansı bir
sülh sazişi dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz
tanımasından keçir. Yaxın bir-iki ayda Ermənistan konstitusiyasına
dəyişikliklər ediləcəyi ehtimalı sıfıra bərabərdir. Əgər bu sənəd
tərəflərin bir-birinin ərazi bütövlüyünü mütləq tanımasını əhatə
etmirsə, bu, sülh sazişi deyil. Adının nə olmasının əhəmiyyəti
yoxdur".
"2026-cı ilin iyunundan
tez olmayacaq"
Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard
Qiraqosyan da razılaşır ki, konstitusiya dəyişikləri uzun çəkən bir
prosesdir, amma o bunu mümkünsüz də saymır:
"Konstitusiya dəyişikliklərini Ermənistan tərəfi qəbul
edir. Lakin konstitusiya dəyişikliyi hüquqi proses kimi 2026-cı
ilin iyunundan tez başa çatmayacaq. Tərəflərin açıqlamaları çoxdan
gözlənilən ikitərəfli müqaviləni yekunlaşdırmaq və imzalamaq üçün
real fürsətdən xəbər verir".
Qiraqosyan inanır ki, son dəqiqədə hansısa əlavə tələblər
qaldırılmasa, Azərbaycan və Ermənistan diplomatiyada çıxılmaz
durumu geridə buraxa bilər.
Aİ sülh prosesinin
yekunlaşmasına dəstəyə hazır olduğunu bildirir
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın "Sülh və
dövlətlərarası münasibətlərin qurulması" haqqında saziş layihəsini
tamamlaması xəbərinə münasibət bildirib.
"Biz hər iki tərəfi son bir neçə ildə bu istiqamətdə həm
ikitərəfli, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə
apardıqları əzmkar işlərə görə alqışlayırıq. Aİ Ermənistanın mətnin
yekunlaşmasına yol açmasını təqdir edir", - (Aİ)
xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya
Kallasın bəyanatında bildirilir.
K.Kallas həmin xəbəri regionda davamlı sülh və təhlükəsizliyə doğru
atılan "həlledici addım" kimi xarakterizə edib: "Hər
iki tərəfin eyni perspektivli və kompromis yönümlü yanaşma ilə bu
prosesin problemsiz başa çatmasını təmin etməsi
vacibdir".
O, Aİ-nin iki ölkə arasında normallaşma prosesini tam müdafiə
etdiyi və tərəflərin istəyi olarsa, əlavə dəstək və mütəxəssis
yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
Reaksiyalar
Fransa prezidenti Emmanuel Makron: "Mən Ermənistan və Azərbaycan
arasında danışıqların yekunlaşmasının elan edilməsini alqışlayıram.
İndi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına
heç bir maneə qalmayıb və bu, Cənubi Qafqazda davamlı sülhün yolunu
açmalıdır".
I welcome the announcement of the conclusion of negotiations between Armenia and Azerbaijan.
There are now no remaining obstacles to the signing of a peace treaty between Armenia and Azerbaijan, which should pave the way for a lasting peace in the South Caucasus.
Almaniya xarici işlər naziri Annalena Berbok: "Ermənistan və
Azərbaycanın sülh sazişi üzərində razılığa gəlməsi xəbəri ümid üçün
əsas yaradır. Onilliklər boyu davam edən düşmənçilik və müharibədən
sonra davamlı sülhün əlçatan olması region və onun hüdudlarından
kənarda mühüm əhəmiyyət kəsb edir. Uzun müzakirələrdən sonra
Ermənistanın cəsarətli güzəştləri bu yolun son addımını mümkün edib
– biz hər iki ölkəni bu yolda müşayiət etmişik. Hər iki tərəfi indi
sülh sazişini imzalamağa çağırıram".
Die Meldung über die Einigung von #Armenien und #Aserbaidschan auf ein #Friedensabkommen stimmt hoffnungsvoll. Dass nach Jahrzehnten der Feindseligkeit und des Krieges nachhaltiger Frieden nun greifbar werden kann, ist wichtig für die Region und darüber hinaus. 1/2
— Außenministerin Annalena Baerbock (@ABaerbock) March 13, 2025
Avropa Şurasının baş katibi Alen Berse: "2001-ci ildə Avropa
Şurasına daxil olarkən hər iki ölkə sülh əməkdaşlığı istiqamətində
işləmək öhdəliyi götürdü. Bu Saziş layihəsi hər iki üzv dövlətin bu
potensialı reallaşdırmaq və regionda sabit, davamlı sülh yaratmaq
iradəsinin sübutudur. İndi bu impulsu qorumaq və Avropa Şurasının
Nizamnaməsinə uyğun olaraq, bu prosesi mehriban qonşuluq
münasibətləri ruhunda, hər iki ölkənin suverenliyinə və ərazi
bütövlüyünə tam hörmətlə rəvan başa çatdırmaq son dərəcə
vacibdir".
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş,
Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal
edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında
Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi
bütövlüyünü bərpa edib.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də
Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da,
hələlik, sülh sazişi imzalanmayıb.