İran Azərbaycan-Ermənistan sülh sazişini tezliklə imzalamağa çağırır
09:58 / 26.03.2025
Martın 25-də Yerevanda səfərdə olan İranın xarici işlər naziri
Abbas Əraqçi Ermənistan və Azərbaycanı uzun illər davam edən
danışıqlardan sonra sülh sazişini "mümkün qədər tez" imzalamağa
çağırıb. Tərəflər martın 13-də sazişin mətnini yekunlaşdırdıqlarını
açıqlayıblar.
"Biz Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə
razılaşmanı alqışlayırıq və hər iki ölkəni bu sənədi mümkün qədər
tez imzalamağa çağırırıq", - Əraqçi ermənistanlı
həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bildirib.
"Bu sazişin Qafqazda sülh və sabitlik, eləcə də
iqtisadi münasibətlərin inkişafı üçün çox vacib olduğuna
inanırıq", – o, birgə mətbuat konfransında
söyləyib.
İranlı nazirin fikrincə, Ermənistan-Azərbaycan sülh sazişi Cənubi
Qafqazda iki dövlət arasında gərginliyin ciddi eskalasiyası riskini
minimuma endirəcək.
Yerevan saziş layihəsi üzrə son fikir ayrılıqları ilə bağlı
Azərbaycanın təkliflərini qəbul edəndən dərhal sonra Ermənistan
Xarici İşlər Nazirliyi Bakını müqavilənin imzalanma tarixi və yeri
barədə məsləhətləşmələrə başlamağa çağırıb. Baş nazir Nikol
Paşinyan bu çağırışı ötən həftə sosial şəbəkələrdə dəfələrlə
təkrarlayıb.
Mirzoyan bu gün deyib ki, Bakı hələ də müsbət cavab verməyib:
"Hələlik, bu müqavilənin harada və nə vaxt imzalanacağı
ilə bağlı [qarşılıqlı] anlaşma yoxdur".
Martın 13-dən bəri Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki,
sülh sazişinin imzalanması Ermənistan Konstitusiyasının
dəyişdirilməsi və ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun
ləğvindən asılıdır. Bakının digər tələbi Ermənistanın İranla
həmsərhəd yeganə bölgəsi Sünikdən Azərbaycanın Naxçıvan eksklavına
quru dəhlizinin açılmasıdır.
Əraqçi qeyd edib ki, İran onu Ermənistanla ümumi sərhəddən və ya
birbaşa nəqliyyat əlaqəsindən məhrum edə biləcək dəhlizə qarşıdır.
O, Tehranın Yerevanın "Sülh qovşağı" layihəsinə dəstəyini
təsdiqləyib.
"Biz region ölkələrinin müstəqilliyini və ərazi
bütövlüyünü dəstəkləyirik və beynəlxalq səviyyədə tanınmış
sərhədlərin istənilən dəyişməsinə və ya hər hansı digər geosiyasi
dəyişikliklərə qarşı çıxırıq. Bu, İranın qəti
mövqeyidir", – Əraqçi vurğulayıb.
Azərbaycan XİN Mirzoyana
cavab verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər
naziri A.Mirzoyanın iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə
mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət
bildirib.
XİN vurğulayıb ki, Mirzoyanın sülh müqaviləsinin mətni üzrə
razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə
iddiaları tamamilə əsassızdır.
"...Ermənistan konstitusiyasında Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması,
habelə Minsk qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində
danışıqlar prosesinin vacib mövzuları sırasında
olub", – XİN əlavə edir.
Nazirlik qeyd edir ki, Ermənistanın Azərbaycanın bu şərtləri yeni
irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq
məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək.
Xatırlatma
1990-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və
Ermənistan arasında toqquşmalara səbəb olub, Azərbaycanın Qarabağ
bölgəsi və ətrafındakı 7 rayon işğal edilib.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında
Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi
bütövlüyünü bərpa edib.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də
Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da,
hələlik, sülh sazişi imzalanmayıb.