Ermənistan Parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib

Bu gün, 26 mart tarixində, Ermənistan Parlamenti səs çoxluğu ilə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini yekun olaraq qəbul edib.


"Azadlıq" radiosunun Ermənistan xidmətinin məlumatına görə, hakim partiyanın nümayəndələri bildiriblər ki, bu qanun siyasi iradəni əks etdirir. Parlamentdəki müxalifət isə hesab edir ki, Ermənistan perspektivsiz bir prosesə daxil olur.

Avropa İttifaqına namizəd
statusunu əldə etmək üçün Ermənistanın bir çox islahatlar aparması və qanunvericiliyini Aİ qanunvericiliyinə uyğunlaşdırması tələb olunacaq.

Cənubi Qafqazda Avropa İttifaqına namizəd statusu olan yeganə ölkə Gürcüstandır. Lakin 2024-cü ilin iyun ayında Aİ, Gürcüstanda demokratiyanın geriləməsi və namizəd ölkə öhdəliklərindən geri çəkilməsi səbəbindən ölkənin üzvlük prosesini dayandırdı və hakimiyyəti Avropa inteqrasiyası yoluna qayıtmaq üçün zəruri addımlar atmağa çağırdı. Bu addımlar arasında məşhur "agentlər haqqında qanunun" ləğvi də var idi.

2024-cü ilin noyabrında "Gürcü Arzusu" hakimiyyəti 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük üçün danışıqların açılması məsələsini gündəmə gətirməyəcəyini elan etdi. Bu qərar Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyalarına səbəb olub və bu aksiyalar hələ də davam edir.

Ermənistan hökuməti 2025-ci ilin yanvar ayında Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini razılaşdıraraq parlamentə göndərib. Parlament fevral ayında qanun layihəsini birinci oxunuşda qəbul etmişdi.

Rusiya hökuməti isə Ermənistanın bu addımını Avrasiya İqtisadi İttifaqından çıxış prosesinin başlanğıcı kimi qiymətləndirib, çünki bu təşkilata üzvlük Aİ üzvlüyü ilə uyğun gəlmir.


 

Print Email
FaceBook Twitter Google