Tbilisi Şəhər Meriyasının Əmlak İdarəetmə Agentliyinin rəhbəri
Serqo Birkadze Mtatsminda parkı yaxınlığında yerləşən binanın
çökməsi nəticəsində bir nəfərin həyatını itirməsi faktına münasibət
bildirib.
O, bunun çox üzücü bir hadisə olduğunu qeyd edib və vurğulayıb ki,
hadisə baş verən ərazi bələdiyyə torpağı deyil, özəl
mülkiyyətdir.
"Əvvəlcə bildirmək istəyirəm ki, bu, çox üzücü bir
hadisədir və təbii ki, mərhumun ailəsinə başsağlığı veririk. Bu
ərazi birbaşa bələdiyyəyə aid deyil, o, özəl mülkiyyətdir. Özəl
mülkiyyətlə bağlı təhlükəsizlik qaydalarına riayət etmək məhz mülk
sahibinin öhdəliyidir. Bələdiyyə ərazilərinə gəldikdə isə, biz
həmişə çalışırıq ki, onların təhlükəsizliyi təmin edilsin və hər
hansı insidentlərin qarşısı alınsın" – deyə Serqo
Birkadze bildirib.
Dünən, 25 mart tarixində yayılan məlumata görə, iki gün əvvəl
Mtatsminda parkında binanın çökməsi nəticəsində bir nəfər ölüb, iki
nəfər isə yaralanıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı
Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi üzrə istintaq
başladılıb. Bu maddə mədən, tikinti və ya digər növ işlər zamanı
təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.