ABŞ avtomobil idxalına 25%-lik vergi tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp avtomobil idxalına 25%-lik gömrük rüsumu tətbiq etmək qərarına gəlib.


Tramp 26 martda bəyan edib ki, tarif 2 apreldən qüvvəyə minəcək.

ABŞ üçün avtomobillərin əsas tədarükçülərindən biri Almaniyadır. Alman siyasətçilər Avropa İttifaqını (Aİ) sərt cavab verməyə çağırıblar.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Trampın qərarını "təəssüf doğuran" adlandırıb. Onun sözlərinə görə, tariflər həm biznesə,
həm də ABŞ və Aİ-dəki istehlakçılara zərər vurur.

Fon der Lyayen bildirib ki, Aİ iqtisadi maraqlarını qorumaqla yanaşı, məsələnin danışıqlar yolu ilə həllinə çalışacaq.

Prezidentlik müddətinin ikinci dönəminə başlayandan cəmi iki ay sonra Tramp artıq bir neçə tarif tətbiq edib və ya elan edib. Mart ayından etibarən o, idxal olunan polad və alüminiuma 25%-lik vergi tətbiq edib. Tramp habelə Aİ-də istehsal olunan alkoqollu içkilərə 200%-lik rüsum tətbiq edəcəyi ilə hədələyib.

Tramp tarifləri digər ölkələrə təzyiq göstərmək, ticarət balansını qorumaq və ABŞ iqtisadiyyatını gücləndirmək vasitəsi kimi qiymətləndirir. Lakin onun rəqibləri bu cür qərarların resessiya və qiymət artımına səbəb olacağını bildirirlər.


 

Print Email
FaceBook Twitter Google