Ermənistan Parlamenti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin
başlanmasını yekun olaraq dəstəklədikdən sonra Moskva bu məsələyə
münasibət bildirib.
26 martda Ermənistan Parlamentində (107 yerlik) hakim partiya
əksəriyyəti Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsinin
ikinci oxunuşunu dəstəkləyib.
"Ermənistan eyni anda "iki stulda otura" bilməz, ona
Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı arasında seçim
etmək lazım gələcək", –
bunu Rusiya Federasiyası baş
nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında
bildirib.
Bundan əvvəl Ermənistan Parlamenti ikinci və sonuncu oxunuşda
respublikanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair
qanun layihəsini qəbul edib.
"Mən qəbul edilmiş qanunun mətnini oxudum. O, elə bir
məzmunda yazılıb ki, "bütün yaxşı şeyləri dəstəkləyir və bütün pis
şeylərə qarşıdır", yəni tamamilə ümumi ifadələrdən ibarətdir. Bu,
Ermənistanın daxili işidir. Lakin biz anlayırıq ki, həm Avrasiya
İqtisadi İttifaqı, həm də Avropa İttifaqı müəyyən bir siyasi
gündəlik üzrə hərəkət edir. Deməli, ölkənin seçim etməsi lazım
gələcək. Çünki eyni anda iki stulda oturmaq mümkün deyil – bu,
tamamilə aydındır", – deyə Rusiya hökumət başçısının
müavini bildirib.
"Biz görürük ki, Ermənistan Avrasiya İqtisadi
İttifaqında aktiv fəaliyyətini davam etdirir", – o
əlavə edib.
"Biz, əlbəttə ki, bu prosesləri diqqətlə izləyirik.
Anlayırıq ki, əgər Ermənistan Avropaya yönəlirsə, bu, bizim həmin
ölkə ilə bütün iqtisadi əlaqələrimizi yenidən nəzərdən
keçirməyimizə səbəb olacaq. Təəssüf ki, bu, Ermənistanda insanların
yaşayış səviyyəsinə təsir göstərəcək və bu, bizim üçün arzuolunan
deyil".