Mzia Amağlobelinin işi üzrə əsas məhkəmə baxışı Batumi Şəhər
Məhkəməsində 31 martda davam edəcək.
Bu iclasda vəkillər açılış nitqi ilə çıxış edəcək, prokurorluq isə
şahidləri təqdim etməlidir. Hələlik növbəti iclasda kimlərin
dindiriləcəyi məlum deyil.
Mzia Amağlobeli qanunsuz həbsdədir. O, etiraz əlaməti olaraq 38 gün
aclıq aksiyası keçirib. Onun jurnalist fəaliyyətinə görə
cəzalandırıldığı bir neçə faktla sübut olunur. Məsələn, onun
həbsinə əsaslanan saxta protokol buna bariz nümunədir.
Mzia Amağlobelinin işinə sanksiyaya məruz qalmış hakim Nino
Saxelaşvili baxır. Estoniya onu 2025-ci il martın 3-də məhz Mzia
Amağlobelinin işi üzrə insan haqlarını pozduğuna görə sanksiyaya
məruz qoyub. Nino Saxelaşvili saxta sənədlərə əsaslanaraq
Amağlobeliyə həbs cəzası təyin etdikdən sonra, sınaq müddəti ilə
təyin edilmiş hakim olmasına baxmayaraq, daimi hakim statusu aldı.
Onun hüquq sahəsində cinayət işlərinə dair ixtisası yoxdur.
Mzia Amağlobelinin işi üzrə hökmü, böyük ehtimalla, hakim Nino
Saxelaşvili çıxaracaq.
Ona polis əməkdaşına hücum ittihamı irəli sürülüb. Əgər bu ittiham
təsdiqlənərsə, onu 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
Lakin iş üzrə əhəmiyyətli
sübutların böyük hissəsini hakim Viktor
Metreveli işdən çıxarıb. Müdafiə tərəfinin şahid kimi dindirmək
istədiyi 17 nəfər, 18 video sübut, 13 baxış protokolu və 14 yazılı
sübut məhkəmə prosesindən uzaqlaşdırılıb.
2025-ci il martın 18-də Mzia Amağlobeli inzibati iş üzrə hakim
Salix Şainidze tərəfindən 2000 lari məbləğində cərimələnib. Bu iş
üzrə hakim Acarıstan Polis Departamentinin rəisi Qriqol Beselia və
Batumi Polis İdarəsinin rəisi İrakli Dqebuadzeni dindirməkdən
imtina edib. Səbəb kimi isə müdafiə tərəfinin məhkəməyə təqdim
etdiyi videolarda hər şeyin açıq-aydın göründüyünü göstərib.
Söhbət elə bir videodan gedir ki, orada Mzia Amağlobelinin birbaşa
Acarıstan Polis Departamentinin rəisi Qriqol Beselia tərəfindən
saxlanıldığı görünür. Halbuki saxlanma protokoluna əsasən, onu
başqa bir polis əməkdaşı – Qoça Vanadze saxlamış kimi göstərilib.
Həmçinin bir digər videoda Batumi Polis İdarəsinin rəisi İrakli
Dqebuadzenin səsi eşidilir və o, Amağlobelinin İnzibati Məcəllənin
150-ci maddəsinə əsasən saxlanıldığını deyir. Lakin saxta
protokolda Amağlobelinin İnzibati Məcəllənin 173-cü maddəsinə
əsasən saxlanıldığı və polis əməkdaşlarını təhqir etdiyi
yazılıb.
Bütün bu saxtakarlıqlara baxmayaraq, hakim Salix Şainidze Mzia
Amağlobelini hüquq pozucusu kimi tanıyıb. Amağlobelinin vəkilləri
hələ də hakimin qərarını rəsmi şəkildə almayıblar, lakin onlar bu
qərarı apelyasiya qaydasında mübahisələndirmək
niyyətindədirlər.
Bundan əlavə, Mzia Amağlobelinin vəkilləri bu işi Avropa İnsan
Haqları Məhkəməsinə çıxarmağı planlaşdırırlar.