Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal
müharibəsinə başlayanda Xuruş Sehəti Britaniyada yerləşən İran
Beynəlxalq Televiziyasında çalışırdı.
İndi bu televiziya jurnalisti özünün "ikinci vətən"i adlandırdığı
Şərqi Avropa ölkəsi - Ukraynada cəbhə xəttində döyüşür.
Sehəti Ukraynanın Xarici Legionuna - xarici könüllülərdən ibarət
hərbi bölməyə qoşulan ilk tanınmış iranlıdır.
AzadlıqRadiosunun "Fərda" xidmətinə müsahibəsində Sehəti deyib ki,
o, Ukraynanı
"diktatorlar və işğalçılar klubu"na qarşı müdafiə
edir.
46-yaşlı jurnalistin Ukraynada döyüşmək qərarı həm də dərin şəxsi
bir səbəbə dayanır.
"Ukraynaya bağlılığım var, çünki həyat yoldaşım
ukraynalıdır və uşaqlarımız yarıukraynalıdır", - o
bildirib və əlavə edib ki, ailəsi indi Londonda yaşayır.
Sehəti martın 18-də Ukraynada döyüşmək qərarını açıqlayaraq X
sosial şəbəkəsində "cinayətkar Putin və onun dəstəkçilərinə qarşı
döyüşmək" üçün müharibəyə qoşulduğunu yazmışdı.
Rusiya İranı
"incidib"
Ukrayna ilə şəxsi əlaqələrindən başqa, Sehətinin Moskvaya müxalif
olmasının kökündə İranın Rusiyaya qarşı tarixi narazılıqları
dayanır.
"Amerikanın Səsi"nin fars xidmətində çalışmış və ABŞ vətəndaşı olan
Sehəti deyib:
"Rusiya son 200 ildə İranı çox
incidib".
İran və çar Rusiyası 19-cu əsrdə bir sıra müharibələr aparıb və
nəticədə Tehran Qafqazın böyük hissəsini Moskvaya verib.
Rusiya imperiyası İranın təbii sərvətləri uğrunda mübarizə aparıb
və İran ərazilərini işğal edib. 1940-cı illərin ortalarında Sovet
İttifaqı İranın şimal-qərbində qısa müddətə etnik kürd və
azərbaycanlıların respublikalarına dəstək verib. Bu respublikalar
tez bir zamanda dağılsa da, bu günə qədər davam edən etnik
gərginlikdə rol oynayıb.
"Həmrəylik
mesajı"
Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri İran Moskvanı
Ukrayna şəhərlərinə və infrastrukturuna zərbələr endirmək üçün
dronlarla təmin edib.
Həm Tehran, həm də Moskva bunu inkar etsə də, bunun əksini göstərən
əsaslı dəlillər var. İranın Ukraynada istifadəsi üçün Rusiyaya
raketlər verə biləcəyi barədə də narahatlıqlar artır.
Sehəti orduya qoşulmaq qərarının arxasındakı motivasiyalarından
birinin iranlılarla bağlı təsəvvürləri dəyişdirmək olduğunu
bildirib.
"İranlılar ilə ukraynalılar arasında həmrəylik mesajı
göndərməyə çalışıram ki, ukraynalılar iranlıları İslam
Respublikasının əməlləri ilə əlaqələndirməsinlər", -
o deyib.
Siyasi fəaliyyətləri səbəbindən bir neçə dəfə həbs olunmuş hüquq
müdafiəçisi olan Sehəti 2004-cü ildə İrandan Türkiyəyə qaçıb. O,
siyasi mühacir statusu alıb və daha sonra ABŞ-yə köçüb.
"Qətl yox,
özünümüdafiə"
X.Sehəti 1988-ci ildə İraq-İran müharibəsi bitəndə 10 yaşında olub
və onun İranda tamamladığı ikiillik məcburi hərbi xidmətdən başqa
heç bir döyüş təcrübəsi yoxdur.
Ukraynanın Xarici Legionuna qoşulduqdan sonra, o və onun birliyi
peşəkar təlimlər keçib.
O, döyüşdə heç vaxt heç kimi öldürmədiyini etiraf edib, lakin psixi
cəhətdən buna hazır olduğunu əlavə edib.
"Bu, birisinin silahlanıb evinizə soxulması və sizi
hücum etməyə çalışması kimidir. Siz nə edərsiniz?", –
Sehəti deyib.
"Özünüzü müdafiə etmək qanuni
özünümüdafiədir, qətl deyil".
Yazı AzadlıqRadiosunun "Fərda" xidmətinin jurnalisti Mehran Kərimi
və radionun İran məsələləri üzrə ixtisaslaşmış əməkdaşı Kian Şərifi
tərəfindən hazırlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415