Paşinyan Ermənistanın keçmiş prezidentlərini hədələyir
09:46 / 28.03.2025
Ermənistan baş naziri Nikol Paşinyan martın 26-da parlamentdə
çıxışında üç keçmiş prezidenti sərt tənqid edib.
Paşinyan Qarabağın itirilməsinə görə onu günahlandırmaqdan əl
çəkməsələr, sabiq prezidentləri "divara çırpmaq" və "ayaq altında
tapdalamaq" ilə hədələyib.
Qəzəbli çıxışında Paşinyan xatırladıb ki, Levon Ter-Petrosyan,
Robert Koçaryan və Serj Sarkisyan bu məsələ ilə bağlı televiziya
debatından imtina ediblər.
"Əgər müzakirə ediləcək bir şey yoxdursa, onda susun,
oturun", - Paşinyan parlamentin iclasında bildirib.
"Əgər debat etməyə hazırsınızsa, gəlin danışaq. Mən
sizlə debat etməyəcəyəm, sizi divara çırpacağam və siyasi
cəsədlərinizin qalıqları oradan çıxarılacaq. Bu, hər üçünüzə
aiddir. Əsəblərimlə oynamağı dayandırın".
"Ya susub bu mövzu barədə danışmırsınız, ya da canlı
debat edirik," - Paşinyan xəbərdarlıq edib.
"Başqa seçim yoxdur."
Paşinyan ötən ilin dekabrında keçmiş prezidentləri debata
çağırmışdı. Buna səbəb onların yekdilliklə Paşinyanın iddialarını
rədd etməsi idi. Paşinyan iddia edirdi ki, Minsk qrupu çərçivəsində
ABŞ, Rusiya və Fransanın birgə hazırladığı və Ermənistanın keçmiş
hökumətləri tərəfindən nəzərdən keçirilən bütün sülh planları
Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.
Keçmiş prezidentlər bu iddianı rədd edərək bildiriblər ki, Paşinyan
məsuliyyətdən yayınmaq üçün açıq-aşkar yalan danışır.
Ter-Petrosyanın sözçüsü Arman Musinyan "Facebook" hesabında baş
nazir Paşinyana sərt cavab verib: "O, dişləyəcək,
ağlayacaq, təpik atacaq, qışqıracaq və yuxarı instansiyalara
şikayət etməklə hədələyəcək, ağla gələn və gəlməyən hər şeyi
edəcək. Amma o, heç vaxt Minsk qrupunun Qarabağ nizamlanmasına dair
rəsmi planlarını və Ermənistanın rəsmi cavablarını, o cümlədən
2019-cu ildə özü tərəfindən rədd edilmiş planı
açıqlamayacaq".
14 fevral Paşinyan 2019-cu ildə
Qarabağ sülh planı aldığını təsdiqlədi
Ermənistan baş naziri Nikol Paşinyan əvvəlki iddialarına zidd
olaraq etiraf edib ki, 2019-cu ildə beynəlxalq vasitəçilər
Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
yenilənmiş plan təqdim ediblər. Bu, Paşinyan hakimiyyətə gəldikdən
bir il sonra baş verib.
Təklif edilən plan ilk dəfə 2007-ci ildə ABŞ, Rusiya və Fransa
vasitəçiləri tərəfindən hazırlanmış "Madrid prinsipləri"nə
əsaslanıb. "Madrid prinsipləri" Qarabağ ermənilərinin öz
müqəddəratını təyinetmə hüququnu tanımaqla yanaşı, 1990-cı illərin
əvvəllərində işğal edilmiş Qarabağ ətrafındakı Azərbaycan
rayonlarından erməni qüvvələrinin çıxarılmasını nəzərdə tuturdu.
Qarabağın beynəlxalq səviyyədə tanınan statusu isə gələcək
referendum vasitəsilə müəyyənləşdirilməli idi.
Baş nazir Paşinyan fevralın 12-də parlamentdə sual-cavab
sessiyasında etiraf edib ki, o, 2019-cu ilin iyununda sülh planını
alıb. Lakin o, bu faktı kiçiltməyə çalışıb. "O zaman
masaya qoyulan təklif məndən əvvəl aparılan danışıqların nəticəsi
idi", – Paşinyan müxalif "Hayastan" fraksiyasının
üzvü deputat Aqnesa Xamoyanın sualına cavab verərkən bildirib.
Erməni deputat Paşinyanı danışıqlar masasında heç bir sənədin
olmadığını deyərək Ermənistan vətəndaşlarını aldatmaqda ittiham
edib. Paşinyan isə ermənilərə yalan söylədiyini inkar edərək
"danışıqlar masasında həmişə bir sənəd olub" deyə cavab verib.
O, 2019-cu il planını rədd edib-etmədiyini və əgər rədd edibsə,
bunun səbəbini açıqlamayıb.
Ermənistanın baş naziri 2020-ci il müharibəsindən sonra dəfələrlə
"Madrid prinsipləri"ni tənqid edib. O, 2021-ci ildə iddia edib ki,
ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri
torpaqların Azərbaycana təslim edilməsini Yerevana qəbul etdirməyə
çalışıb və bunun qarşılığında Ermənistan tərəfinə heç nə təklif
etməyiblər. O zaman Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu
iddianı qəti şəkildə təkzib edib. Rusiya Xarici İşlər Nazirliyinin
saytında yayımlanan yazılı açıqlamasında o bildirib ki, Yerevan və
Bakı təklif olunan sülh formulunu Paşinyan hökumətinin 2018-ci ildə
"yeni yanaşmalar" irəli sürməsinə qədər intensiv şəkildə müzakirə
edirdi. Popovun sözlərinə görə, 2019-cu il sülh planına əsasən,
Qarabağ beynəlxalq səviyyədə tanınan müvəqqəti statusa malik olmalı
və gələcək referendum keçirilənədək ətrafdakı yeddi rayondan
ikisini nəzarətdə saxlamalı idi.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş,
Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal
edilmişdi.
2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında
Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü
bərpa edib.
Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar
aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə,
tərəflər bu yaxınlarda saziş üzrə bütün maddələrin
razılaşdırıldığını açıqlayıblar.