Martın 22-də Əfqanıstanda yeni tədris ili başlayıb, amma artıq
dördüncü il ardıcıl olaraq milyonlarla yeniyetmə qızın məktəbə
getməsi qadağan edilib.
Bunlardan biri də Xalidədir. O, Talibanın hakimiyyəti ələ keçirərək
12 yaşdan yuxarı qızların təhsilini qadağan etdiyi zaman 9-cu
sinifdə idi.
"Qadağa həyatıma böyük təsir edib", - 18
yaşında olan Xalidə AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə
bildirib.
"Əvvəl bütün vaxtımı dərslərimə həsr edirdim.
İndi isə vaxtım məqsədsiz keçir".
Talibanın qadınları ictimai həyatdan sildiyi və onların əsas
hüquqlarını ciddi şəkildə məhdudlaşdırdığı Əfqanıstanda məktəb
qadağası 2.2 milyon qıza katastrofik təsir göstərib.
Bundan əlavə, ölkədə məcburi, erkən və uşaq evlilikləri artıb. BMT
bildirir ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra
burada uşaq evliliyi 25 faiz artıb.
Qadınlar üçün təhsil və peşə perspektivlərinin olmaması qadın
intiharlarının artmasına da səbəb olub. Əfqanıstan dünyada
qadınların kişilərdən daha çox öz həyatına qəsd etdiyi nadir
ölkələrdən birinə çevirib.
"Təhsilə çıxışın olmaması yalnız bizim gələcəyimizi
təhdid etmir, həm də ölkəmizin tərəqqisinə və inkişafına mane
olur", – qisas qorxusundan adının çəkilməsini
istəməyən başqa bir yeniyetmə əfqan qız bildirib.
"Bizim oxumaq, inkişaf etmək və parlaq bir gələcəyə
sahib olmaq hüququmuz var", – o deyib.
BMT-nin Uşaq Fondu (UNICEF) məktəb qadağasının nəticələrinin
nəsillər boyu davam edəcəyini vurğulayıb.
"Qadağa sağlamlıq sisteminə, iqtisadiyyata və millətin
gələcəyinə mənfi təsir göstərir", – UNICEF martın
22-də yaydığı bəyanatında bildirib.
"Qızların daha az
təhsil alması onların uşaq evlilikləri ilə üzləşmə riskini artırır,
bu da onların rifahı və sağlamlığına mənfi təsir
edir".
UNICEF xəbərdarlıq edib ki, qadağa 2030-cu ilə qədər davam edərsə,
4 milyondan çox qız məktəbdən kənarda qalacaq.
Talibana daha çox təzyiq
göstərməyə çağırırlar
BMT-nin yüksəksəviyyəli rəsmiləri və əfqanıstanlı qadın fəallar
Talibanın ölkədə qızlara və qadınlara münasibətini "cinsiyyət
aparteidi" (ayrıseçkiliyin ən kəskin forması) olaraq
qiymətləndirib.
Onlar beynəlxalq ictimaiyyətdən 6-cı sinifdən sonra qızların
təhsilinə qoyduğu qadağanı ləğv etmək üçün Talibana daha çox təzyiq
göstərməyə çağırıblar.
Heç bir ölkə beynəlxalq sanksiyalar altında olan Taliban hökumətini
tanımayıb. Lakin Qərbin bəzi ölkələri də daxil olmaqla, getdikcə
daha çox ölkə Taliban hökuməti ilə ticarət, təhlükəsizlik və
immiqrasiya məsələlərində əməkdaşlıq edir.
"Taliban hələ də sərbəst şəkildə gəzir və səyahət
edir", – mühacirətdə yaşayan tanınmış əfqanıstanlı
təhsil fəalı Paştana Durrani deyib.
"Onlar müsahibələr
verir. Bank hesabları var. Ailələri xaricdə yaşayır, amma
əfqanıstanlı qadınların təhsil almasını qadağan
ediblər".
"Beynəlxalq ictimaiyyətə sual verilməlidir ki, onlar həqiqətən
Talibanın qız məktəblərini açmasını istəyir, ya yox?", - deyə o
fikrini tamamlayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415