Rusiya baş nazirinin müavini: "Ermənistan iki stulda otura bilməyəcək"
10:05 / 28.03.2025
Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı
(Aİ) arasında seçim etməli olacaq, iki stulda oturmaq mümkün
olmayacaq,
- Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq
niyyəti ilə bağlı qanun layihəsini ikinci və son oxunuşda qəbul
edib. Hazırda üzvlük üçün müraciət nəzərdə tutulmayıb. Bundan əvvəl
Ermənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, Aİ-yə qoşulma
prosesinə başlamaq üçün ölkədə referendum keçirilməlidir.
"Qəbul edilən qanunun mətni ilə tanış oldum. O belədir
- "yaxşı nə varsa, onun üçün", "pis nə varsa, ona qarşı", tamamilə
ümumi sözlərdir. Ancaq bu, Ermənistanın daxili
işidir", - Overçuk vurğulayıb.
26 mart Ermənistan parlamenti
Avropaya səs verdi
Martın 26-da Ermənistan parlamenti Avropa İttifaqına (Aİ)
inteqrasiya haqqında qanun layihəsini ikinci və yekun oxunuşda
qəbul edib.
Qərbpərəst "Avroreferendum" partiyasının üzvlərinin təşəbbüsü ilə
parlamentə daxil olan layihə fevralın 12-də birinci oxunuşda qəbul
edilmişdi. İkinci oxunuşdan əvvəl layihə parlamentin Avropaya
inteqrasiya komitəsində müzakirə edilib və müsbət rəy alıb.
İkinci oxunuşda qanun layihəsi 64 lehinə, 7 əleyhinə olmaqla qəbul
edilib.
Fevralda baş tutan birinci oxunuşdan sonra layihənin preambulasına
müəyyən dəyişiklik edilib.
"Biz bu qanun layihəsini ona görə parlamentə gətirmişik
ki, Ermənistan Respublikası Avropa İttifaqına doğru irəliləmək üçün
öz siyasi iradəsini ifadə etsin. Bu prosesin geri dönüşü yoxdur.
Xalq bunun tərəfdarıdır", - "Avroreferendum" qrupunun
səlahiyyətli nümayəndəsi Artak Zeynalyan bildirib.
Qanunun qəbulu Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsi
demək deyil. Hakim partiyanın nümayəndələri deyib ki, burada söhbət
siyasi iradədən gedir.
Parlamentdəki müxalifət nümayəndələri isə bildirib ki, "bu,
Ermənistanın perspektivi olmayan bir prosesə daxil olması
təəssüratını yaradır".
Avropa Parlamenti üzvlərinin fikrincə, Ermənistanın Aİ-yə üzvlüyü
uzun zaman və səy tələb edəcək. Üzvlük yolunda Ermənistan
islahatlar həyata keçirməli, ədliyyə sektorundan tutmuş, sosial
sahəyə qədər ölkə qanunvericiliyini Avropa standartlarına
uyğunlaşdırmalıdır.
Moskva isə daha əvvəl Yerevana xəbərdarlıq edib ki,
"Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin
başlanması həm də Avrasiya İqtisadi İttifaqından çıxmaq prosesinin
başlanması deməkdir".