Mtsariaşvili: Əgər Kobaxidze Mzia məsələsində istintaqdan daha çox şey bilirsə, prokurorluğa müraciət etsin
Vəkil Maia Mtsariaşvili İrakli Kobaxidzeyə müraciət edərək bildirib ki, “əgər o, Mzia Amağlobeli işi ilə bağlı istintaqçılar və prokurorlardan daha çox şey bilirsə, istintaq orqanına müraciət edib izahat versin, efirdə hansı tapşırıq və sifarişdən danışırdı?”.

Mtsariaşvili, “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzenin 16 aprel tarixində hökumətyönlü "Rustavi 2" televiziyasında verdiyi açıqlamalara münasibət bildirib:
“Mzia Amağlobeli qurban deyil. O, konkret sifarişi yerinə yetirirdi və onun tapşırığı polisin nüfuzdan salınması və şərəfinin alçaldılması idi. Həbsdə olanların çoxu isə təbliğatın qurbanıdır”.

Vəkil bildirib ki, Kobaxidze bu açıqlamaları ilə Mzia Amağlobelinin günahsızlıq prezumpsiyasını pozur, bu isə Gürcüstan Konstitusiyası ilə təmin olunmuş hüquqdur.
Bundan əlavə, Mtsariaşvilinin sözlərinə görə, baş nazirin dediklərindən fərqli olaraq, nə prokurorluq, nə də ittiham aktı Mzianın kiminsə tapşırığı ilə hərəkət etdiyini qeyd edir.

“Cənab Kobaxidze Mzianı tapşırıq və sifarişlə hərəkət etməkdə ittiham etdi. Lakin onun ittiham aktında bu barədə heç bir qeyd yoxdur. İttiham belə bir halı nəzərə almır. İttiham sənədinə əsasən, Mzia Amağlobeli şəxsi motivlərlə hərəkət edib – konkret olaraq İrakli Dqebuadzeyə qarşı. Həmçinin, iş materiallarında bu iddianı təsdiqləyən heç bir sübut yoxdur. Bu səbəbdən İrakli Kobaxidzenin dedikləri yalandır”.

Vəkilin fikrincə, Kobaxidzenin bu açıqlamaları Mzia Amağlobeliyə qarşı neqativ ictimai rəy yaratmağa xidmət edir.

Mtsariaşvili vurğulayıb ki, Mzia Amağlobeli tərəfindən törədilən hərəkət təhqir kimi qiymətləndirilir və bu, Cinayət Məcəlləsinə əsasən cəzalandırılan əməl
deyil.

“O dedi ki, Mzia polisi təhqir edib və onun məqsədi polisin şərəfini alçaltmaq olub. Mən cənab Kobaxidzeni bir daha xatırlatmaq istəyirəm ki, şərəf və ləyaqətin qorunması sivil dünyada mülki məhkəmə prosedurlarına uyğun həyata keçirilir, Cinayət Məcəlləsi ilə yox. Məhz bu səbəbdən biz dəfələrlə bu işin dayandırılmasını və Mzianın qanunsuz həbslə azad edilməsini tələb etmişik.

Bəli, polisin təhqiri cinayət məsuliyyəti yarada bilər, amma Mziaya qarşı irəli sürülən ittiham – CM-in 353/1-ci maddəsi (polisə hücum) – məhz bu hallara aid deyil. Belə hallar ancaq müəyyən kriteriyaların və sübutların mövcudluğunda inzibati qaydada qiymətləndirilə bilər”.


Vəkil əlavə edib ki, bu, Mzia Amağlobeliyə qarşı hakimiyyətin yüksək vəzifəli şəxsləri tərəfindən həyata keçirilən ilk qaralama kampaniyası deyil.

“Məsələn, həm cənab İrakli Kobaxidzenin, həm də digər yüksək vəzifəli şəxslərin bir neçə dəfə ictimai şəkildə deməsi ki, guya Mzia polisin kürəyinə stiker yapışdırıb – bu tamamilə yalandır. Bu, təkcə baş vermədiyi üçün deyil, həm də ona görə ki, nə polis, nə də prokurorluq belə bir iddia ilə çıxış etməyib”.

“Batumelebi” və “Netgazeti” media orqanlarının təsisçisi Mzia Amağlobeliyə, Batumi polis rəisi İrakli Dqebuadzeyə sillə vurduğu üçün polisə hücum (CM 353/1) ittihamı irəli sürülüb. O, 4 ildən 7 ilədək həbs cəzası ilə üzləşə bilər.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google