Marneulidə qanunsuz silah saxlamağa görə 1 nəfər həbs edilib (VİDEO)
15:54 / 22.04.2025
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, polis Tbilisi və
digər regionlarda keçirdiyi əməliyyatlar nəticəsində qanunsuz odlu
silah
və sursat aşkar edərək götürüb, ümumilikdə 18 nəfər saxlanılıb.
“Marneuli” radiosunun məlumatına görə, saxlanılan şəxslər arasında
Marneuli sakini də var.
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir:
“Patrul Polisi, Mərkəzi Kriminal Polis, Tbilisi,
Sameqrelo-Zemo Svaneti, Kvemo Kartli, Şida Kartli, İmereti,
Acarıstan və Samtsxe-Cavaxeti polis idarələrinin əməkdaşları
tərəfindən həyata keçirilmiş son əməliyyat-axtarış və istintaq
tədbirləri nəticəsində 18 nəfər həbs edilib.”
Nazirlikdən verilən digər məlumata görə, saxlanılan şəxslərin
evlərinə və avtomobillərinə baxış zamanı müxtəlif növ odlu
silahlar, döyüş sursatları və narkotik vasitələr aşkar edilərək
götürülüb.
“Şəxsi axtarış, ev və avtomobillərə baxış zamanı maddi
sübut kimi pulemyotlar, tapançalar, revolverlər, ov tüfəngləri, əl
qumbaraları, çoxlu sayda patron, həmçinin partlayıcı qurğular və
narkotik vasitələr, o cümlədən qurudulmuş marixuana aşkarlanaraq
götürülüb,” – deyə Nazirliyin açıqlamasında
bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236, 273 və 287-ci
maddələri üzrə istintaq aparılır. Həmin maddələr üzrə cinayətlər 9
ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.