Putin təkid edir ki, Ukrayna ilə sülh sazişinə əsasən, dörd region
– Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri bütünlüklə
Moskvanın nəzarətinə keçsin.
Bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.
"Bloomberg"in adlarını çəkməmələrini xahiş edən iki həmsöhbətinin
sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftə
Kremldə uzun sürən görüş zamanı Putini hazırkı cəbhə xətti boyunca
döyüşləri dayandıracaq
atəşkəsə razı salmağa çalışıb. Rusiya lideri
isə ilhaq edilmiş ərazilərlə bağlı maksimalist mövqeyində
qalıb.
Agentliyin mənbələrindən biri bildirib ki, danışıqlar hazırda
dalana dirənib və onları irəli aparmaq üçün Putin ilə Tramp
arasında birbaşa təmas lazımdır.
2022-ci ilin qışında Ukraynaya tammiqyaslı hərbi müdaxilənin
başlamasından bir neçə ay sonra Putin Ukraynanın şərq və cənub
hissəsindəki dörd vilayəti Rusiyanın bir hissəsi elan edib. Lakin
Rusiya bu dörd regionun ərazilərinə tam nəzarət etmir.
Kiyev ilhaq olunmuş torpaqları Rusiya ərazisi kimi tanımadığını
dəfələrlə bəyan edib.
25 aprel
Putin və Uitkoff Rusiya
ilə Ukrayna arasında birbaşa danışıqları müzakirə
ediblər
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi
nümayəndəsi Stiven Uitkoff arasında danışıqlar təkcə Ukrayna deyil,
bir sıra digər beynəlxalq məsələlərdə də mövqeləri yaxınlaşdırmağa
imkan verib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi
Yuri Uşakov məlumat verib.
Kremldəki görüş üç saata yaxın davam edib. Uşakovun sözlərinə görə,
Moskva ilə Kiyev arasında birbaşa danışıqların bərpası mümkünlüyü
də müzakirə olunub.
Uşakov vurğulayıb ki, Moskva ilə Vaşinqton arasında dialoq bundan
sonra da müxtəlif səviyyələrdə davam etdiriləcək.
Uitkoffun Rusiyaya bugünkü səfəri son iki ay yarımda dördüncüdür.
O, fevralın 11-də və martın 13-də danışıqlar üçün Moskvaya iki dəfə
səfər edib, aprelin 11-də isə Sankt-Peterburqda olub.
Tramp: "Əsas məqamların
çoxu razılaşdırılıb"
Ukrayna ilə bağlı sövdələşmənin əksər bəndləri razılaşdırılıb;
tərəflər "çox yüksək səviyyədə" görüş təşkil etməlidir. Bunu ABŞ
prezidenti Donald Tramp "Truth Sosial" hesabında bildirib.
"İndicə Romaya endim. Rusiya və Ukrayna ilə danışıqlar,
görüşlər üçün yaxşı gün oldu. Onlar razılığa çox yaxındırlar və
indi hər iki tərəf "işi bitirmək" üçün çox yüksək səviyyədə
görüşməlidir. Əsas məqamların çoxu razılaşdırılıb", -
ABŞ prezidenti yazıb.
Rusiya ilə Ukrayna arasında danışıqlar 2022-ci ilin yazında
dayandırılıb. Nümayəndə heyətlərinin sonuncu təkbətək görüşü həmən
il martın 29-da İstanbulda baş tutub. Donetsk, Luqansk, Xerson və
Zaporojye vilayətləri Rusiyaya birləşdirildikdən sonra Ukrayna
prezidenti Volodimir Zelenski Putin prezident olduğu müddətdə
Moskva ilə danışıqların mümkünsüzlüyü haqda fərman imzalayıb.
Putin dəfələrlə bildirib ki, Rusiya Ukrayna nümayəndələri ilə
danışıqlara hazırdır, lakin sazişlər yalnız "legitim" hakimiyyətlə
imzalana bilər.
2024-cü il mayın 20-də Zelenskinin Ukrayna prezidenti kimi 5 illik
səlahiyyət müddəti rəsmən başa çatıb. Seçki martın 31-də
keçirilməli idi, lakin Rusiya təcavüzü başlayandan ölkədə hərbi
vəziyyət tətbiq olunduğu üçün ləğv edilib.
'Reuters' Vaşinqtonun Moskva və Kiyevə "yekun" təklifini dərc
edib
"Reuters" agentliyi ABŞ prezidentinin xüsusi elçisi Stiven
Uitkoffun aprelin 17-də Paris görüşündə Avropa nümayəndə
heyətlərinin üzvlərinə təqdim etdiyi iddia olunan sənədin mətnini
yayıb. Onun həqiqiliyi rəsmi olaraq təsdiqlənməyib. Sənəddə
vurğulanır ki, təqdim olunan nizamlama parametrləri Tramp
administrasiyasının "yekun" təklifidir.
Əsas
müddəalar
Daimi atəşkəs:
Hər iki tərəf dərhal atəşkəsin texniki icrası ilə bağlı danışıqlara
başlayır.
Ukraynaya təhlükəsizlik
zəmanətləri:
Ukrayna "Avropa dövlətləri qrupundan və istəkli qeyri-Avropa
ölkələrindən" təhlükəsizlik zəmanəti alır.
Ukrayna NATO-ya qoşulmaq niyyətindən imtina edir.
Ukrayna Aİ-yə üzvlük üçün müraciət edə bilər.
Ərazi:
ABŞ de-yure Rusiyanın Krım üzərində nəzarətini tanıyır.
ABŞ de-fakto Luqansk vilayəti üzərində Rusiyanın nəzarətini
tanıyır.
ABŞ de-fakto Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir
hissəsi üzərində Rusiyanın nəzarətini tanıyır.
Rusiya öz qoşunlarını Xarkov vilayətindən çıxarır.
Zaporojye AES-ə nəzarət Ukraynaya qaytarılır, lakin onu ABŞ idarə
edir.
İqtisadiyyat:
Ukrayna tam bərpa olunur və maddi təzminat alır.
Münaqişə nəticəsində 2014-cü ildən Rusiyaya qarşı tətbiq edilən
sanksiyalar aradan qaldırılır.
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna
güzəştlərə açıq olsa da, ərazilərdən, o cümlədən Krımdan de-yure
imtina etməyə hazır deyil. Zelenskinin Krımla bağlı açıqlaması ABŞ
prezidenti Donald Trampın narazılığına səbəb olub, o, Krımın
Ukraynanın nəzarətinə qaytarılmasını mümkün hesab etmədiyini
açıqlayıb.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə
başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı
tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin
(Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu
haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk
vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox
hissəsi işğal altındadır.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə,
ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi
nümayəndəsi K.Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı
tapşırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415