Marneuli İdman Məktəbi Güləş Çempionatında qala-şam yeməyi üçün 11 987 lari xərcləyib
Marneuli İdman Məktəbi martın 29-30-da Tengiz Naverianinin xatirəsinə həsr olunmuş güləş üzrə Gürcüstan çempionatı çərçivəsində təşkil olunan qala-şam yeməyinə 11 987 lari xərcləyib.

Sadələşdirilmiş satınalma proseduru ilə həyata keçirilən xidmət müqaviləsinə əsasən, şam yeməyinin təşkili fərdi sahibkar Vladimir Kimadze tərəfindən həyata keçirilib. Tədbirdə ümumilikdə 85 nəfər iştirak edib.

Çempionat üçün ümumilikdə 12 656 lari dəyərində ərzaq
məhsulu da alınıb. Eyni zamanda, Marneuli İdman Məktəbi “Marneuli Mall” MMC-dən qəhvə və çay fasilələri üçün 669,75 lari dəyərində məhsullar alıb.

Tədbir çərçivəsində mükafatlar da təqdim olunub – fərdi sahibkar Kənan Əliyevdən 874 lariyə kubok, medal və diplomlar alınıb. Bundan əlavə, “Lisi Sport” MMC-dən 5 cüdo kimonosu və 3 kəmər alınaraq 1 845 lari ödənilib.

Marneuli İdman Məktəbinin məlumatına görə, çempionatda Gürcüstanın müxtəlif region və bələdiyyələrindən ümumilikdə 37 komanda iştirak edib. Turnirin qalibi 8 000 lari, ikinci yerin sahibi 6 000 lari, üçüncü yerin qalibi isə 4 000 lari pul mükafatı ilə təltif olunub.

Tədbirdə Gürcüstan Milli Güləş Federasiyasının prezidenti Temur Xubuluri, federasiyanın vitse-prezidentləri Qiorqi Qaçeçiladze və Aleksi Davitaşvili, doqquzuncu çağırış Parlamentin deputatı və Tengiz Naverianinin qardaşı Tamaz Naveriani, mərhumun dostu və idman jurnalisti Qabriel Barcadze, eləcə də Marneuli İdman Məktəbinin direktoru Mamuka Naveriani iştirak ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google