2025-ci ilin birinci rübündə Gürcüstanda elevatorların sayı ötən
ilin eyni dövrü ilə müqayisədə 2 ədəd azalaraq 30-a çatıb.
Gürcüstanın Milli Statistika İdarəsinin (Sakstat) məlumatına
əsasən, hazırda fəaliyyət göstərən elevatorların əksəriyyəti
(30.0%) Kvemo Kartli regionunda yerləşir. Elevatorların 16.7%-i
Sameqrelo-Zemo Svaneti regionunda, 16.7%-i Kaxeti regionunda,
13.3%-i İmereti regionunda, 10%-i Şida Kartli regionunda, 10%-i
Tbilisidə və 3.3%-i Quriyadadır.
2025-ci ilin birinci rübündə elevatorlar cəmi 20 müştəriyə xidmət
göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 1 nəfər
azdır.
Yanvar-mart aylarında məhsul alıb yenidən satış üçün təhvil verən
istehsalçı və alıcıların sayı 39 olub. Elevatorlarda çalışanların
orta aylıq sayı isə 381 nəfər təşkil edib. Müqayisə üçün qeyd edək
ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 436 nəfər idi.
Bununla belə, saxlanılan məhsulun həcmi baxımından ciddi fərq
yoxdur. Belə ki, 2025-ci ilin I rübündə elevatorlarda saxlanılan
məhsulun ümumi həcmi 104.9 min ton təşkil edib (2024-cü ildə bu
rəqəm 104.7 min ton idi). Saxlanılan məhsulun 42.3%-ni soya şrotu,
36.4%-ni isə buğda təşkil edib.
Hesabat dövründə saxlanılan ümumi məhsulun 73.4%-i elevatorlar
tərəfindən yenidən satış məqsədilə alınan məhsul olub.
Sakstat-ın məlumatına əsasən, 2025-ci ilin I rübündə elevatorlar
tərəfindən 63.9 milyon lari dəyərində 58.3 min ton məhsul satılıb
(2024-cü ildə – 63.2 milyon lariyə 57.3 min ton). Satılan məhsulun
44%-i idxal olunan, 46.5%-i isə yerli (öz istehsalı olan) məhsul
olub.
Öz istehsalı olan məhsullar arasında həm həcminə, həm də dəyərinə
görə buğda unu üstünlük təşkil edib. Belə ki, elevatorlar
tərəfindən satılan yerli məhsulun 77%-i buğda ununa düşüb.
Araşdırma nəticələrinə görə, elevatorların saxlanclarının orta
gündəlik doluluq səviyyəsi (ümumi tutumun faiz nisbətində) yanvar
ayında 48.4%, fevralda 49.5% və martda 44.9% təşkil edib.