ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının paytaxtı
Ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şaraa ilə tarixi görüşü
İranın sərt siyasi xətt tərəfdarı olan mediasında heç də yaxşı
qarşılanmayıb.
Mötədil media görüşü, əsasən, neytral şəkildə xəbər kimi təqdim
etsə də, Suriyanın Tehrandan kəskin şəkildə uzaqlaşmasından narazı
olan mühafizəkar media Trampı üsyançıdan prezidentə çevrilmiş bir
şəxslə görüşdüyünə görə tənqid edib.
Bu reaksiya bir zamanlar İranın regional strategiyasının mühüm
hissəsi olan Suriyanın itirilməsi ilə bağlı Tehranda artan
narahatlığı əks etdirir. Ötən ilin sonunda Bəşər Əsədin
devrilməsindən sonra Suriyanın yeni rəhbərliyi sürətlə İrandan
uzaqlaşmağa, ərəb qonşuları ilə yeni ittifaqlar qurmağa və
sanksiyaları aradan qaldırmaq üçün Qərblə münasibətləri yumşaltmağa
başlayıb.
Təzyiqləri daha da artıran məqam isə odur ki, İran hazırda ABŞ ilə
nüvə danışıqlarına cəlb olunub və burada həm vaxt, həm də təsir
imkanları tədricən əlindən çıxır.
Tramp mayın 14-də Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının liderləri
ilə keçirilən görüş çərçivəsində əş-Şaraa ilə – əvvəllər Əbu
Məhəmməd əl-Colani ləqəbi ilə tanınan sabiq üsyançı ilə – bir araya
gəlib. Bu görüş onun Suriyaya qarşı sanksiyaların ləğv olunacağına
dair verdiyi vəddən bir gün sonraya təsadüf edib.
ABŞ prezidenti bildirib ki, o, bu qərarı Suriyaya "böyümək üçün bir
şans vermək" məqsədilə qəbul edib. Ölkə 14 illik vətəndaş
müharibəsi və iqtisadi fəlakətdən sonra yenidən özünü bərpa etməyə
çalışır.
Sərt xətt tərəfdarı olan və baş redaktoru İranın ali dini rəhbəri
Əli Xamenei tərəfindən təyin edilən "Keyhan" qəzeti Trampın
əş-Şaraa ilə görüşünü ələ salaraq bunu "terrorçu Colani" və
"terrorçuların xaç atası" arasında baş tutan görüş kimi xarakterizə
edib.
İran İslam Respublikası uzun illərdir ki, Yaxın Şərqdə sabitliyi
pozmaq məqsədilə ABŞ-ni regiondakı radikal qrupları
maliyyələşdirməkdə ittiham edir və Vaşinqtonun həmin qruplara qarşı
apardığı kampaniyanı saxtakarlıq kimi dəyərləndirir.
ABŞ-nin qara siyahısında olan İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) ilə bağlı olan "Tasnim" agentliyi də bu mövqeni
dəstəkləyərək Tramp-əş-Şaraa görüşünü ABŞ-nin "təkfiri qruplarla
münasibətlərini rəsmiləşdirməsi" kimi təqdim edib. "Təkfiri"
ifadəsi İran İslam Respublikası tərəfindən regiondakı sünni
dövlətlərlə əlaqəli olduğunu iddia etdiyi silahlı qruplar üçün
istifadə olunur.
Sərt xətt tərəfdarı digər media orqanları isə qeyd edib ki,
əş-Şaraa dekabr ayında İran və Rusiya tərəfindən dəstəklənən Əsəd
hökumətini devirməzdən əvvəl onun rəhbərlik etdiyi "Heyət Təhrir
əş-Şam" qruplaşması hələ də ABŞ tərəfindən terror təşkilatı kimi
tanınır.
İran artıq Suriyadan
kənardamı qalır?
Əsədin devrilməsi İran üçün böyük zərbə oldu, çünki İran "müqavimət
oxu"nu —regional müttəfiqlər və özünün proksilər şəbəkəsini
Suriyaya əsaslanaraq qurmuşdu.
Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa regiondakı əksər ərəb
ölkələri tərəfindən müsbət qarşılanıb və onlarla beynəlxalq
nümayəndə heyətini, həmçinin avropalı diplomatları qəbul edib. Bu
ayın əvvəlində o, prezident Emmanuel Makronla görüşmək üçün
Fransaya səfər edib.
Tramp Suriyanın keçid prezidenti ilə bağlı təəssüratlarını
bölüşərkən əş-Şaraanı "güclü keçmişi olan cazibədar gənc oğlan"
kimi xarakterizə edib. Tramp Vaşinqtonla əlaqələri bərpa etmək üçün
beş şərtdən biri kimi Suriya liderini İsraillə münasibətləri
normallaşdırmağa çağırıb.
İranın Suriyadakı təsiri Əsədin devrilməsi ilə faktiki olaraq yoxa
çıxıb, lakin Rusiya yeni hökumətlə əlaqələr qurmağa və ölkədəki
bazalarını saxlamağa çalışıb.
"Rusiya Suriyanın hələ də sanksiyalar altında olmasından və ABŞ ilə
Avropanın (bu ölkəyə qarşı) sanksiyaların aradan qaldırılması
məsələsində tərəddüd etməsindən istifadə edib", – Karneqi
Beynəlxalq Sülh Fondunda tədqiqatçısı Nikol Qrayevski
AzadlıqRadiosuna bildirib.
O qeyd edib ki, sanksiyaların ləğvi qərarı "əhəmiyyətli" olsa da,
"transformativ deyil", çünki Suriyanın hələ də investisiyaya
ehtiyacı var və (dini və etnik) azlıqlar ilə hökumət arasında,
eləcə də kürdlərin statusu ilə bağlı həll olunmamış məsələlər
mövcuddur. Lakin İran, hazırda demək olar ki, vəziyyətdən
kənardadır: "İranın yenidənqurma işlərinə kömək etmək üçün iqtisadi
kapitalı yoxdur və Rusiya ilə müqayisədə suriyalılar tərəfindən
daha mənfi qiymətləndirilirlər".
İrana sanksiyalar da
qaldırıla bilərmi?
Trampın Suriyaya tətbiq olunan sanksiyaların ləğv olunacağı barədə
açıqlamasının ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyini
təəccübləndirməsi ilə bağlı xəbərlərə istinad edən Böyük
Britaniyada yaşayan siyasi şərhçi Hüseyn Derakşan isə bildirib ki,
sanksiyaların aradan qaldırılması üçün İranın ABŞ prezidenti ilə
razılığa gəlməsi kifayətdir.
"İran başa düşməlidir ki, bu fürsət bir də
təkrarlanmayacaq, ilkin və ikinci dərəcəli sanksiyaların
götürülməsi üçün uranın zənginləşdirilməsini 25 il, hətta daha çox
müddətə dayandırmağa dəyər!", - siyasi analitik X
platformasında yazıb.
Prezident Tramp bu həftə regiona səfəri zamanı bildirib ki, ABŞ
İranın nüvə proqramı ilə bağlı bəlkə də, razılığa gəlməyə
yaxınlaşır.
"Biz uzunmüddətli sülh üçün İranla çox
ciddi danışıqlar aparırıq", – o vurğulayıb.
İranın ali dini lideri Əli Xameneinin baş müşaviri Əli Şəmxani isə
"NBC News"a deyib ki, Tramp Tehrana qarşı sanksiyaları dərhal
aradan qaldırmağa razılaşarsa, İran heç vaxt nüvə silahı
hazırlamamağa sadiq olacaq, uranın yalnız mülki istifadəsində tələb
olunan səviyyədə zənginləşdirilməsini qəbul edəcək.
Cihadçı media üzrə mütəxəssis Mina əl-Lami deyib ki, Suriyanın
daxilində və xaricində olan cihadçılar və sərt xətt tərəfdarı
islamçılar Əhməd əş-Şaraanın xarici döyüşçüləri "satmasından",
İsrail ilə əlaqələri normallaşdırmasından və hətta Suriyada islam
layihələrinə təzyiq göstərəcəyindən narahatdır.
"Buna baxmayaraq, sərt xətt tərəfdarları geniş dəstək toplamaqda
çətinlik çəkirlər, çünki sanksiyaların ləğvi geniş şəkildə əş-Şaraa
üçün böyük bir qələbə və siyasi lider kimi onun imicinə,
etibarlığına aydın dəstək kimi qəbul edilir", – o, X
platformasındakı paylaşımında bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415