Ləğv edilmiş seçkilər və seçkidə iştirakı qadağan olunmuş millətçi
favorit namizəddən
sonra bir neçə aylıq siyasi qarışıqlığın ardından rumınlar,
nəhayət, yeni bir prezident seçiblər. Qalib gələn namizəd həm də
Brüsselə rahat nəfəs aldıracaq biridir.
Mərkəzçi, Avropa İttifaqı-yönlü və Ukrayna tərəfdarı olan Buxarest
meri Nikuşor Dan Rumıniyanın prezidenti kimi beynəlxalq arenaya
çıxır.
"Rumıniya bu seçkidə açıq seçim qarşısında idi: ya
Qərbyönümlü kursu davam etdirmək, ya da ultramillətçiliyə və
Rusiyayönlü siyasətə yönəlmək. Nikuşor Danı seçməklə onlar
Qərbyönümlü davamlılığı seçdilər", – Böyük Britaniyada
yerləşən "Royal United Services Institute" müdafiə və təhlükəsizlik
üzrə analitik mərkəzinin eksperti Oana Lunqesku AzadlıqRadiosuna
bildirib.
"
Rumıniya onilliklərdir ki həm NATO-nun, həm də Aİ-nin
etibarlı üzvdür – bu seçki nəticəsi hər iki qurumda da bir
rahatlanma hissi yaradacaq. Rumıniya strateji mövqeyə
malikdir", – NATO-nun keçmiş sözçüsü olan Oana Lunqesku
əlavə edib.
Mayın 18-də keçirilən seçkilərdə Danın qələbəsi ilə bağlı bir çox
diqqət çəkən məqam var. O, ikinci turda 38 yaşlı ultramillətçi
Corce Simionu məğlub edərək səslərin təxminən 54 faizini
qazanıb.
Dan keçən ilin noyabrında keçirilmiş ilk turda, ümumiyyətlə,
iştirak etməmişdi. O, 2024-cü ildən bəri Buxarest meri kimi ikinci
müddətinə başlamışdı.
Lakin Rusiyanın müdaxiləsi ilə bağlı iddialar fonunda həmin seçki
ləğv edildikdə Dan may ayında təkrar seçki üçün rinqə atılmağa
qərar verdi.
O, Rumıniyanın kommunist rejiminin qanlı devrilişini xatırladaraq
"1989-cu ildən bəri ən çətin tarazlıq anındayıq" deyə bildirib.
İkinci diqqətəlayiq məqam odur ki, Dan yalnız birinci raundda
üçüncü yerin namizədi Krin Antoneskunu cüzi fərqlə qabaqladı və
Corce Simiondan təxminən 20 faiz səslə geridə idi. O, bir şəkildə
həmin fərqi aradan qaldıraraq Simionu məğlub etdi, lakin indi dərin
siyasi qütbləşmə olan ölkədə siyasi ehtirasları sakitləşdirmək kimi
çətin bir vəzifə ilə qarşı-qarşıyadır.
N.Dan müstəqil namizəd kimi yarışıb və həm hakim
koalisiyanın, həm də əsas müxalifət partiyası və onun
müttəfiqlərinin — Simionun təmsil etdiyi qüvvələrin —
namizədlərini məğlub edib.
Bu o deməkdir ki, o, özünü birləşdirici qüvvə kimi təqdim edə
bilər, yeni prezidentin həm də parlamentdə dəstək qazanması
lazımdır.
N.Danın ilk işlərindən biri də çoxluğun dəstəyinə sahib olacaq yeni
baş nazir təyin etməkdir.
"Tramp administrasiyası ilə problemləri ola
bilər"
Kluj Universitetinin Avropaşünaslıq fakültəsindən Serco Mişkoyu
AzadlıqRadiosuna deyib: "Bu, asan deyil, mürəkkəbdir, çünki
parlament çox parçalanıb".
Prezidentlik yarı-icraedici vəzifədir və xarici siyasətdə mühüm
funksiyaları var, məsələn, beynəlxalq sammitlərdə iştirak etmək və
Rumıniyanın Aİ-də veto hüququndan istifadə etmək.
Dan bildirib ki, o, ABŞ ilə yaxın münasibətlər qurmaq, eyni zamanda
davamlı şəkildə Aİ-yönümlü siyasət yürütmək və Ukraynaya dəstəyi
davam etdirmək istəyir.
Onun seçilməsi Brüsseldə və digər Avropa paytaxtlarında
məmnuniyyətlə qarşılanacaq, çünki Dan onların iki namizəd arasında
təbii müttəfiqi və əməkdaşlıq edə biləcəkləri şəxs hesab
olunur.
Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald
Tusk hətta seçkidən cəmi iki gün əvvəl N.Dana birbaşa dəstək
nümayiş etdiriblər.
Seçkidən sonra həm Makron, həm də Tusk Danı qələbəsi münasibətilə
təbrik ediblər.
Nəticələr elan olunduqdan sonra Dan ilə telefonla danışdığını
söyləyən Makron "çoxsaylı manipulyasiya cəhdlərinə baxmayaraq,
rumıniyalılar bu axşam demokratiya, qanunun aliliyi və Avropa
İttifaqını seçdilər" deyib.
Tramp administrasiyası, əksinə, keçənilki seçkilərin ləğv edilməsi
qərarını tənqid edərək Simion tərəfdarlarını sevindirmişdi.
Müstəqil namizəd N.Dan NATO-ya sadiq dəstəyini ifadə edib. O,
Vaşinqtonla münasibətləri yaxşı saxlamağa çalışacaq, çünki ABŞ-nin
Rumıniyada əsas antiballistik raket bazası və təxminən 1700 əsgəri
var.
ABŞ-nin Avropadan hərbi qüvvələrini geri çəkmək planları ilə bağlı
davam edən müzakirələr fonunda bu, Rumıniyanın yeni prezidenti üçün
əlavə başağrısı ola bilər.
"Aİ-yönümlü platforma ilə seçilən hər bir prezidentin Tramp
administrasiyası ilə müəyyən problemləri ola bilər. Amma Nikuşor
Dan solçu deyil", - Mişkoyu bildirib.
"Deyə bilərik ki, o, kifayət qədər mötədil mühafizəkardır. Bu, Ağ
ev ilə müzakirədə ona kömək edə bilər", - o əlavə edib.
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq
tərəfindən hazırlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415