2023-cü ilin dekabr ayında Sibirin Ulan-Ude şəhərindən olan 18
yaşlı Aleksandr on minlərlə yaşıdı ilə birlikdə
Rusiya silahlı qüvvələrində məcburi hərbi xidmətə çağırılıb.
Dörd ay sonra o özünü təxminən 7 min kilometr qərbdə, Ukrayna ilə
Rusiya sərhədi boyunca xəndəklər və piyada səngərləri qazarkən
tapıb. Bir qədər sonra isə həmin səngərlərdə gizlənərək ukraynalı
əsgərlərin və kamikadze dron hücumlarının hədəfi olub.
"Belə çıxır ki, mən qanunsuz olaraq, məndən
soruşulmadan döyüş zonasına göndərilmişəm", –
Aleksandr ötən ay AzadlıqRadiosunun "Sibir Reallıqları" bölməsinə
verdiyi müsahibədə bildirib.
Soyadının açıqlanmasını istəməyən Aleksandrın vəziyyəti Rusiyada
siyasətin toxunulmaz, həssas sahələrindən birini — prezident
Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya hücum
başladığından bəri xüsusilə çəkindiyi məsələni — açıq şəkildə
göstərir.
Çağırışçılar
döyüşdə
Ukraynaya qarşı hərbi işğalın 40-cı ayına yaxınlaşdığı bir vaxtda
Rusiya ordusu ağır itkilər verməyə davam edir: Qərb mənbələrinin
hesablamalarına görə, ölən və yaralananların sayı 750 min nəfəri
keçib və bu rəqəm yazın gəlişi ilə döyüşlərin sürətlənməsi ilə
artır.
Bu ağır itkilərə baxmayaraq, Rusiya döyüş əməliyyatlarının tempini
qoruyub saxlamağı bacarıb. Bunun üçün mobilizasiya olunmuş ehtiyat
qüvvələr, könüllülər, özəl hərbi şirkətlərə bağlı muzdlular, hətta
məhbuslar və daimi ordu bölmələrindən ibarət mürəkkəb bir
səfərbərlik sistemi qurulub. Döyüş xidmətinə görə təklif olunan
yüksək maaşlar və imtiyazlar isə cəbhəyə daimi insan axını təmin
edir.
Lakin Rusiya qanunvericiliyi hərbi xidmətə çağırılmış şəxslərin —
əsasən 18 yaş ətrafında olan və birillik məcburi hərbi xidməti
keçən gənclərin — döyüş bölgələrində xidmət etməsini qadağan edir.
Bu, ilk növbədə, Ukraynadakı münaqişə zonasını əhatə edir.
Putin dəfələrlə söz verib ki, çağırışçılar döyüşə göndərilməyəcək.
Lakin onlar ön cəbhədən uzaq ərazilərdə logistik və ya tikinti kimi
arxa cəbhə tapşırıqlarını yerinə yetirə bilərlər.
Bundan başqa, çağırışçılar cəmi dörd aylıq ilkin hazırlıqdan sonra
tam döyüş xidməti üçün könüllü müqavilələr imzalamağa razı salına,
yaxud məcbur edilə bilərlər. Hüquq müdafiəçiləri və vəkillərin
sözlərinə görə, əksər hallarda çağırışçılar nə imzaladıqlarını tam
başa düşmürlər.
Ötən yay Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə sərhədi
keçərək hücum təşkil edib və zəif müdafiə olunan sərhəd və sərhəd
qoşunlarını, Milli Qvardiya bölmələrini və digər hərbi hissələri
darmadağın edib. Həmin hücum zamanı onlarla çağırışçı əsir alınıb
və ya itkin düşüb. "Vyorstka" xəbər platformasının məlumatına görə,
azı 25 çağırışçı həlak olub.
Aleksandr şanslıdır ki onların arasında olmayıb.
Aleksandrın işi ilə bağlı hərbi prokurorlar və yerli hərbi
komissarlıq nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmayıb.
"Dərhal balaca xəndəklər
qazmağa başladıq və sonra orada oturduq"
Yaroslavl vilayətində yaşayan Aleksandr AzadlıqRadiosuna bildirib
ki, o, 2023-cü ilin payızında hərbi xidmətə çağırılıb. Dekabr
ayında əsgər kimi xidmətə qəbul olunub və ilkin olaraq vaxtının
böyük hissəsini Çinlə sərhəddə yerləşən Amur vilayətində keçirib.
O, dəmiryol nəqliyyatını idarə edən logistik qüvvə Dəmir Yol
Qoşunlarının bir bölüyünə təhkim olunub.
"O ki qaldı hazırlığa, biz cəmi bir neçə dəfə təlim
keçdik, vəssalam. Heç bir xüsusi hazırlıq yox idi", –
Aleksandr bildirib.
2024-cü ilin aprelində onun təlim bazasından naməlum sayda
çağırışçı toplanma məntəqəsinə göndərilib və oradan Ukrayna ilə
sərhəddə yerləşən Rusiya vilayəti Bryanska aparılıb.
Aleksandr deyir ki, əvvəlcə onun səkkiz nəfərdən ibarət bölüyünə
Sərhəd Qoşunları üçün bunkerlər qazmaq əmr verilib. O, orada nə bir
könüllü əsgər - "kontraktnik", nə də səfərbərlik yolu ilə
çağırılmış əsgər – "mobik" görmədiklərini deyir.
"Bizi ön xəttə atanda ətrafda yalnız çağırışçılar var
idi. Hətta bizim qrup komandirimiz də bizim kimi çağırışçı idi,
digər yeddi nəfərdən fərqlənmirdi. Sadəcə ordudan əvvəl hərbi
məktəbdə oxumuşdu", – Aleksandr bildirib.
Keçən avqustda Ukrayna qoşunları Kurskda ərazilər ələ keçirərək
Rusiya qüvvələrini təəccübləndirəndə Aleksandrın bütün batalyonu
Bryanskda idi. Avqustun 6-da onun bölməsinə döyüş hazırlığı əmri
verilib.
"Biz tez xırda xəndəklər qazdıq və sonra orada oturduq.
Bu qədər", - o deyib.
Aleksandrın dediyinə görə, yüksəkrütbəli zabitlər çağırışçılara
sərhədə ən yaxın mövqelərə keçməyi əmr ediblər. Onların arxasında,
ikinci müdafiə xəttində peşəkar əsgərlər və daha yaxşı təchizat var
idi.
Onun sözlərinə görə, çağırışçılara hər hansı plansız geri çəkilmək
qadağan edilib:
"Bir dəfə bir neçə saat atəş altında
qaldıq. Bizi kəşfiyyat missiyasına göndərdilər, sonra isə Ukrayna
silahlı qüvvələri ilə qarşılaşdıq. Biz geri qaça bilmədik; yerimizi
verdiyimiz üçün öz adamlarımız bizi güllələyəcəkdilər. Biz uzanıb
bir neçə saat gözlədik".
Onun sözlərinə görə, Ukraynaya məxsus dron onun mövqeyinə yaxın
yerdə partladılıb və onun beyni sarsıntısı keçirib.
Çağırışçıların "Boz
Zona"sı
Rusiya rəsmiləri, xüsusilə hərbçi ailələri arasında artıq sirr
olmayan bir həqiqəti — çağırışçıların bilərəkdən və ya səhlənkarlıq
nəticəsində Ukrayna ilə sərhəddə döyüşlərə cəlb olunduğunu etiraf
etməkdən imtina edirlər.
Çağırışçıların döyüşə göndərilməsini qadağan edən qanunda isə
hüquqi boşluq mövcuddur: cəmi dörd ay xidmət etdikdən sonra bu
gənclərə müqavilə imzalamağa icazə verilir və bu da onları tam
döyüş xidməti, o cümlədən döyüş bölgəsinə göndəriş üçün "könüllü"
statusuna salır.
Lakin hüquq müdafiəçiləri, vəkillər və hətta valideynlərin
bildirdiyinə görə, zabitlər və hərbi komissarlıq əməkdaşları
çağırışçılara müqavilə imzalatmaq üçün onlara davamlı təzyiq
göstərir, bəzən isə açıq şəkildə məcbur edirlər. Bu zaman onlara
müqavilənin mahiyyəti, hüquqi nəticələri və digər vacib məlumatlar
tam şəkildə izah edilmir.
Ötən ilin oktyabrında Rusiyanın tank diviziyasından olan bir neçə
çağırışçı Müdafiə Nazirliyi ilə saxta müqavilə imzaladıqlarını
bildirdikdən sonra hər biri 305 min rubl (3 min 600 ABŞ dolları)
kompensasiya alıb.
Elə həmin ay, heç bir könüllü müqavilə imzalamamış Aleksandr
bildirib ki, kamikadze dronunun qəlpəsi onun sol ayağına dəyərək
onu yaralayıb. Bundan sonra o, ön xətdən geri gətirilib və
bölüyünün əvvəlcə göndərildiyi Borzya şəhərindəki hərbi xəstəxanaya
yerləşdirilib.
Aleksandr deyib ki, hərbi həkimlər onun yarasını düzgün şəkildə
diaqnoz qoymaqdan çəkiniblər, çünki o çağırışçı idi və aldığı
xəsarət döyüş zonasında baş vermişdi, bu isə mövcud qanunlara
ziddir. Bu səbəbdən o, döyüş yaralanmasına görə nəzərdə tutulan
əlavə ödəniş hüququndan da məhrum edilib.
O, 2024-cü il dekabrın 10-da – xidmətə başladığı gündən düz bir il
sonra tərxis olunub.
"Əvvəl heç gəzə bilmirdim", –o
xatırlayır. "Yalnız birtəhər tullanaraq hərəkət edə bilirdim. Bir
az sağaldı, sonra özümə əsa aldım və az da olsa gəzə bildim".
"Məni hospitalda tərxis olunan günə qədər saxladılar.
Məni həm əlil, həm də pulsuz buraxdılar", – Aleksandr
bildirib.
"İndi məndə panik ataklar da var. Ətrafda
partlayış səsi eşidəndə dərhal dron axtarmağa
başlayıram".
Hazırda o, hərbi prokurorluğa rəsmi şikayət ərizəsi verməyi
planlaşdırır, çünki o, həm döyüş bölgəsində xidmətinin rəsmən
tanınması, həm də aldığı xəsarətə görə kompensasiya almaq
istəyir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415