Prezident Vladimir Putin Rusiyanın Kursk bölgəsinə gözlənilməz
səfər edib.
Ötən ilin yayında Ukrayna qüvvələri bölgəyə hücum edərək bəzi
ərazilərə nəzarəti ələ keçirib, lakin bu, qısamüddətli olub. Rusiya
qoşunları Ukrayna qüvvələrini oradan çıxardığı vaxtdan bəri bu,
Putinin həmin bölgəyə ilk səfəridir.
Dövlət televiziyasında yayımlanan kadrlarda göstərilib ki, Putin
mayın 21-də ərazidən bir neçə sakinlə, eləcə də vilayətin
qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynlə görüşüb.
Ukrayna qoşunları ötən ilin avqustunda Kurska hücum həyata keçirib
və Rusiyanı hazırlıqsız yaxalayıb. Kiyev həmin vaxt Kursk
bölgəsində təxminən 1400 kvadrat kilometr ərazini nəzarətə
götürdüyünü bildirib. Ötən ay Moskva hücumun qarşısının tam
alındığını və Ukrayna hərbçilərinin bölgədən çıxarıldığını
açıqlayıb.
Putinin bu səfəri onun sülh danışıqlarını qəsdən ləngitməkdə
ittiham olunduğu bir vaxta təsadüf edir. Analitiklər bildirir ki,
o, danışıqlarda daha güclü mövqe qazanmaq üçün mümkün qədər çox
ərazini nəzarətə götürməyə çalışır.
Ötən həftə Rusiya və Ukrayna müzakirəçiləri döyüşləri dayandırmaq
məqsədilə üç ildən bəri ilk dəfə üz-üzə danışıqlar aparıblar.
Bu istiqamətdə cüzi irəliləyiş əldə olunub, bu da ABŞ prezidenti
Donald Trampı mayın 19-da rusiyalı həmkarı Vladimir Putinlə
ikisaatlıq telefon danışığı aparmağa vadar edib. Moskva atəşkəs
üçün ilkin şərtləri əhatə edən bir memorandum hazırlamağı vəd edib.
Lakin bir çox analitiklər və Avropa diplomatları bunu Kreml
tərəfindən vaxt udmağa yönəlmiş bir addım kimi qiymətləndirir.
Tramp da
tələsmir
ABŞ dövlət katibi Marko Rubio mayın 20-də Senatın Xarici Əlaqələr
Komitəsinin iclasında bildirib ki, prezident Donald Tramp Moskvaya
qarşı yeni sanksiyalar tətbiq etməyib. Onun sözlərinə görə, ABŞ
prezidenti hesab edir ki,
"bu mərhələdə sanksiya hədələri
səsləndirilsə, ruslar danışıqlardan imtina edəcəklər. Hazırda
onlarla dialoqu davam etdirmək və danışıqlara cəlb etmək bizim üçün
əhəmiyyətlidir".
Avropa İttifaqı (Aİ) və Britaniya mayın 20-də Rusiyaya qarşı yeni
sanksiyalar paketini təsdiqləyiblər. Aİ bəyan edib ki, blok
Rusiyaya qarşı daha bir "kütləvi" məhdudiyyətlər planı üzərində
işləyir.
Öz növbəsində Kreml danışıqlar prosesini bilərəkdən uzatdığına dair
iddiaları bir daha rədd edib. Kremlin sözçüsü Dmitri Peskov
jurnalistlərə bildirib:
"Hər kəs münaqişənin həlli
istiqamətində dinamik şəkildə çalışır".
Tramp vəzifəyə başlayanda bildirib ki, Ukraynadakı döyüşlərin
dayandırılması onun xarici siyasətinin əsas prioritetidir. Martda
o, tərəfləri dərhal 30 günlük atəşkəsə razılaşmağa çağırıb və o
vaxtdan bəri bu çağırışını dəfələrlə təkrarlayaraq atəşkəsi pozan
istənilən ölkəyə sanksiya tətbiq edəcəyini bəyan edib.
Ukrayna prezidenti Volodimir Zelenski Ağ evin təklifini qəbul
etdiyini açıqlasa da, V.Putin bu tələbi rədd edib və Kiyevin
əvvəlcə müəyyən ilkin şərtlərlə razılaşmasını tələb edib. Bu
şərtlərə Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsinin tanınması,
Ukraynanın demilitarizasiyası və neytral status alması
daxildir.
Mayın 19-da keçirilən telefon danışığından sonra Trampın
danışıqlardan geri çəkilməyə hazır olduğu görüntüsü yaranıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415