Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı aparılan intensiv
diplomatik səylər — son üç ildə ilk birbaşa Kiyev-Moskva sülh
danışıqları
və ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin
arasında telefon danışığı — bu həftənin əvvəlində heç bir
irəliləyiş əldə olunmadan başa çatıb.
Ukrayna və Qərbin qarşıya qoyduğu əsas məqsədə - 30 günlük atəşkəsə
nail olunmayıb.
Danışıqlar zamanı və danışıqlardan sonra Rusiyanın hücumları davam
edib və Ukrayna danışıqların ardınca Rusiyadakı müdafiə sənayesi
hədəflərinə dron zərbələri endirib.
Putinlə iki saatlıq telefon danışığından sonra sosial mediada
yazdığı paylaşımda Tramp ABŞ-nin sülh razılaşması əldə etmək
səylərindən geri çəkilə biləcəyinə işarə edib. Halbuki o, prezident
seçkiləri kampaniyasında müharibəni bir və ya iki günə bitirə
biləcəyini bildirmişdi.
Daha çox danışıqlar?
Memorandum?
Mayın 19-da Putinlə telefon danışığından sonra "Truth Social"
platformasında paylaşım edən Tramp Rusiya və Ukrayna arasında
"atəşkəs və, daha önəmlisi, müharibəyə son qoyulması" ilə bağlı
danışıqların "dərhal" başlaya biləcəyini deyib. O, Vatikanı mümkün
görüş yeri kimi qeyd edib və paylaşımını "Qoy proses başlasın!"
sözləri ilə tamamlayıb.
Yeni görüşlə bağlı Kiyev və ya Moskvadan heç bir xəbər yoxdur,
lakin Finlandiya prezidenti Aleksandr Stubb mayın 21-də bildirib
ki, o, tərəflərin gələn həftə, ola bilsin, Vatikanda "texniki
səviyyədə danışıqlar" aparacağı ehtimalına inanır.
Mayın 19-da Trampla da danışan Ukrayna prezidenti Volodimir
Zelenski ertəsi gün deyib ki,
"Ukrayna nəticə verən
istənilən danışıqlar formatına hazırdır", lakin
"Rusiya qeyri-real şərtlər irəli sürməyə və irəliləyişə
xələl gətirməyə davam edərsə, bunun ağır nəticələri
olmalıdır".
Rusiya indiyədək hər hansı ciddi kompromislərə hazır olduğuna dair
heç bir işarə verməyib. Ukraynanın "qəbuledilməz" adlandırdığı
uzunmüddətli mövqeyini təkrarlayaraq tez-tez bunun əksini
göstərib.
Trampla telefon danışığından sonra verdiyi açıqlamada Putin
müharibənin "köklü" səbəblərinin aradan qaldırılmasının vacibliyi
ilə bağlı tezisini bir daha təkrarlayıb, baxmayaraq ki, müharibəyə
səbəb Rusiyanın işğala başlaması olub, o, məsuliyyəti tam şəkildə
Kiyev və Qərbin üzərinə atmağa davam edir.
Tramp dərhal danışıqlardan bəhs etdiyi halda, Putin Trampın
toxunmadığı və ekspertlərin atəşkəsə doğru irəliləyişi yubatmaq
üçün onun tez-tez istifadə etdiyini dediyi "əgər", "amma" və
"lakin"lərlə dolu şərhlərə üstünlük verib. Eyni zamanda Moskva daha
çox əsgər cəlb etməyə, silah istehsalını artırmağa və cəbhədəki
mövqelərini yaxşılaşdırmağa çalışır.
Putin bildirib ki, Rusiya
"sülh sazişinin mümkün gələcək
variantı ilə bağlı memorandumu hazırlamaq məqsədilə Ukrayna tərəfi
ilə birgə işləməyə hazırdır — məsələn, nizamlama prinsipləri,
mümkün sülh sazişinin vaxt çərçivəsi və sair kimi bir sıra
məsələlərin müəyyənləşdirilməsi istiqamətində".
O, dərhal atəşkəs ideyasını bir daha rədd edərək əlavə edib ki,
"müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə
mümkün atəşkəs kimi həllə doğru addımlar nəzərdən keçirilə
bilər".
Zelenski isə ikitərəfli memorandumun mümkün ola biləcəyini qeyd
edib, lakin qərar verməzdən əvvəl Rusiyanın konkret nə təklif
etdiyini görməyin vacib olduğunu vurğulayıb.
"Problemin
məğzi"
Danışıqlar prosesinin hansı mərhələdə olmasından asılı olmayaraq,
irəliləyişi əngəlləyən bir sıra ciddi maneələr var. Bunlardan biri
də ərazi məsələsidir.
Analitiklər hesab edir ki, Rusiya üçün əsas məqsəd torpaq ələ
keçirmək deyil — əslində, Putinin istəyinin Ukraynanı özünə tabe
etmək olduğu deyilir. Yəni, Krım və, bəlkə də, Donbasın bir hissəsi
istisna olmaqla, əgər Ukrayna və onun hökuməti Rusiyayönlü olarsa
və Moskvanın təsiri altında qalarsa, o zaman o, əldə olunan ərazi
miqdarından asılı olmayaraq razı qala bilər.
Putin tammiqyaslı işğalı əsaslandırmaq üçün bir sıra iddialar irəli
sürüb ki, onlardan biri də Qərbin Ukraynanı "anti-Rusiya"ya
çevirməsidir. Lakin çoxları hesab edir ki, bunu məhz Putin özü edib
— 2014-cü ildə Krımı ilhaq etməklə, Donbasda müharibəni
qızışdırmaqla və, nəhayət, 2022-ci ildə genişmiqyaslı işğala
başlamaqla
Hazırkı mərhələdə isə ərazi məsələsi Kiyev və Moskva arasında ən
konkret fikir ayrılıqlarından biridir.
2022-ci ilin sentyabrında Putin şəkildə iddia edib ki, Ukraynanın
dörd ərazisi — Donetsk, Luqansk, Zaporojye və Xerson Rusiyaya
məxsusdur. Halbuki həmin vaxt Rusiya qüvvələri bu bölgələrin yalnız
bir hissəsinə nəzarət edirdi və bu vəziyyət indiyədək
dəyişməyib.
Lakin müxtəlif media orqanlarına adlarının açıqlanmaması şərti ilə
danışan ukraynalı rəsmilərin bildirdiyinə görə, İstanbulda
keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti bildirib ki, Ukrayna
bu bölgələrdən qoşunlarını geri çəkməyincə, atəşkəs mümkün deyil.
Eyni zamanda, bu ərazilərin Rusiyaya məxsusluğunun beynəlxalq
ictimaiyyət tərəfindən tanınması tələb edilib.
Ukrayna bu tələbləri "qəbuledilməz" adlandırıb və prezident
Zelenski bu həftə bir daha təkrar edib ki, Kiyev öz ərazilərindən
ordunu geri çəkməyəcək.
Rusiyanın həmin dörd bölgənin qalan hissələrini ələ keçirmək
istiqamətində irəliləyişi həm yavaşdır, həm də son dərəcə ağır
itkilərlə müşayiət olunur. Xerson və Zaporojye vilayətlərinin
paytaxtları hələ də Kiyevin nəzarətindədir.
"Rusiya ordusu artıq işğal etdiyi dörd bölgənin qalan hissələrinə
nəzarəti ələ keçirə bilməyəcək. Əvvəla, bu, çox geniş ərazidir və
keçənilki sürətlə belə, Rusiya ordusu hətta bir bölgəni – məsələn,
Donetski tam ələ keçirə bilməzdi", - ölkədən kənarda yaşayan
rusiyalı hərbi analitik Yan Matveyev mayın 21-də "Current Time"a
bildirib.
Matveyev qeyd edib ki, Dnepr çayının o tayında yerləşən Xerson
şəhərinin Rusiya qüvvələri tərəfindən ələ keçirilməsi perspektivi
"tamamilə qeyri-real və mümkünsüz" görünür.
Eyni zamanda, 2023-cü ildə Ukraynanın böyük ümidlərlə başladığı
əks-hücum uğursuzluqla nəticələndikdən sonra yaxın vaxtlarda
Ukraynanın əhəmiyyətli əraziləri geri qaytarmaq şansı da çox az
hesab olunur.
"Rusiya hazırda sahib olmadığı və sahib olmağa haqqı çatmayan
şeyləri istəyir, Ukrayna isə hərbi yolla geri qaytara bilmədiyi
əraziləri istəyir", – ABŞ dövlət katibi Marko Rubio mayın 20-də
Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə deyib. "Və
problemin məğzi də məhz budur".
Geri
çəkilmək?
Rusiya və Ukrayna mövqeləri arasında dərin uçurumla üzləşən ABŞ
sülh təşəbbüsündən geri çəkilir?
D.Tramp mayın 19-da "Truth Social" platformasında paylaşımında
Ukrayna və Rusiyanın danışıqları öz aralarında aparmalı olacağını
irəli sürərək qeyd edib: atəşkəs və müharibənin bitməsi üçün
şərtlər "yalnız bu iki tərəf arasında razılaşdırıla bilər, çünki
danışıqların detalları yalnız onların bildiyi məsələlərdir".
Həmin günün sonrasında Ağ evdə jurnalistlərə verdiyi açıqlamada isə
Tramp xəbərdarlıq edərək Vaşinqtonun kənara çəkilə biləcəyini qeyd
edib, lakin bunun hələ baş vermədiyini və irəliləyişin hələ də
mümkün olduğuna inandığını deyib.
Tramp deyib ki, bu məsələdə nə vaxt geri çəkilmək lazım olduğu
barədə onun fikrində "qırmızı xətt" var. "Amma onun nə olduğunu
demək istəmirəm, çünki bu, danışıqları daha da çətinləşdirər".
"Bu Avropanın problemidir, belə də olmalıdır, lakin
əvvəlki administrasiya bizi bu işə cəlb etdi. Məncə, nəsə baş verə
bilər", — Tramp əlavə edib.
"Əgər baş
verməsə, biz kənara çəkiləcək və bunu onlara
buraxacağıq".
Sanksiyalar və dəstək
Eyni zamanda, Tramp hazırda Rusiyaya qarşı əlavə sanksiyaların
tətbiq edilməsinin əleyhinə çıxaraq irəliləyiş üçün yaranmış imkanı
öz mövqeyini əsaslandırmaq üçün göstərib. Halbuki Avropa İttifaqı
Ukraynanın tammiqyaslı işğalından bəri Moskvaya qarşı artıq 17-ci
sanksiya paketini tətbiq edib və Britaniya ilə birlikdə Avropa
liderlərinin "kütləvi" adlandırdığı yeni cəza tədbirlərini nəzərdən
keçirir.
Tramp deyib ki, Rusiyaya yeni sanksiyalar
"bütöv
prosesi daha da pisləşdirə bilər, halbuki mən hələ də düşünürəm ki,
nələrsə etmək olar".
ABŞ-nin gələcəkdə Ukraynaya silah yardımını davam
etdirib-etdirməyəcəyi barədə sualı cavablandıran Tramp bunun sülhə
doğru irəliləyişdən asılı olacağını deyib.
"Baxacağıq. Məncə, Putin bunu (müharibəni bitirməyi)
hələ də istəyir", – o bildirib.
"Düşünürəm ki, Putin artıq yetərincə
görüb".
Lakin bir çox ekspertlər bu fikirlə razılaşmır. Onların fikrincə,
döyüş meydanında ciddi uğursuzluqlar və ya Rusiyada daxili
çalxalanmalar baş verməyincə, Putinin güzəştə getməsi mümkün
görünmür. Bu iki ssenarinin isə yaxın zamanda baş verəcəyi
gözlənilmir.
Hazırkı mərhələdə Rusiyanın sülhə dair memorandum vasitəsilə irəli
sürəcəyi şərtlər – əgər bu baş verərsə – həm Rusiyanın niyyəti, həm
də Qərbin qətiyyəti üçün sınaq olacaq.
Bu prosesin nə vaxt baş verəcəyi isə məlum deyil.
"Konkret müddət yoxdur və ola da bilməz",
– Kremlin sözçüsü Dmitri Peskov mayın 20-də bildirib.
"Hamı bunu mümkün qədər tez etmək istəyir, amma,
əlbəttə ki, şeytan detallardadır".
Ukrayna prezidenti Zelenskinin baş müşaviri Mixail Podolyak isə
mayın 21-də "RBC-Ukrayna"ya verdiyi müsahibədə Rusiyanın
tələblərinin dəyişməyəcəyini deyib.
"Onlar elə bir memorandum imzalayacaqlar ki, bu,
məntiqi baxımdan gözləniləcək olacaq", – o bildirib.
"Bu da müharibənin "səbəb"lərinin aradan qaldırılmasını
nəzərdə tutur – yəni, onların baxışına görə, Ukrayna dövlət olaraq
mövcudluğuna son qoymalıdır".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415