G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri
Kanadada keçirilən görüşdə razılığa gəliblər ki,
əgər Rusiya Ukraynadakı müharibəsində atəşkəs təşəbbüsünə müqavimət
göstərsə, ona qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.
Maliyyə rəhbərləri mayın 22-də keçirilən görüşün sonunda
yayımladıqları kommünikedə Rusiyanın "amansız" müharibəsini
pisləyiblər. Onlar bəyan edib ki, əgər atəşkəsə nail olmaq səyləri
uğursuz olsa, onlar sanksiyaların daha da gücləndirilməsi də daxil
bütün mümkün variantları nəzərdən keçirəcəklər.
Kommünikedə həmçinin qeyd olunub ki, G7 ölkələrinin
yurisdiksiyasında saxlanılan Rusiyanın suveren aktivləri Moskva
müharibəni dayandırana və Ukraynaya vurduğu ziyanın əvəzini ödəyənə
qədər dondurulmuş vəziyyətdə qalacaq.
Nazirlər Rusiya döyüş maşınını maliyyələşdirən və ya təchiz edən
hər hansı ölkənin və ya qurumun Ukraynanın yenidən qurulmasından
mənfəət əldə edə bilməməsini təmin etmək üçün birlikdə
çalışacaqlarına söz veriblər.
"Bu, çox ciddi bir bəyanatdır", –
Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan bildirib və bunu
kommünikenin əsas sütunlarından biri adlandırıb. Kommünikedə
Rusiyaya mühüm komponentlər təchiz etməkdə ittiham olunan Çin və
digər ölkələrin adı çəkilməyib.
Nazirlərin görüşü həm də iyunun ortalarında baş tutacaq G7
sammitinə hazırlıq xarakteri daşıyır. Ağ ev mayın 22-də təsdiqləyib
ki, ABŞ prezidenti Donald Tramp həmin sammitdə iştirak edəcək.
Ukraynanın maliyyə naziri Sergiy Marçenko da nazirlərin görüşündə
iştirak edib və G7 ölkələrini Rusiyaya təzyiqləri davam etdirməyə
çağırıb.
Müharibənin başa çatması üzrə diplomatik səylər sürətlənib. Ötən
həftə Rusiya və Ukrayna rəsmiləri son üç ildən artıq müddətdə ilk
dəfə üzbəüz danışıqlar aparıblar.
İki ölkənin tezliklə Vatikanda danışıqlar aparacağı barədə
mübahisəli xəbərlər var. Kreml mayın 22-də bildirib ki, Ukrayna ilə
yeni sülh danışıqları hələ razılaşdırılmayıb.
ABŞ prezidenti Donald Tramp mayın 19-da rusiyalı həmkarı Vladimir
Putinlə telefon danışığı aparıb və bu danışığın məqsədinin "qan
gölü"nə son qoymaq olduğunu bildirib. Lakin nə bu zəng, nə də
əvvəlki birbaşa danışıqlar Rusiyanın güzəştə getməsi ilə
nəticələnib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415