2024-cü ildə çirkli pulların yuyulması ilə bağlı işlər
çərçivəsində Gürcüstan Prokurorluğu tərəfindən
45 milyon lari dəyərində vəsait (bu, 2023-cü illə müqayisədə 11,4%
azdır), 502 daşınmaz əmlak (bu isə 117% artımdır) və 89 avtomobilin
(artım 2,3%) müsadirəsi və dondurulması əməliyyatları həyata
keçirilib. Bu məlumat Gürcüstan Prokurorluğunun 2024-cü il
fəaliyyət hesabatında yer alır.
Ötən il çirkli pulların yuyulması ilə bağlı 110 cinayət işi üzrə
istintaq başlanıb və 107 şəxs barəsində (99 fiziki və 8 hüquqi
şəxs) cinayət təqibi aparılıb.
Cinayət yolu ilə əldə olunan əmlakın müsadirəsi göstəricilərinə
gəlincə, bu kateqoriyada 27,2 milyon lari, 36 avtomobil və 33
daşınmaz əmlak qeyd olunur.
Qeyd edilməlidir ki, 2024-cü ilin əvvəlindən Gürcüstan Prokurorluğu
kriptovalyutanın izlənməsi və təhlili üçün xüsusi proqram əldə edib
ki, bu da istintaq prosesinə əhəmiyyətli dərəcədə kömək edir.