Salome Zurabişvili Zura Caparidzenin həbsi barədə: Bu istintaq komissiyası məhz bunun üçün yaradılmışdı

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili müxalifətçi "Qirçi – Daha çox azadlıq" partiyasının lideri Zura Caparidzenin həbsini “Gürcü Arzusu”nun acizliyinin göstəricisi kimi qiymətləndirir.


Onun sözlərinə görə, bu gün “Gürcü Arzusu”na hökm oxunub və dözümlülük tələb olunur.

“Bu məsələ hüquqla bağlı deyil, bu siyasi məsələdir və siyasi liderlərə qarşı birbaşa hücumların başlanmasının göstəricisidir. Bir tərəfdən, tamamilə əsassız olaraq həbsdə olan fəallarımız var, indi isə növbəti mərhələdə bu, siyasi liderlərə şamil olunur. Bu istintaq komissiyası da məhz bunun üçün yaradılıb...
Bu onların acizliyinin daha bir göstəricisidir. Artıq bilmirlər, repressiyaları hara qədər və hansı istiqamətdə aparsınlar. Belə vəziyyətə düşmüş və bu yollara əl atan hər bir rejim məhvə məhkumdur,”
– deyə Zurabişvili öz mətbuat xidməti tərəfindən yayımlanan videomüraciətində bildirib.

Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvangiradzeyə görə, siyasətçi Zura Caparidze məhkəmə zalında həbs olunub. Ona "Gürcü Arzusu"nun istintaq komissiyasına gəlmədiyinə görə Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Caparidze ona təyin olunan 20 000 lari girovu ödəmədiyi üçün prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib. Bu, yekun qərar deyil və iş üzrə məhkəmə iclasları davam edəcək.

“Gürcü Arzusu” partiyası 5 fevralda “Vahid Milli Hərəkat”ın hakimiyyəti dövrünü araşdırmaq üçün istintaq komissiyası yaratmışdı. Hökumət “Kollektiv Milli Hərəkat” anlayışı altında 2024-cü il parlament seçkilərində baryeri aşmış və hazırkı hakimiyyətin legitimliyini tanımayan əsas müxalifət partiyalarının qadağan edilməsini istəyir.

Komissiyaya ifadə verməyə gəlmədiklərinə görə aşağıdakı siyasətçilər barəsində cinayət işi açılıb və onlara girov təyin olunub:
• Nika Melia – 50 000 lari
• Mamuka Xazaradze və Badri Caparidze – hər birinə 50 000 lari
• Qivi Tarqamadze – 10 000 lari
• İrakli Okruaşvili – 20 000 lari
• Zura Caparidze – 20 000 lari
• Qiorqi Vaşadze – 50 000 lari
• Nika Qvaramia – 30 000 lari

İrakli Okruaşvili girovu ödəmədiyinə görə 14 mayda məhkəmə zalında həbs olunub. Nika Qvaramia və Nika Melia da bildiriblər ki, Caparidze və Okruaşvili kimi onlar da girovu ödəməyiblər.

 

Print Email
FaceBook Twitter Google