Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili müxalifətçi
"Qirçi – Daha çox azadlıq" partiyasının lideri Zura Caparidzenin
həbsini “Gürcü Arzusu”nun acizliyinin göstəricisi kimi
qiymətləndirir.
Onun sözlərinə görə, bu gün “Gürcü Arzusu”na hökm oxunub və
dözümlülük tələb olunur.
“Bu məsələ hüquqla bağlı deyil, bu siyasi məsələdir və
siyasi liderlərə qarşı birbaşa hücumların başlanmasının
göstəricisidir. Bir tərəfdən, tamamilə əsassız olaraq həbsdə olan
fəallarımız var, indi isə növbəti mərhələdə bu, siyasi liderlərə
şamil olunur. Bu istintaq komissiyası da məhz bunun üçün
yaradılıb...
Bu onların acizliyinin daha bir göstəricisidir. Artıq bilmirlər,
repressiyaları hara qədər və hansı istiqamətdə aparsınlar. Belə
vəziyyətə düşmüş və bu yollara əl atan hər bir rejim məhvə
məhkumdur,” – deyə Zurabişvili öz mətbuat xidməti
tərəfindən yayımlanan videomüraciətində bildirib.
Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvangiradzeyə görə,
siyasətçi Zura Caparidze məhkəmə zalında həbs olunub. Ona "Gürcü
Arzusu"nun istintaq komissiyasına gəlmədiyinə görə Gürcüstan
Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu
maddə cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə cəzası
nəzərdə tutur.
Caparidze ona təyin olunan 20 000 lari girovu ödəmədiyi üçün
prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsini
tələb edib. Bu, yekun qərar deyil və iş üzrə məhkəmə iclasları
davam edəcək.
“Gürcü Arzusu” partiyası 5 fevralda “Vahid Milli Hərəkat”ın
hakimiyyəti dövrünü araşdırmaq üçün istintaq komissiyası
yaratmışdı. Hökumət “Kollektiv Milli Hərəkat” anlayışı altında
2024-cü il parlament seçkilərində baryeri aşmış və hazırkı
hakimiyyətin legitimliyini tanımayan əsas müxalifət partiyalarının
qadağan edilməsini istəyir.
Komissiyaya ifadə verməyə gəlmədiklərinə görə aşağıdakı
siyasətçilər barəsində cinayət işi açılıb və onlara girov təyin
olunub:
• Nika Melia – 50 000 lari
• Mamuka Xazaradze və Badri Caparidze – hər birinə 50 000 lari
• Qivi Tarqamadze – 10 000 lari
• İrakli Okruaşvili – 20 000 lari
• Zura Caparidze – 20 000 lari
• Qiorqi Vaşadze – 50 000 lari
• Nika Qvaramia – 30 000 lari
İrakli Okruaşvili girovu ödəmədiyinə görə 14 mayda məhkəmə zalında
həbs olunub. Nika Qvaramia və Nika Melia da bildiriblər ki,
Caparidze və Okruaşvili kimi onlar da girovu ödəməyiblər.