Müxalifətçi lider (“Dəyişiklik Koalisiyası”) Nika Melia bildirib
ki, 29 mayda onun əleyhinə keçiriləcək məhkəmə iclasına – Tbilisi
Şəhər Məhkəməsinə getməyəcək.
O, bu barədə “TV Pirveli”nin efirində danışıb.
29 mayda məhkəmə, “Gürcü Arzusu” tərəfindən yaradılmış parlamentin
müvəqqəti istintaq komissiyasında Nika Melianın ifadə verməyə
gəlməməsi səbəbindən başlanan cinayət işinə baxacaq. Melia gözləyir
ki, həmin gün ona təyin olunmuş girovun həbs cəzası ilə əvəz
olunması məsələsi də müzakirəyə çıxarılacaq.
“Mən qərar verdim ki, ora getməyim. Niyə? – xalqın
şərəfi naminə. Mən bu gün gördüm ki, qadınlara, yaşlılara, gənclərə
necə davranılır – istəmirəm bu təkrarlansın. Əminəm ki, əgər Zura
[Caparidze] bunu əvvəlcədən bilsəydi, o da eyni qərarı
verərdi,” – deyə Nika Melia bildirib və əlavə edib
ki, iclasa onun vəkili qatılacaq:
“Həbsə hazırlaşmaq niyyətində deyiləm... Harada
olacağam, bilmirəm.”
Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvanqiradzenin qərarına
əsasən, siyasətçi Zura Caparidze məhkəmə zalında həbs olunub.
Nika Melia kimi, ona da “Gürcü Arzusu”nun istintaq komissiyasına
getmədiyi üçün ittiham irəli sürülüb – Gürcüstan Cinayət
Məcəlləsinin 349-cu maddəsinə əsasən, bu, cərimə və ya bir ilə
qədər həbs cəzası nəzərdə tutur.
“Gürcü Arzusu” partiyası 5 fevralda “Vahid Milli Hərəkat” hökuməti
dövrünü araşdırmaq üçün istintaq komissiyası yaratmışdı. Hökumət
“Kollektiv Milli Hərəkat”ın qadağan edilməsini istəyir. Bu anlayışa
o, 2024-cü ilin Parlament seçkilərində baryeri aşmış, hazırkı
hakimiyyətin legitimliyini tanımayan əsas müxalifət partiyalarını
daxil edir.
Komissiyaya ifadə verməyə gəlmədiklərinə görə aşağıdakı
siyasətçilər barəsində cinayət işi açılıb və onlara girov təyin
edilib:
• Nika Melia – 50,000 lari
• Mamuka Xazaradze və Badri Caparidze – hər birinə 50,000 lari
• Qivi Tarqamadze – 10,000 lari
• İrakli Okruaşvili – 20,000 lari
• Zura Caparidze – 20,000 lari
• Qiorqi Vaşadze – 50,000 lari
• Nika Qvaramia – 30,000 lari
İrakli Okruaşvili girov məbləğini ödəmədiyi üçün 14 mayda məhkəmə
zalında həbs olunub. Dünən, 22 mayda isə eyni səbəblə Zura
Caparidze həbs edilib. Girovu ödəmək niyyətində olmadıqlarını Nika
Qvaramia və Nika Melia da bildiriblər.