Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi
təsdiqləyib ki, ölkədə Belarus və Rusiya vətəndaşları tərəfindən
avtomobillərin üçüncü ölkələrə ixracı qadağan edilib.
Bu barədə məlumatı Rusiyanın rəsmi xəbər agentliyi TASS yayıb.
Bundan əvvəl Gürcüstan mediası məlumat yaymışdı ki, 15 may 2024-cü
ildən etibarən, Gürcüstan Belarus və Rusiya vətəndaşları üçün minik
avtomobillərinin və xüsusi texnikaların ölkədən çıxarılmasını tam
şəkildə qadağan edib.
Agentlik TASS-a bildirib:
"Gürcüstan ABŞ, Birləşmiş Krallıq və Avropa İttifaqının
Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara, xüsusən də 11-ci
sanksiya paketinə əməl edir. Bu paketə əsasən, Belarus və Rusiya
vətəndaşları üçün Gürcüstandan üçüncü ölkələrə avtomobil
re-eksportu qadağandır. Bu qayda artıq qüvvəyə
minib."
Agentlik əlavə edib ki, bu qadağa digər xarici ölkə vətəndaşlarına
aid edilmir.
Bundan əlavə, Xidmət Agentliyinin izahına görə, 2023-cü ildən
etibarən artıq qüvvədə olan qaydalara əsasən, Gürcüstandan birbaşa
olaraq Rusiya və ya Belarusa avtomobil və xüsusi texnikanın
re-eksportu qadağandır.