İran hücumunda 200-dən çox qırıcı iştirak edib – İsrail ordusu
İsrail Müdafiə Ordusunun (IDF) rəsmi nümayəndəsi, ehtiyatda olan general Effi Defrin bildirib ki, bu gün – 13 iyun səhər saatlarında həyata keçirilən İran əməliyyatında 200-dən çox hərbi təyyarə iştirak edib.

Rəsmi məlumata görə, İsrailin qırıcıları İran ərazisində 100-dən çox hərbi və nüvə obyektinə 330-dan artıq döyüş sursatı ilə zərbə endirib.

Defrinin sözlərinə görə, hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami və bir neçə yüksək rütbəli hərbçi öldürülüb.

İranın dövlət televiziyasının məlumatına əsasən, hava zərbələri nəticəsində Tehranda azı 50 nəfər yaralanıb, onların arasında 35 qadın və uşaq var. Yerli medianın xəbərinə görə, zərbələr Tehran və digər şəhərlərin yaşayış məhəllələrinə də endirilib.

İrana yaxınlığı ilə tanınan "Tasnim" agentliyinin bildirdiyinə görə, zərbələr nəticəsində nüvə proqramında çalışan 6 iranlı alim ölüb.

Bu gün səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, zərbələr İranın nüvə proqramının "ürəyi" olan Natanzdakı uranın zənginləşdirilməsi obyektinə, həmçinin nüvə bombası hazırlığında iştirak edən iranlı alimlərə və ballistik raket proqramı mərkəzinə endirilib.

Netanyahunun sözlərinə görə, əməliyyat İranın İsrailin mövcudluğuna yaratdığı təhlükəni aradan qaldırmaq üçün lazım olan qədər davam edəcək. Müdafiə naziri İsrael Katz bu əməliyyatı "profilaktik tədbir" adlandırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi təsdiqləyib ki, İsrailin hədəflərindən biri Natanzdakı zənginləşdirilmiş uran obyekti olub, lakin zərbələr Buşehr atom elektrik stansiyasına dəyməyib.

"The Times of İsrael"in xəbərinə görə, İsrail ordusu iddia edir ki, İran yaxın günlərdə 15 nüvə bombası hazırlaya biləcək qədər zənginləşdirilmiş urana malikdir və bu təhlükəyə qarşı tədbir görmək zəruri idi.

İranın mümkün cavab hücumu gözlənildiyi üçün İsraildə fövqəladə vəziyyət elan olunub.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi və ölkənin silahlı qüvvələrinin komandanlığı İsraili sərt cavabla hədələyib.

Bu səhər İsrail ordusunun nümayəndəsi Defrin bildirib ki, İran İsrail istiqamətində 100-dən çox pilotsuz uçuş aparatı göndərib və İsrailin hava hücumundan müdafiə sistemi tam gücü ilə aktivləşdirilib.

CNN-ə açıqlamasında İsrail ordusunun nümayəndəsi bildirib ki, İran dronları İsrail ərazisinə çatmamış məhv edilir.

İranın pilotsuz aparatlarla həyata keçirdiyi hücum nəticəsində İordaniyanın paytaxtı Ammanda hava həyəcanı elan olunub. Yerli medianın məlumatına görə, İordaniyanın hava hücumundan müdafiə sistemi ölkənin hava məkanına daxil olan bir neçə dronu zərərsizləşdirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google