“Dəyişikliklər naminə Koalisiyası”nın daha bir lideri – Nika
Qvaramiya barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.
Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Cvebe Naçkebia
çıxarıb.
Qvaramiya məhkəmə prosesində iştirak etməyib – onu vəkilləri təmsil
edirdi. Proses zamanı o, Rustavi həbsxanasına yollanıb.
Qvaramiya Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə – Gürcüstan
Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışına əməl
etməməkdə ittiham olunur. Prokurorluq bildirir ki, Qvaramiya “Gürcü
Arzusu”nun təkpartiyalı Parlamentində yaradılan və “Vahid Milli
Hərəkat”ın, həmçinin onun liderlərinin fəaliyyətini araşdıran
komissiyanın iclasına getməkdən imtina edib. Komissiyanın sədri isə
ədliyyə naziri olmuş Tea Tsulukianadır.
İstintaq komissiyasına qatılmadığı üçün Qvaramiyaya ilkin olaraq 30
min lari məbləğində girov təyin edilmişdi. O, qanunvericilikdə
nəzərdə tutulan müddət ərzində bu məbləği ödəmədiyindən,
prokurorluq həbs qətimkan tədbirinin tətbiqini tələb etdi və
məhkəmə bu vəsatəti təmin etdi.
Eyni maddə ilə artıq “Dəyişikliklər naminə Koalisiyası”nın iki
lideri – Zurab Caparidze və Nika Melia həbs olunub. Həmin ittihamla
saxlanılanlardan biri də İrakli Okruaşvilidir.