Dmanisi Bələdiyyəsi fiziki imkanları məhdud olan uşaqlar üçün Gün
Mərkəzi açıb və bu barədə yaydığı məlumatda yalnız bələdiyyənin
töhfəsindən danışır.
Məlumatda Avropa İttifaqının dəstəyi və tərəfdaşlığı haqqında heç
nə qeyd olunmayıb. Baxmayaraq ki, məhz bu dəstək sayəsində mərkəz
təmir olunub və avadanlıqla təmin edilib.
Dmanisidə 6-18 yaş arası fiziki imkanları məhdud olan uşaqlar üçün
Gün Mərkəzi xidmətini göstərən “Uşaq, Ailə, Cəmiyyət” qeyri-hökumət
təşkilatıdır. Bu təşkilat 2024-cü ildə Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən layihədə iştirak edib və mərkəzin açılması üçün
maliyyə alıb.
2022-ci ildən etibarən Kvemo Kartli bölgəsində “Post-COVID və bərpa
üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi həyata
keçirilir. Bu çərçivədə 2024-cü ildə sosial xidmətlərin və onlara
əlçatanlığın yaxşılaşdırılmasına yönəlmiş QHT-lər üçün qrant
müsabiqəsi elan olunub. CENN təşkilatının layihə meneceri Nino
Tevzadze bildirir ki, “Uşaq, Ailə, Cəmiyyət” bu müsabiqədə qalib
gəlib və maliyyələşmə əldə edib.
“‘Uşaq, Ailə, Cəmiyyət’ Dmanisi Bələdiyyəsində fiziki
imkanları məhdud olan şəxslərə xidmət göstərəcək Gün Mərkəzinin
yaradılmasına yönəlmiş çox maraqlı layihə təqdim etdi. Layihə
yalnız fiziki məkanın qurulmasını deyil, həm də idarəetmə
sisteminin qurulmasını, sənədlərin hazırlanmasını, əməkdaşların işə
götürülməsi və standartlara uyğun olaraq təlimini nəzərdə tuturdu.
Bundan əlavə, dövlət tərəfindən akkreditasiya almaq, kvota əldə
etmək və ictimai maarifləndirmə kampaniyası da layihənin bir
hissəsi idi.”
Tevzadzenin sözlərinə görə, Avropa İttifaqı Gün Mərkəzinin açılması
üçün 9 590 avro məbləğində qrant ayırıb. Dmanisi Bələdiyyəsi isə
təşkilata binanı təhvil verib və memorandum imzalayıb. O vurğulayır
ki, mərkəzin açılışı üçün bələdiyyə maliyyə xərcləri etməyib.
Dmanisi meri Koba Muradaşvili “Marneuli” radiosuna bildirib ki,
Avropa İttifaqı tərəfindən heç bir maliyyə yardımı göstərilməyib və
mərkəz yalnız bələdiyyə ilə Səhiyyə Nazirliyinin əməkdaşlığı
çərçivəsində açılıb. O, həmçinin xəbərdarlıq edib ki, şərhləri səhv
təqdim olunarsa, hüquqi prosesə başlayacaq. Müvafiq olaraq Koba
Muradaşvilinin müsahibəsini təqdim edirik.
“Biz hər şeyi sıfırdan başladıq – mən və sosial xidmət
şöbəm və sona qədər çatdırdıq. Hansı maliyyə dəstəyi? Haradadır o
dəstək? Kiminsə nəsə köçürdüyü mənə məlum
deyil.”
Merin sözlərinə görə, Avropa İttifaqı ilə heç bir əlaqə olmayıb və
onlar bələdiyyəyə qrant verməyib. O, ümumiyyətlə Avropa İttifaqının
bu layihədə iştirak etdiyini bilmədiyini deyir.
“Avropa İttifaqının bununla nə əlaqəsi var? Hər şey tam
olaraq bələdiyyənin maliyyələşməsi ilə baş verib. Üstəlik, Səhiyyə
Nazirliyindən 15 vauçer almışıq.”
QHT “Uşaq, Ailə, Cəmiyyət”-in təsisçisi Maya Bibilaşvili isə
bildirib ki, onlar mərkəzin açılması üçün Avropa İttifaqından
maliyyə yardımı alıblar. Bələdiyyə tərəfindən təhvil verilən bina
təmir edilib, avadanlıqla təchiz olunub və pandus quraşdırılıb.
Onun sözlərinə görə, bələdiyyə layihə və donor barədə tam məlumatlı
idi və hətta CENN-in layihəsində iştirak etməyi məhz meriya təklif
edib.
“(Dmanisi meriyasının) məlumatı yox idi nə deməkdir,
hətta birbaşa onların tövsiyəsi ilə bizə deyildi ki, CENN-in belə
bir müsabiqəsi var. Meriyanın özü də bir neçə layihəni CENN-in
dəstəyi ilə həyata keçirib. CENN bu xidməti Avropa İttifaqının
layihəsi çərçivəsində həyata keçirirdi. Məhz onların göstərişi ilə
biz onlarla əlaqə saxladıq və təmir xərclərinin ödənilməsi təklif
olundu.”
Qeyd edək ki, bu, Dmanisi meriyasının Avropa İttifaqının maliyyə
dəstəyini gizlətməsi ilə bağlı ilk hal deyil. Bələdiyyə “Ən yaxşı
təcrübə” proqramı üzrə iki mükafat alıb və bu barədə öz “Facebook”
səhifəsində məlumat paylaşıb. Amma həmin məlumatda da Aİ-nin
dəstəyi və vətəndaş cəmiyyətinin rolu qeyd olunmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415