Tramp İsraili və İranı sülh sazişi bağlamağa çağırıb
ABŞ prezidenti Donald Tramp İsraillə İranı sülh sazişi bağlamağa çağırıb.

“İran və İsrail saziş bağlamalıdırlar. Hindistanla Pakistanı saziş bağlamağa məcbur etdiyim kimi, onlar da bağlayacaqlar...”, – Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Tramp yada salıb ki, birinci prezidentlik müddətində Serbiya və Kosovo arasında münaqişənin dayanmasına səbəb olub, eləcə də Misirlə Efiopiya arasında dinc yolla tənzimləməyə töhfəsini verib.

Prezident daha öncə ABC News-a müsahibəsində deyib ki, Vaşinqton İsrail-İran münaqişəsinə müdaxilə edə bilər. Amma onu da vurğulayıb ki, hazırda ABŞ bu münaqişədə iştirak etmir.

"Biz bunda iştirak etmirik. Amma iştirakımız mümkündür", - o deyib.

Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarında vasitəçiliyini istisna etməyib. “O hazırdır. Mənə bununla bağlı zəng etmişdi. Biz bunu uzun-uzadı müzakirə etdik”, – Tramp bildirib.

İranın xarici işlər naziri Abbas Ərağçi isə deyib ki, Tehran nüvə silahından imtinaya təminat verən saziş bağlamağa hazırdır.

“Biz İranın nüvə silahı olmayacağına təminat verəcək istənilən sazişə hazırıq. Bizim də prinsipimiz odur ki, nüvə silahı qadağandır. Amma əgər məqsəd İranın nüvə hüquqlarını almaqdırsa, təbii ki, belə bir sazişə hazır deyilik”, – Ərağçi iyunun 15-də xarici səfirlərlə görüşdə deyib.

İran iyunun 15-də ABŞ ilə nüvə danışıqlarının növbəti raundunda iştirakdan imtina edib. Ərağçinin sözlərinə görə, İran razılaşmaya gətirəcək plan təqdim etməyi planlaşdırdığı bir vaxtda ABŞ qəbuledilməz şərtlər irəli sürüb.

Yəməndəki husilər də İranla koordinasiyalı hərəkət edərək İsrailə raket atdıqlarını bildiriblər.

İrana bağlı bu qrup birinci dəfədir Tehranla birgə hücumlarda iştirakını açıqlayır.

İsrail iyunun 13-də İran ərazisinə zərbələr endirməyə başlayıb, nüvə, hərbi, enerji obyektlərinə hücum edib. İran isə cavabında İsrailə raket və dron zərbələri endirib. İranda yüksək vəzifəli hərbçilər daxil olmaqla 140-dək adam həlak olub. İsraildə isə İranın zərbələrindən 15 nəfər ölüb.

Sadə vətəndaşlar qorxu və əzab hisslərini təsvir edir
Raketlərin yaşayış ərazilərinə düşməsi nəticəsində ölüm hallarının, dağıntıların və panikanın baş verdiyi bir vaxtda, həm İsraildə, həm də İranda sadə insanlar qorxu və narahatlıq keçirirlər.

Adını açıqlamayan Tehran sakini iyunun 15-də AzadlıqRadiosunun "Fərda" xidmətinə bildirib ki, gecə saat 03:00 radələrində o və ailəsi evlərini "yerdən silkələyən" çox güclü partlayış səsinə oyanıblar.

"Partlayışlar bir-birinin ardınca davam edirdi. Bina titrəyirdi. Bu bizdə böyük bir qorxu yaratdı", - qadın bildirib.

"Normal gündəlik həyatımız faktiki olaraq pozulub. Gecələr yata bilmirik. Sakit qalmağa çalışırıq, amma bu, həqiqətən? çox çətindir", - o əlavə edib.

Tehranda yaşayan başqa bir qadın isə bildirib ki, onun azyaşlı qohumu dayanmadan ağlayır, "məndən soruşur ki, biz sağ qalacağıqmı?".

Yaşlı bir Tehran sakini isə "Radio Fərda"ya deyib ki, bu hücumlar ona 1980-ci illərdə İran-İraq müharibəsi zamanı şahidi olduğu ağır bombardımanları xatırladır.

"Bu, çox dəhşətlidir... Hər şey yenidən gözümün önünə gəlir və mən çox stress keçirirəm", - qadın bildirib.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
Tags: Tramp
FaceBook Twitter Google